EN

Məşhur alverçinin tələbə oğlu Azərbaycanda milli respublika qurmaq istəyirmiş... - FOTO

Məşhur alverçinin tələbə oğlu Azərbaycanda milli respublika qurmaq istəyirmiş... - FOTO
 
“Əksər istintaqlarda olduğu kimi, geri qaytarıldıqdan sonra ona da “əməlli-başlı” necə cavab verməyi öyrədirlər. Sovet cəza  idarəsində necə danışmağın öyrədilməsi metodu isə hər kəsə məlumdur...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.

Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və  BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 

“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              


(Əvvəli burada:)

“Neft Kimya İnstitutu. Tələbə: Aydın Vahidov .

 
“İldırım” təşkilatının üzvlərindən biri də Vahidov Aydın Məcid oğlu olmuşdur. 
 
Əslən Şamaxı rayonundan olan, ancaq köçüb Ağdaş rayonunun Ucquzaq kəndində yaşayan ailənin övladı, Neft-Kimya İnstitutunun tələbəsi A.Vahidov 6 noyabr 1948-ci ildə həbs olunub.
 
Həbs olunarkən Bakı şəhəri, Yuxarı Dağlıq küçəsi, ev 15-də yaşayan A.Vahidovun anket məlumatında yazılıb: 
 
“Atası - Vahidov Məcid, 1888; anası -Vahidova Q.Ə.qızı, 1892; həyat yoldaşı, Vahidova Şərəbanu Canmirzə qızı, 1923,  Mikrobiologiya institutunda həkim; qızı Vahidova Nazilə Aydın qızı, 3 ay; qardaşları: 1. Vahidov Vahid Məcid oğlu, 40 yaş; 2.Vahidov Cəmil Məcid oğlu, 37 yaş, 3. Vahidov Rəhim Məcid oğlu, 35 yaş; 4. Vahidov Midhət Məcid oğlu; Bacıları: 1. Vahidova Gülsüm Məcid qızı, 39 yaş; 2. Vahidova Sona Məcid qızı 26 yaş”.
 
Aydın həbs olunduqdan sonra müstəntiq onun atasının fəaliyyəti və məşğuliyyəti haqqında Ağdaş rayon icraiyyə komitəsindən arayış almışdır.                
 
Orada göstərilir ki, “Ağdaş rayonu Ucquzaq kənd sakini olan Məcid Vahidov məşhur alverçi olmuşdur. Onun Ağdaşda xüsusi manufaktura dükanı və motor ilə işləyən dəyirmanı olmuşdur. Qardaşları ilə birlikdə ortaq işlətmişdilər. Sovetləşmədən sonra Bakıya köçüb orada yaşamışdılar. Onun evləri və dəyirmanı Sovet hökuməti tərəfindən müsadirə edilib, kommunal təsərrüfatı şöbəsinin istifadəsinə verilmişdir”.
 
6 noyabr 1948-ci ildə saat 19:30- 22:00 arasında ilk istintaq baş verib.   
 
Bütün ilk istintaqlarda olduğu kimi, bu cinayət işində də əvvəlcə tərcümeyi-hal söylənir, sonra isə onun antisovet millətçi təşkilatdakı fəaliyyətinə görə həbs edildiyi bildirilir və bu səbəbdən işin mahiyyətindən danışılması tələb olunur.
 
A.Vahidov da digərləri kimi əvvəlcə bu ittihamı rədd edib və bununla da ilk istintaq başa çatıb.
 
Əksər istintaqlarda olduğu kimi, geri qaytarıldıqdan sonra ona da “əməlli-başlı” necə cavab verməyi öyrədirlər. Sovet cəza  idarəsində necə danışmağın öyrədilməsi metodu isə hər kəsə məlumdur.
 
8 noyabr 1948-ci ildə olan ikinci istintaqda müstəntiq ondan yaxın əlaqədə olduğu adamları soruşub.
 
O da bu cinayət işində bəziləri kimi elə ikinci istintaqda bildiyi hər şeyi danışmağa başlayıb.  A.Vahidov təşkilatdan tanıdığı adamların adları ilə yanaşı yeni bir adamın da adını çəkib. Bu, BDU-nun tələbəsi Əliyev Mürsəl Heydər oğlu olmuşdu.    
 
Verilən suala cavab olaraq o, təşkilata Əliyev Kamal Əlibaxış oğlu tərəfindən cəlb edildiyini söyləyib. 
 
16 noyabr 1948-ci ildə keçirilən üçüncü istintaqda müstəntiq yenidən təşkilata ilk dəfə kim tərəfindən, hansı şəraitdə cəlb olunduğunu, kimin evində keçirilən iclasda təşkilatın digər üzvləri ilə tanış olduğunu, orada kimlərin iştirak etdiyini soruşur. Təqsirləndirilən hər bir suala ətraflı cavab verib. 
 
17 noyabr 1948-ci ildəki istintaqda müstəntiq ondan təşkilata daxil olarkən “And” içib-içmədiyini, onun hansı iclasda qəbul edildiyini, məzmununu, iclasa kimin sədrlik etdiyini soruşur. 
A.Vahidov “And”ın onun qohumunun evində 1943-cü ilin sonu, yaxud 1944-cü ilin əvvəllərində qəbul edildiyini söyləyir.
 
Bu istintaqda digər suallar təşkilatın sədrinin, katibinin kim olması, iclasın protokollarının kim tərəfindən yazılması, harada saxlanılması ilə bağlı olub.
 
Fərqli cavab protokollarla bağlı olub. Belə ki, digər təqsirləndirilənlər protokolların yazılmadığını bildirdiyi halda, o bunun əksini söyləyib. 
 
“... Antisovet millətçi gənclər təşkilatı tərəfindən protokolları yazmaq mənə həvalə edilmişdi. Mən də bir və ya iki dəfə bunu etdim. Sual: Bunu harada saxlayırsan? Cavab: Onu yandırmaq yolu ilə məhv etdim. Sual: Bu protokollarda nə yazmışdınız?  Cavab: Antisovet təşkilatın ayrı-ayrı üzvlərinin çıxışları qeyd edilmişdi. Sual: Bu çıxışlar haqqında danışın. Cavab: Yadımda qaldığına görə İsmixan Rəhimov bildirdi: Təşkilatın gələcək fəaliyyətinin konsepsiyası üçün təşkilat üzvlərinin yazışmalarından ötrü xüsusi əlifba işləməliyik. Onun təklifi bəyənildi. Bundan sonra İ.Rəhimov və G.Abdullayev bu işlə məşğul oldu. Ancaq başa çatdıra bilmədilər”.
 
Bu cavablardan sonra müstəntiq A.Vahidova qarşı Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə cinayət işinin başlanması haqqında qərar qəbul edir.  
 
17 noyabr 1948-ci ildə keçirilən istintaqda müstəntiq A.Vahidova qarşı qaldırılan cinayət işinin maddələri və onun mahiyyəti barədə məlumat verib “özünü bu maddələrlə təqsirli bilirsənmi?”  deyə soruşduqda “bəli” cavabını alıb. 
 
29 dekabr 1948-ci ildə keçirilən altıncı istintaqda müstəntiq A.Vahidovdan tərcümeyi-halını yazarkən sosial mənşəyini nədən düz yazmadığını soruşub. O cavabında bildirir ki, 1925-ci ildən atasını qulluqçu kimi görüb. Əvvəllər atasının manufakturasının, dəyirmanının olmasını, ticarətlə məşğul olmasını ona heç kim deməyib. Ona görə də belə yazıb.
 
Maraqlıdır ki, istintaq iki saat,22:00-dan 24:00-a qədər davam etsə də, protokolda cəmisi bir sual və bir cavab var ki, bu da inandırıcı deyil. Bu müddət ərzində nələrin baş verdiyini və ya tam olaraq nələrdən söhbət getdiyini dəqiq söyləmək mümkün deyil...
 
19 yanvar 1949-cu ildə olan istintaqda müstəntiq ondan iclasların birində Musa Abdullayevin Vahid Qaraqoyunlunu təşkilata cəlb etmək üçün hazırladığını söyləməsi haqqında bildiklərini soruşub.  O,  “eşitməmişəm” deyə cavab verib.
 
“... Düz danışmırsan. 1944-cü ildə Musa Abdullayev Vahid Qaraqoynlu ilə “Nizami” bağında görüş keçirmisdir. Təşkilatın digər üzvləri, o cümlədən sən bunu kənardan müşahidə etmisən. Bunu niyə gizlədirsən? Cavab: Onu tanımıram, görməmişəm. Təşkilatın digər üzvlərinin bunu müşahidə etməsini eşitməmişəm. Belə bir hadisənin baş verməsini bilməmişəm. Sual: İclasların birində G.Abdullayev məlumat verib ki, antisover millətçi “İldırım” təşkilatının üzvlərindən biri, Rzayev Kamil Sovet ordusu sıralarındadır. O, Rzayevlə məktub vasitəsilə əlaqə saxlayır. Bu haqda nə deyə bilərsən? Cavab: Mən belə bir məlumatı xatırlamıram. Şəxsən mənə G.Abdullayev o haqda heç bir məlumat verməyib. Sual: Əliyev Kamal və Rzayev Kamillə harada tanış olmusan? Cavab: K.Rzayevi tanımıram. K.Əliyev məni K.Rzayev adlı adamla tanış etməyib”.
Bu istintaqdan sonra müstəntiq A.Vahidovun cinayət işinə yeni maddə əlavə edilməsi haqqında qərar qəbul edir.
 
“İstintaq təqsirləndirilənlərin cinayət işini araşdıraraq müəyyən etdi: o özünün antisovet əhval-ruhiyyəsi ilə antisovet millətçi gənclər təşkilatına cəlb edilmişdir. 
    
Qarşılarına Azərbaycanı SSRİ-dən ayırmaq, müstəqil, azad, milli Azərbaycan Respublikası yaratmağı məqsəd qoyan antisovet millətçi gənclər təşkilatının üzvü olmuşdur. Orada antisovet fəaliyyət göstərmişdir.
 
Bu səbəbdən ona əvvəllər elan edilmiş Azərb. SSR cm-nin 72-c maddəsinin 2-ci hissəsi və 73-cü maddələrinə 21-64-cü maddəsi də əlavə edilsin. Qərarın surəti Azərb. SSR Prokuroruna göndərilsin”.
 
7 fevral 1949-cu ildə keçirilən səkkizinci,  sonuncu istintaqda müstəntiq A.Vahidovu bu qərar və verilən maddələrin məzmunu ilə tanış edib, ondan bu maddələrlə “özünü günahkar hesab edirsənmi?” deyə soruşduqda “bəli” cavabını alır.
 
Beləliklə, Vahidov Aydın Məcid oğlunun dörd aya yaxın çəkən istintaq işi başa çatıb”.
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Chosen
1658
2
moderator.az

3Sources