EN

"Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib" - MM sədri

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.   Manset.az xəbər verir ki, sədr Sahibə Qafarova sabah keçiriləcək beynəlxalq parlament konfransının əhəmiyyətinə toxunub. O deyib ki, eyni zamanda, bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək. Spiker Sahibə Qafarova dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının ölkələrimiz və xalqlarımız arasında qardaşlığın ifadəsi olduğunu söyləyib. Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə-müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Xüsusilə vurğulanıb ki, iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti də yaradır. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir. Bu çərçivədə ölkələrimizin təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti diqqətə çatdırılıb. Fuat Oktay Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb. Söhbət zamanı TBMM-in komitə sədri Fuat Oktay Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməni tənqid edərək, deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Chosen
32
50
manset.az

10Sources