EN

ATAMIN ƏLCƏKLƏRİ... - Zabil PƏRVİZİN şeirləri

ATAMIN ƏLCƏKLƏRİ

Bizim bağ, bizim həyət,
                   evimiz, eyvanımız...
Bu da qapısı bağlı
                   təsərrüfat damımız.
Açıb keçdim içəri, 
                   burda nələr var, nələr,
Köhnə gürz, köhnə külüng...
                   və köhnə xatirələr...
Balta, mişar, nə varsa 
                   atamın yadigarı,
Zəhmətlə keçən ömrün
                   bu imiş etibarı... 
Köhnə çəkic qaralıb,
                   kəlbətini pas tutub,
Bu açar da, kilid də
                   sahibinə yas tutub...
Nə görürəm, ilahi,
                   toz-torpağın içində,
Lingin, belin dibində,
                   divarın bir küncündə
Atılıbdır atamın
                   köhnə iş əlcəkləri,
Böyrü-başı sökülmüş,
                   didilmiş əlcəkləri.
Vaxt var idi onlara
                   iş üstündə baxardım,
Atam yer şumlayardı.
                  mən də çayır yığardım. 
Bu zindanın üstündə
                  atam dəmir döyərdi,
Mən daşı gətirərdim,
                  dəryaz itiləyərdi.
Əlcəklər tək deyildi, 
                  bir neçə cütdü ancaq,
Birində torpaq ətri,
                  o birində ot-ocaq,
Atam bir az əsəbi,
                  iş görəndə tələskən,
Atamın zəhmi yağır
                 yenə əlcəklərindən.
Odun yaran, gürz vuran,
                 daş daşıyan bir insan
Heyf ki, qocalmadı
                 tez əl çəkdi dünyadan.
Üstündən illər keçib,
                 unutmuşam haçandı,
Uzaqlarda qalıbdı
                 ayrılığın kədəri.
Təəssüflə baxıram,
           atamdan çox yaşadı
                       atamın əlcəkləri...
Heyf, məndən onlara 
                 sahib çıxan olmadı,
Yer şumlayan olmadı,
                 çayır yığan olmadı.
Dayanmışam, baxıram
                 bir az dalğın, pərişan, -
Atamın əlcəkləri
            atam kimi tərs imiş,
                    yapışıblar yaxamdan...


DƏNİZƏ ÇATMAYAN ÇAYLAR

Zirvələrdən gəlirdiniz,
Dənizə çatmayan çaylar.
Qanadlıydı hər ləpəniz,
Dənizə çatmayan çaylar.

Dağdan keçib, daşdan keçib,
Səhralarda başdan keçib,
Qovruldunuz için-için,
Dənizə çatmayan çaylar.

Yuxunuzda bir ağ gəmi,
Gecələr çilçıraq gəmi... 
Dil çıxartdız ilan kimi,
Dənizə çatmayan çaylar.

Uddu sizi boz vadilər, 
Qudurmuş quduz vadilər,
Vadilər, susuz vadilər,
Dənizə çatmayan çaylar.

Siz mənim dumduru nəğməm,
Alayanıq, quru nəğməm...
Nə çəkdiniz, mən bilirəm,
Dənizə çatmayan çaylar.

Harda qaldı o göy dəniz,
Doğma dəniz, ögey dəniz...
Bu da bizim taleyimiz,
Dənizə çatmayan çaylar.

Bu taleyin acığına
Ya yaxşı, ya pis olarıq, -
Əlinizi verin mənə,
Vallahı, dəniz olarıq,
Dənizə çatmayan çaylar!..


YOLLAR

Sən açaq deyirsən bağlı yolları,
Açaq açılmayan qapıları biz.
Aranlı yolların, dağlı yolların
Qırsın sükutunu şərqilərimiz.

Arzular sel kimi keçir qəlbindən,
Keçir ikiləşən, ayrılan yollar.
Yolçusu qeyb olan, gözü yol çəkən,
Araz sahilində qırılan yollar.

Gözündə, könlündə sevda yolları,
Dənizə aparan məcra yolları.
Fəqət unutmusan yolun üstdədir
Fəlakət yolları, qovğa yolları.

Ölümdən, hədədən, qorxudan uzaq
“Barışıq” yolları, “sevgi” yolları.
Hər cür məhkəmədən, sorğudan uzaq
“Dahi” bir cahilin zövqü, yolları...

Sahili sıldırım məhəbbət yolu,
Sökülüb-tökülmüş həqiqət yolu...
Babək ölüb getmiş...
Ancaq hardasa
Yaşayır Babəkə xəyanət yolu.

Çoxdan bağlansa da, yığışılsa da
Uzaq Məkkə yolu, Kərbəla yolu,
Ancaq min ildir ki, açıq qalıbdır
Ərəb atlarının dırnaqlarında
Bu torpağa gələn hər bəla yolu.

Daha əsər yoxdur qaçaq-quldurdan,
Nə Ərəb Reyhanı, nə Həsəni var.
Bugünkü yolların riya adlanan,
Satqınlıq adlanan yolkəsəni var.

Uddu Koroğlunu dövran bir təhər,
Məzarı bu yurdun qucağındadır.
Əsrlər keçibdir...
 Bu gün də hələ
Çənlibel yolunda yeni Həmzələr
Yeni Qıratların sorağındadır.

Sən bağlı yolları açaq deyirsən,
Sözüm yox.

Amma gəl fikirləş bir an:
Bilmirəm yan keçə biləcəkmisən
Rüşvət yolundakı gömrükxanadan?!

Sən bağlı yolları açaq deyirsən,
Tutubdur gözünü yerüstü yollar.
Tufandan qorxulu, seldən qorxulu
Hələ saman altdan su yolları var.

Açıqdır dar gündə mərdi çaşdıran
Dəvəni “görməyən” yalan yolları.
İnsanı axırda ilanlaşdıran
Mənsəbin, şöhrətin ilan yolları.

Bu gündür gələcək günlərə təməl,
Bugünkü yollarda ayıq ol, ayıq.
Unutma:
            Bir yolu açmazdan əvvəl
Nə qədər yolları bağlamalıyıq!


MÜKAFAT

Bizə heç nə vermədilər,
Biz də bu gündən qoparaq.
Vaxtımız qalıb bir qədər,
Düşünək kimdən qoparaq.

Yol kəsənin yolu kəsə,
Ögey kimi baxdı bizə,
Düyün düşüb bəxtimizə,
Bəxti düyündən qoparaq.

Əyrilərə düz deyənlər
Deyə bilməz biz deyəndən,-
Ləpəni ləpədöyəndən,
Küləyi tindən qoparaq.

Kor quyudur bu düşərgə,
Qanadlanaq pərdə-pərdə,
Ulduzları mələklərdən,
Gecəni cindən qoparaq.

Biz qanadlı doğulmuşuq,
Yarı insan, yarı işıq,
Vuruşumuz şir vuruşu,-
Şiri bürcündən qoparaq.

Bəsimizdir bu ərməğan,
Başlanır gün, sökülür dan,
Tutub qızıl saçağından
Günəşi gündən qoparaq.

Ömür uzun, ömür qısa,-
Yoxdur bizə yaxın, uzaq.
Ölümsüz nəğmələr yazaq,
Ömrü ölümdən qoparaq.

Çoxlarının fəxri adı
Arxivlərdə yuxudadır...
Əsl, ölməz mükafatı,
Ey könül, səndən qoparaq!


BAKI-TƏBRİZ TƏYYARƏSİ

Xəyaldımı, nurdumu bu,
Sehrdimi, sirdimi bu,
Yuxumuza girdimi bu,-
Bakı-Təbriz təyyarəsi!

Ayrılığın sonu varmış,
Gün gəlib o gün olarmış,
Bu yuxu da çin olarmış,-
Bakı-Təbriz təyyarəsi!

Nələr çəkdik, görün nələr,
Hardasınız, fədailər?
Açılır siz deyən səhər –
Bakı-Təbriz təyyarəsi!

Uzun çəkdi gecə, uzun,
Üzü gülsün ruhunuzun.
Qalxın, deyin: “Uğur olsun,
Bakı-Təbriz təyyarəsi!”

Alqış böyük Süleymana,
Baxdı zamandan zamana
Uçur limandan-limana
Bakı-Təbriz təyyarəsi!

Mirzə dedi: “Gələcək gün!”
Heykəl yapaq biz onunçün.
Küskün ruhunu güldürsün
Bakı-Təbriz təyyarəsi!

Rəsul Rza, böyük ustad,
Dərd dağ oldu, sən də Fərhad.
Dur təzə bir dastan yarat:
“Bakı-Təbriz təyyarəsi!”

Xəbər verin Şəhriyara,
Xəbər verin Bəxtiyara,
Baş aldı üzü bahara
Bakı-Təbriz təyyarəsi!

Əli Tudə, Azəroğlu,
Qismətiniz kədər oldu.
Gülgünün də günü doğdu,-
Bakı-Təbriz təyyarəsi!

Məmməd Araz, Xəlil Rza,
Alışdınız yaza-yaza.
Baxın uçan arzunuza,-
Bakı-Təbriz təyyarəsi!

Gözün aydın, Söhrab Tahir,
Zaman deyir kimdir dahi.
Yarıb keçdi zülmətgahı
Bakı-Təbriz təyyarəsi!
Sökülür həsrətin bağrı,
Səma aydın, yolun doğru.
Şığı Böyük Günə doğru,
Bakı-Təbriz təyyarəsi!


 

Chosen
53
adalet.az

1Sources