EN

Tramp Zelenskini razı salır: Müharibə bu şərtlərlə başa çatır

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb ki, Rusiyanın Ukraynadakı ağır itkiləri onun Suriyaya marağını itirməsinə yol açıb. Siyasətçinin fikrincə, Suriya Prezidenti Bəşər Əsəd ölkədən qaçıb. Trampa görə, əvvəllər Əsədi dəstəkləyən Rusiya onun müdafiəsinə marağını itirib: “Vladimir Putin tərəfindən idarə olunan Rusiya artıq Əsədi müdafiə etməkdə maraqlı deyil. Onların əvvəldən Suriyada olmağa heç bir səbəbi yox idi. İndi onlar Ukraynada müharibə səbəbindən maraqlarını tamamilə itiriblər, burada təxminən 600 min Rusiya əsgəri yaralanıb və ya həlak olub”.
Tramp həmçinin qeyd edib ki, Rusiya və İran zəifləmiş vəziyyətdədir. Onun sözlərinə görə, Rusiya Ukraynada müharibə səbəbindən, İran isə İsrailin döyüş əməliyyatlarındakı uğurları səbəbindən zəifləyib. Tramp iddia edir ki, 400 min əsgərini itirmiş Ukrayna danışıqlara hazırdır və münaqişənin dayandırılmasına can atır. Tramp dərhal atəşkəs və danışıqların başlanmasına çağırıb:
“Həddindən artıq çox həyat əbəs yerə itirilib, həddindən artıq çox ailə dağılıb. Əgər bu davam edərsə, nəticələr daha pis ola bilər”.
“Vladimiri yaxşı tanıyıram. İndi hərəkət zamanıdır. Çin də kömək edə bilər. Dünya gözləyir!”, – o vurğulayıb.
Trampın fikirlərində diqqət çəkən bir neçə məqam var. Birincisi, görünən o oldu ki, Rusiya Suriyakı proseslərə, doğrudan da, ciddi müdaxilə etmədi. Çünki başa düşürdü ki, indi Suriyada qalmağa ehtiyac yoxdur. Putin Suriyadakı qoşunların perspektivdə Ukrayna cəbhəsinə cəlb edilməsini əvvəlcədən hesablayıb. Çox güman, Suriyadakı rus qoşunları, həqiqətən, Ukraynaya göndəriləcək. 
İkinci məqam Rusiya və İranın zəifləməsinə dairdir. Bu da doğrudur. ABŞ-dakı Cozef Bayden administrasiyası həm Rusiyanı, həm də İranı bataqlığa çəkib. Artıq bu dövlətlərdən heç biri Vaşinqtonla rəqib ola biləcək gücdə deyil. 
Ukraynadakı münaqişənin dayandırılması məsələsinə gəldiksə isə bildirməliyik ki, artq hər iki tərəf yorulub. ABŞ-dəki seçkilərdə Trampın qalib gəlməsi,  əlbəttə, müharibənin gedişinə təsir edəcək. Tramp andiçməsindən sonra, çox güman, Ukraynaya dəstəyi azaldacaq. Bu isə perspektivdə Kiyevin Moskva ilə danışıqlara məcbur edilməsi deməkdir. 
Trampın “Ukrayna danışıqlara hazırdır və münaqişənin dayandırılmasına can atır” cümləsi belə düşünməyə əsas verir ki, çox güman, Kiyevlə Vaşinqton arasında müəyyən razılıq əldə olunub. Ola bilsin, Tramp artıq Ukrayna prezidenti Volodimir Zelenskini danışıqlara razı salmağa bacarıb. 
Doğrudur ki, danışıqlar yaxın zamanda başlamayacaq. Bir müddət əvvəl ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi də elə savaşın uzanmasına və Trampın işini çətinləşdirməyə hesablanmışdı. 
Bununla belə, Trampın andiçməsindən sonra danışıqların başlanması və müharibənin 2025-ci ildə bitməsi mümkündür. Çox güman, təxminən 2022-ci il sərhədləri bərpa olunacaq. Zelensi buna razı olmaya bilər. Amma Trampın ehtimal olunan təhdidləri fonundan güzəştə getməli olacaq. 

Kənan Novruzov
Chosen
24
44
sherg.az

10Sources