EN

Gürcüstandakı ETİRAZLAR BÖYÜYÜR: “Xaricdən idarə olunan ssenaridir”

“Gürcüstandakı hadisələr xalqın iradəsinə əsaslanan etiraz aksiyalarından daha çox xaricdən idarə olunan ssenarinin aydın təzahürləridir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Avropa Gürcüstandakı dayaqlarını itirməmək üçün bütün mümkün yollardan istifadə edəcək:

“Hətta 26 oktyabr tarixində keçirilən seçkilərdən öncə nəticələrin hakim “Gürcü arzusu” partiyasının xeyrinə olması ehtimallarının mütləq şəkildə etirazlarla müşayiət ediləcəyi mesajları da verilmişdi. Görünən odur ki, Avropa Gürcüstandakı dayaqlarını itirməmək üçün bütün mümkün yollardan istifadə etməkdə qərarlıdır. Təbii ki, belə olan halda bütün istiqamətlərdə hökumətə təzyiq vasitələrindən istifadə edilməsi cəhdləri davam edir. Amma Qərbin Gürcüstanda asanlıqla hakimiyyət dəyişikliyinə nail ola biləcəyini düşünmürəm”.

Politoloq əlavə edib ki, burada müxalifətin əsas hədəfi 14 dekabr tarixində keçiriləcək prezident seçkilərində hakim partiyanın qələbə qazanmasına mane olmaqdır:

“Çünki bu seçkidə də “Gürcü arzusu” partiyasının namizədi qalib gələrsə, bu, proseslərin Qərbin Cənubi Qafqazdakı hədəflərinə ciddi zərbə vuracaq şəkildə cərəyan edəcəyini istisna etmir. Deməli, ona görə də Fransanın dirijorluğu ilə Qərb tərəfindən Gürcüstan cəmiyyətində təmsil olunan bütün təbəqələrdən olan nümayəndələrə təsir mexanizmləri işə salınıb. Hətta bəzi gürcü diplomatların, hətta səfirlərin istefasının da siyasi hakimiyyətə qarşı açıq təxribat olması ehtimalı kifayət qədər yüksəkdir. Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə, bu dəfə Qərbin “Gürcüstan ssenarisi”nin uğurlu olmayacağı ehtimalı daha real görünür. Ən azından 26 oktyabr 2024-cü il tarixində keçirilən son parlament seçkilərində gürcü xalqının emosionallıqdan uzaqlaşaraq praqmatik qərar verməsi faktı bu ehtimalı açıq şəkildə ifadə etməyə imkan verir”.

Mayıl Soltanov

Chosen
24
yenicag.az

1Sources