EN

Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur



Tarixi şəxsiyyətləri zaman yetişdirdiyi kimi, dahilərin əməlləri ilə yazdıqları tarix zamanın səhifələrində əbədi qalır. Liderlərin «müəllifləri olduqları tarixə» müasirləri qiymət verir, sınaqdan çıxmış təcrübələri sonrakı nəsillərin həyatında davam edir. Fövqəlbəşər istedadları ilə dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edən bu cür fenomenlər qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirir, qiymətləndirir, qeyri -adi istedadları, zəkaları ilə öz xalqlarını irəliyə aparır, milyonların qəlbində əbədi yaşayırlar. Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dünyagörüşünə, hadisələri təhliletmə bacarığına həsəd aparılan müdrik siyasətçi Heydər Əliyevin adının dahilər arasında ilk sıralarda çəkilməsi bu böyük insanın taleyinə yazılmış əbədi yaşam qismətidir.
 Ulu Öndərin liderlik bacarığını ifadə edən « Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında –nə qədər çox istedadlı olsalar da ,- bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi və və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev , şübhəsiz bu böyük insanların sırasına daxildir» kimi sözlər dünya siyasətçiləri arasında sayılıb-seçilən, həmişə böyük hörmətlə yad olunan Ulu Öndərin qətiyyətini, məsuliyyətli dövlət başçısı kimi müsbət keyfiyyətlərini əks etdirən epizodlardan yalnız biridir.
Respublikaya rəhbərliyinin bütün dövrlərində dəyişilməz amalı, müqəddəs məqsədi, təkrarolunmaz ideyası naminə çalışan, müstəqilliyimizin qarantı kimi xilaskarlıq missiyasını gerçəkləşdirən Ulu Öndərin həyatının mənası Azərbaycanı inkişaf etmiş qüdrətli dövlət kimi görmək, xalqına övlad kimi sədaqətlə xidmət etmək olub. Buna görə də «Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi» sözləri Ulu Öndərin həyat şəcərəsinin ana xəttini təşkil edir. Onun Azərbaycan üçün gördüyü işlər, xalqına göstərdiyi xidmətlər o qədər böyük, misilsizdir ki, bu fədakarlığı qiymətləndirmək yalnız onun ucalığına yüksələn müdriklərə nəsib olub. Azərbaycançılıq məfkurəsinin, xalqın milli ruhunun, şüurunun, təfəkkürünün, tarixi yaddaşının formalaşması, cəmiyyətin təkmilləşməsi, demokratikləşməsi, bazar iqtisadiyyatının prinsiplərinə əsaslanan qüdrətli dövlətin qurulması üçün imkanlarından bacarıqla istifadə edən, taleyinin ən çətin anlarında sınaqlardan qətiyyəti, cəsarəti, zəkasının qüdrəti ilə çıxan bu böyük şəxsiyyət haqqında deyilən bu sözlər müdrik şəxsiyyətin ömür yoluna verilən dəyərdir: «Azərbaycan olduqca böyük təbii ehtiyatlara malik bir ölkədir. Bu qədim diyarın ən böyük sərvəti isə Heydər Əliyevdir.» İstər Sovetlər dövründə, istərsə də qarantı olduğu müstəqillik illərində başçılıq etdiyi Azərbaycan üçün böyük üfüqlər açan, inkişafın konsepsiya və strategiyasını zamanın tələbinə, gələcəyin çağırışlarına uyğun, zərgər dəqiqliyi ilə müəyyənləşdirən böyük şəxsiyyət Heydər Əliyev ona verilən Ümummili Lider adını hələ sağlığında doğrultmuşdu.
Ürəyi daim ölkəsinin müstəqilliyi naminə döyünən Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağını, digər dövlət atributlarını bərpa etməklə Azərbaycanın dünyaya açılan pəncərəsini zəkası ilə nurlandırdı. Təkrarçılığı sevməyən, daim yenilik həvəsi ilə gələcəyə baxan, bəşəri düşüncəli olduğunu alternativsiz fəaliyyəti ilə bildirdi. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən qorudu, xalqını vətəndaş müharibəsindən xilas etdi. Sovetlər dövründə C.Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli zabit kadrların yetişdirilməsi istəyini sonralar təkmil Milli Ordumuzu formalaşdırmaqla davam etdirdi.
XX yüzillikdə Azərbaycanın ikinci dəfə qazandığı müstəqilliyini itirilməsi təhlükəsi yarananda xalqın təkidli tələbi ilə Bakıya qayıdan, səriştəsiz AXC-Müsavat rəhbərliyinin ölkədə yaratdığı xaosun, siyasi, iqtisadi böhranın , vətəndaş itaətsizliyinin qarşısını alan təcrübəli dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ümumxalq istəyinin nəticəsi olmaqla xalqın öləzimiş ümidlərinə işıq saldı. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyev həmin il oktyabrın 3-də keçirilən seçkidə böyük etimad qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq respublikaya rəhbərliyini uğurla davam etdirdi. Onun müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanmaq təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmalar arasında baş verən çəkişmələrə, dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrün çətinliklərini «Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır» söyləyən Prezident İlham Əliyev respublikamıza rəhbərliyə başladığı ilk günlərdən bu siyasəti uğurla davam etdirdi.
Uzaqgörən siyasətçi Heydər Əliyev yaxşı başa düşürdü ki, iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycanın güclənməsi üçün düşünülmüş inkişaf konsepsiyası, ən başlıcası isə vaxt qazanmaq lazım idi. Məhz Onun böyük səyləri sayəsində 1994-cü ildə atəşkəsə nail olundu. Respublikamızın yeni iqtisadi-siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirmək üçün heç bir dahinin, liderin ağlına gəlməyən, cəsarəti çatmayan «Əsrin müqaviləsi» kimi neft strategiyasını hazırlamaqla Azərbaycanın təbii sərvətlərinin dünya bazarlarına çıxarılması imkanlarını müəyyənləşirdi. Ermənistanla müharibə şəraitində yaşayan, qeyri-sabit, riskli ölkə kimi tanınan dövlətə belə inam yaratmaq həqiqi mənada möcüzə idi. Dünyanın ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması, «Üç dəniz əfsanəsi»nin reallaşması Ulu Öndər Heydər Əliyevin Liderliyinin təsdiqi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Dövlət Neft Fonduna toplanılan vəsaiti dağınıq halda olan ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin misli görünməmiş daha bir uğuru oldu. Bu dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması, transmilli şirkətlərlə imzalanan müqavilələrin sabitlik şəraitində icrası ölkəmizin iqtisadi inkişafına zəmin yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoymaqla Cənub Qaz Dəhlizinin qarşısında yaşıl işıq yandıran müdrik şəxsiyyət Azərbaycanın enerji diplomatiyasının uğur səhifələrinə imza atdı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin qətiyyəti ilə dünyanın enerji və nəqliyyat xəritələri yenilənir. Azərbaycan dünyada sülhsevər, bloklara qoşulmayan, qonşu dövlətlərlə qarşılıqlı etimad şəraitində yaşayan, regional sülhün təminatına və təhlükəsizliyə töhfə verən nadir ölkə olduğunu sübut edir, siyasi, iqtisadi, diplomatiyamız dəstəklənir, səsimiz beynəlxalq aləmdə eşidilir. Bəşəri təfəkkürə malik Ulu Öndərin səyi nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olundu. Lissabon Sammiti kimi digər Zirvə görüşlərində də məntiqli çıxışları, hədəfə hesablanmış təhlilləri ilə siyasətçiləri heyran etdi, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictmaiyyətinə çatdırılması naminə ölkələri gəzdi, görüşlər keçirdi, erməni təcavüzkarlarının məkrli niyyətlərini dərin biliyi, dövlətçilik təcrübəsi, zəngin dünya görüşü ilə beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycanın hüquqi, demokratik, iqtisadi tərəqqisinin bazar iqtisadiyyatı ilə bağlı olduğunu təcrübəsinə əsasən müəyyənləşdirən Ulu Öndərin titanik səyləri nəticəsində ölkəmiz sivilizasiyalı respublikaya çevirildi.
Tarixdə çox «Qarabağnamə»lər yazılıb. Bütün ölkələrdə Qarabağ dərdimizi planetin, dünya siyasətinin aktual probleminə çevirən, münaqişənin həllini gündəlik iş prinsipi kimi diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin çıxışlarının toplusunu «Qarabağnamə» adlandırsaq daha məntiqə uyğun olar.
Siyasi proseslər təsdiqləyir ki, bu müdrik şəxsiyyətin ali dövlət idarəçiliyi təcrübəsi, potensial imkanları kontekstində formalaşan Azərbaycan Ulu Öndərin simasında dünyaya Liderin prinsipiallıq fəlsəfəsini təqdim etdi. Çünki onun gələcəyə, yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya təkmil fəlsəfi dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol açırdı. Nahaq deyilmir ki, Ulu Öndərin hazırladığı inkişaf konsepsiyası milli maraqların istehkamıdır. İctimai rəğbət sferasında həmişə öndə yer alaraq müsəlman aləmində olduğu kimi, Qərbdəki həmkarları, siyasətçilər arasında da fərqlənən, hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi.
Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasi kurs ölkənin təhlükəsizliyini, iqtisadi maraqlarını, hüquq sisteminin demokratikliyini, ədaləti təmin edir. Dünya təcrübəsində təsdiq olunmuş həqiqətdir ki, müxtəlif situasiyalarda ictimai rəyə, beynəlxalq siyasətə uyğun idarəetmə bacarığı tək-tək liderlərə məxsus olub. Onlar arasında ən təcrübəlisi olaraq fenomen, natiqlik qabiliyyətinə malik Heydər Əliyevin adı çəkilir. Bu reallığı bir qrup daxili düşmənlərin, xarici emissarların hazırladıqları dövlət çevrilişlərinə cəhdlər zamanı milyonların xilaskarının ətrafında birləşməsi də təsdiqlədi. Zamanla təsdiqləndi ki, Ulu Öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə idi. Təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin, təcrübəli kadrların hazırlanmasını təmin etdi. Yaratdığı sağlam mühitdə soydaşlarımızda milli təfəkkürü, ideologiyanı formalaşdıran, ən böyük azərbaycanlı olduğunu torpağına bağlılığı ilə sübut edən, sevilən bu dahi Vətəninə xidmət göstərməklə, zəngin tarixə malik 50 milyonluq bir xalqın Lideri, Tanrının məxsusi seçdiyi bir insan olduğunu da təsdiqlədi. Nadir istedad və qabiliyyətini xalqına həsr etdi. Qətiyyəti ilə dünyaya bəyan etdi ki, minillər boyu formalaşmış mənəvi dəyərləri heç bir cəza, təzyiq, təhdid ilə xalqın şüurundan çıxarmaq olmaz.
Ulu Öndərin liderlik formulunun əvəzedilməzliyini əks etdirən kəlamlar, aforizmlər tanınmış ictimai-siyasi xadimlərin Onun xidmətlərinə, siyasətinə verdikləri dəyərdir. Amerika tarixində Vaşinqtona, Hindistanda İndira Qandiyə, Türkiyədə Mustafa Kamal Atatürkə, Fransada Şarl-de Qola xalqlarının yaddaşında əbədi yaşam qisməti nəsib edən Tanrı Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev şəxsiyyətini bəxş etmişdir.
Sivilizasiyaları birləşdirən körpü rolunu uğurla davam etdirən ölkəmizin siyasi, iqtisadi, humanitar platforma kimi tanınması, beynəlxalq ictimaiyyəti düşündürən aktual məsələlərin müzakirəsi üçün nadir sabit ölkələrdən sayılan Azərbaycanın təhlükəsiz məkan kimi seçilməsi bu siyasətin uğurlu davamının nəticəsidir. «Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır» sözləri ilə Ulu Öndərin ideyalarının bəşəri dəyərlərə əsaslandığını bildirən Prezident İlham Əliyev Ümummilli Liderin ən böyük arzusunu torpaqlarımızı işğaldan azad etməklə yerinə yetirdi. Bu gün Xankəndidə, Şuşada, Laçında, işğaldan azad edilmiş digər ərazilərdə dalğalanan Azərbaycan Bayrağı müəllifi Ulu Öndər olan müasir, müstəqil Azərbaycanın varlığının təcəssümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərən Silahlı Qüvvələrimizin Şuşa əfsanəsi qəhrəmanlıq salnaməmizin şanlı səhifəsidir. 2020-ci il noyabrın 8-də Şuşanın geri qaytarılması ilə Heydər Əliyevin «Biz Şuşaya mütləq qayıdacağıq!», «Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir» sözləri reallaşdı. Müasir Azərbaycanın xilaskarı, müstəqilliyimizin qarantı Ulu Öndər Heydər Əliyevə «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» sözləri ilə raport verən Prezident, Ali Baş Komandan İlham Əliyevin sözlərində bütün dünya azərbaycalılarının Ümummilli Liderə vəfa borcu ifadə olunur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Chosen
25
aia.az

1Sources