EN

"MİDA-da mənzil satışı ilə bağlı güvən yaratmalı olan sistem, əksinə şübhələr doğurdu”

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış komplekslərində ümumilikdə 544 mənzilin satışını həyata keçirib. Satış elektron qaydada, "Güzəştli Mənzil" sistemi vasitəsilə baş tutub. Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər. Bu, əsas narazılıqlara səbəb olub. MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib.

Əmlak məsələləri üzrə eksperti Elnur Fərzəliyev Bakupost.az-a bildirib ki, uzun müddət satışda iştirak edib mənzil sahibi olmayan vətəndaşlar da var. Onlar düşünür ki, bu mənzili ala biləcək vəziyyətin olduğu halda ala bilmirlərsə, burada şübhəli məqamlar var: “Bu, gözəl layihədir. Çünki qiymətlər çox münasibdir. Kompleks də yaxşıdır, görünüş də. Satış formasına da düzəliş etsələr, daha uğurlu olar”.


Ekspertin dediyinə görə, mənzil ala bilməyən vətəndaşların haqlı narazılığına səbəb olur. Həmin binalardan mənzil ala bilmək üçün bəlli kateqoriyalara aid insanlar müraciət edə bilir. Lakin müraciəti qəbul olunmuş vətəndaşların hər birinin satışda eyni vaxtda iştirak etməsi sonda bu cür narazılığa səbəb olur. Mənzil almaq istəyən çox, mənzil sayı isə məhdud saydadır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, MİDA-nın yaranması və onlayn formatda qeydiyyatdan keçərək satışların həyata keçirilməsinin əsas hədəfi şəffaflığın artırılması idi. Elan edilmişdi ki, MİDA-da mənzillər elektron qaydada satılacaq və bu şəffaflıq, insanlarda güvən yaradacaq. Azərbaycanda bir çox hallarda olduğu kimi bu da əksinə oldu, yəni insanlarda çoxlu suallar, şübhələr yarandı. İndiki durumda belə ehtimal etmək mümkündür ki, həmin mənzillər öncədən rəsmiləşdirilir, sadəcə portal açılan an özlərinin mütəxəssisləri vasitəsilə bir neçə saniyəyə yüzlərlə evin satılması prosesi həyata keçirilir. Ən azından belə ehtimal və şübhələr yaranıb.



Bu da onu deməyə əsas verir ki, MİDA-da mənzil satışı ilə bağlı güvən yaratmalı olan sistem, əksinə, güvənsizlik və şübhələr doğurdu. Ona görə də bu, çox ciddi yoxlanılmalıdır. Orada hansı proseslərin baş verdiyini İT mütəxəssiləri vasitəsilə əlaqədar hüquq mühafizə orqanları çox asanlıqla yoxlaya bilər. Amma nədənsə bu günə qədər bununla bağlı yoxlamaların başlaması haqqında məlumat da yoxdur”.

Sevinc,
BakuPost
Chosen
39
1
bakupost.az

2Sources