EN

Fuad Oktayın “Yeni Müsavat”ın sualına cavabı erməni mediasında

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra departamentlərinin nümayəndələrinin görüşü baş tutub.

Musavat.com bildirir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ermənistan Milli Assambleyasının vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Ahurik/Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin istismara verilməsini təmin edəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüş müsbət və konstruktiv atmosferdə keçdi”, - Rubinyan bildirib.

Qısa

Məlumatda deyilir ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər. Tərəflər bunu etimadı gücləndirməyə yönəlmiş addım hesab edirlər. Lakin iki ildən artıqdır ki, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı əldə edilmiş daha bir razılaşma hələ də kağız üzərindədir. Buna baxmayaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrda müsbət gözləntilərdən danışıb.

Rubinyan dəfələrlə bildirib ki, uğur Ankaranın siyasi iradəsindən asılıdır. Ermənistan təkcə əldə olunmuş razılaşmaların həyata keçirilməsini deyil, həm də ilkin şərt olmadan münasibətlərin tam şəkildə tənzimlənməsini gözləyir.

Bildirilir ki, bununla belə, Türkiyə Ermənistan-Türkiyə barışığının birbaşa Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı olduğunu gizlətmir. İki gün əvvəl bu ölkə parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Fuat Oktay da eyni sözləri deyərək sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin açılmasını və Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini vacib şərt adlandırıb.

“Nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, sabit sülhə nail olmaq mümkün deyil. Daimi sülhü təmin etmək və bu problemi gələcək nəsillərə buraxmamaq üçün Ermənistan Konstitusiyasının bu maddəsi ləğv edilməlidir”-erməni mediası da Fuad Oktayın açıqlamasını xatırladıb.

Qeyd edək ki, Fuad Oktay“Yeni Müsavat”ın əməkdaşının sualına cavabında bunları söyləmişdi.

Musavat.com

Chosen
56
musavat.com

1Sources