Zelenski Trampın sülh təklifini qəbul edəcəkmi?
Rusiya-Ukrayna müharibəsində son vəziyyət rəsmi Kiyev üçün müsbət məcrada inkişaf etmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya orudusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Belə bir şəraitdə Kiyevin ümidi NATO-ya üzv olmaqdır. Lakin alyansın aparıcı dövlətləri Ukraynanın üzvlüyünü indiki şəraitdə məqsədəuyğun saymırlar. Digər tərəfdən, gələn il yanvarın 20-dən sonra Donald Trampın ABŞ-da prezident kimi səlahiyyətlərinin icrasına başlaması Rusiya-Ukrayna müharibəsində yeni vəziyyət yarada bilər. Əgər Tramp vədinə əməl etsə, tezliklə müharibə dayanmalıdır.
Sülh planında ərazi bütövlüyü olacaqmı?
Yeri gəlmişkən, bugünlərdə Donald Tramp Parisdə Ukrayna Prezidenti Zelenski ilə görüşdən sonra Tramp Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb. O, sosial mediadakı paylaşımında yazıb ki, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir. Görünür, Zelenski Trampla razılaşmaq məcburiyyətindədir. Çünki indiyədək Kiyev məhz ABŞ-ın hərbi dəstəyi ilə cəbhədə Rusiyaya qarşı müqavimətini davam etdirə bilir. Bayden administrasiyasından fərqli olaraq, Tramp Rusiya-Ukrayna müharibəsini qısa müddətdə dayandıracağını bəyan edib. Amma burada Kiyevin maraqlarının əsas götürülməsi nəzərdə tutulmur. Halbuki, Prezident Zelenski indiyədək Ukraynaın ərazi bütövlüyünün təmin olunmadığı hər hansı razılaşmanın qəbul edilməyəcəyini dəfələrlə bəyan edib.
Avropanın Təmas Qrupu yaradılsa, ABŞ-la əməkdaşlıq edəcək
Lakin görünür, Trampın mövqeyi Zeleniskini onun planı ilə razılaşmağa məcbur edir. Belə ki, bugünlərdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə ortaq mövqe nümayiş etdirəcək bir neçə Avropa ölkəsindən ibarət yeni Təmas Qrupunun yaradılması təklif edilib. Bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kanslerliyinə namizəd Fridrix Merts Kiyevdə bildiriblər. Merts Avropa ölkələrinin Ukraynada fərdi sülh təşəbbüslərinə qarşı çıxıb. Onun sözlərinə görə, Avropa ölkələri müharibənin dayandırılması məsələsində ortaq mövqeyə malik olmalıdırlar. “Bu, təkcə Aİ-yə aid deyil. Mənim təklifim var ki, Almaniya, Fransa, Polşa, Böyük Britaniya - Avropanın dörd böyük ölkəsindən və NATO-dan ibarət Təmas Qrupu yaradılsın. Onlar fikir mübadiləsi aparsınlar və beləliklə, ABŞ ilə birgə proses inkişaf etsin”, - deyə Merts əlavə edib.
Zelenski Trampdan təhlükəsizlik təminatı istəyib
V.Zelenski isə belə bir təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlət başçısı bu qrupa Danimarkanın da əlavə edilməsi təklifini səsləndirib. Yeri gəlmişkən, “Bloomberg” agentliyinin məlumatına görə, Parisdə Volodimir Zelenski ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşü zamanı Ukraynanın təhlükəsizliyinə təminat verilməsində təkid edib. Prezident Volodimir Zelenski Ukrayna-Rusiya müharibəsinin dondurulması ehtimalının artdığını və bununla bağlı təhlükəsizlik təminatlarında israrlı olduğunu bildirib.
O, həmçinin Kiyevin yalnız güc mövqeyindən atəşkəs danışıqlarına başlaya biləcəyini vurğulayıb. Ukraynanın dövlət başçısı, eyni zamanda, NATO-ya üzvlük üçün dəvət almağa çalışdığını deyib. V. Zelenski Ağ evin gələcək rəhbəri ilə görüşündə Qərb qoşunlarının Ukrayna ərazisində mümkün mövcudluğu ilə bağlı təklif də irəli sürüb.
Lakin Trampın Ukrayna Prezidentinin bu təkliflərini qəbul edəcəyi inandırıcı deyil. Çünki onun məqsədi müharibəni qısa zamanda, hətta 24 saat ərzində dayandırmaqdır. Buna görə də, Tramp yalnız öz mövqeyində qalaraq, vəziyyəti daha da gərginləşdirəcək addımların atılmasına maraqlı görünmür. ABŞ-ın yeni prezidentinin fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb.
Aİ ABŞ qədər Ukraynaya hərbi dəstək vermək iqtidarında deyil
“Bloomberg” yazır ki, Trampın planına Ukraynanı hərbi yardımı kəsmək təhlükəsi altında Moskva ilə danışıqlara məcbur etmək daxildir. Digər tərəfdən, Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı danışıqlar masasına oturtmaq niyyətindədir. İndi Tramp müharibənin dayandırılması üçün hr iki tərəfdən təkliflər gösləyir.
Rəsmi Kiyevin ərazi bütövlüyünü bərpa etmək cəhdləri Trampın sülh planına daxil olmayacaq. Zelenskinin bu məsələdə Avropaya ümid etməsi də heç nəyi dəyişməyəcək. Çünki Avropa İttifaqı ABŞ qədər Ukraynaya hərbi dəstək vermək iqtidarında deyil. Belə olan halda, Zelenskinin Trampın təkliflərini qəbul etməkdən başqa çıxış yolu qalmır.
Nardar BAYRAMLI