EN

Sosial şəbəkələrdə tələbələrin qızğın "kurs işi alveri" gedir...

Image

Kamran Əsədov: “Elmi işlərin ödəniş qarşılığında yazılması təkliflərinə qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır”

Nə qədər qəribə səslənsə də, bu gün Bakı şəhərində bir sıra şirkətlər var ki, müəyyən məbləğin qarşılığında tələbələr üçün elmi məqalələr, referatlar, bakalavr və magistr diplom işləri yazmaqla məşğuldur.

Hətta iş o yerə çatıb ki, şirkətlər arasında daha ucuz qiymətə diplom işləri yazmaq uğrunda açıq rəqabət də gedir. Şüar isə adətən belə olur: mövzunun adını verməklə hazır işi təhvil alırsınız.

Elmi işlərin ödəniş qarşılığında yazılmasına  nəzarət edilirmi?

“Universitetlər plagiat məsələsinə daha ciddi yanaşmalı, tələbələrə öz tədqiqatlarını aparmaq üçün metodiki dəstək göstərməlidir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə elmi işlərin ödəniş qarşılığında yazılması təkliflərinin artması təhsil sisteminin ən əsas dəyərlərinə zidd olan ciddi bir problemdir. Bu cür hallar təkcə tələbələrin akademik dürüstlüyünü deyil, həm də elmi işlərin obyektivliyini və təhsil sisteminə olan etimadı sarsıdır. Elmi tədqiqat işlərinin ödənişlə başqası tərəfindən yazılması tələbələrin şəxsi bilik və bacarıqlarını inkişaf etdirməsinə mane olur, onların intellektual səviyyəsinin yüksəlməsi əvəzinə süni uğur qazanmasına səbəb olur. Belə hallar tədqiqat mədəniyyətinin zəifləməsinə, təhsil sistemində standartların düşməsinə gətirib çıxarır: “Bu problemin həlli üçün bir neçə vacib məsələyə diqqət yetirmək lazımdır. İlk növbədə, elmi işlərin ödənişlə yazılmasının qanun pozuntusu olduğunu vurğulamaq vacibdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, müəllif hüquqlarının pozulması, o cümlədən plagiatlıq qanunsuz fəaliyyət hesab olunur. Sosial şəbəkələrdə elmi işlərin ödəniş qarşılığında yazılması təkliflərini edən şəxslər, əslində, tələbələri qanunsuz fəaliyyətə cəlb edir və onların gələcək karyeralarına mənfi təsir göstərir. Plagiat yoxlama sistemlərinin tətbiqi bu problemin həllində mühüm rol oynaya bilər. Beynəlxalq səviyyədə tanınan proqramlar vasitəsilə elmi işlərin orijinallığı yoxlanılmalı, tələbələrin təqdim etdiyi işlərin müəllifliyinə xüsusi diqqət yetirilməlidir. Universitetlər plagiat məsələsinə daha ciddi yanaşmalı, tələbələrə öz tədqiqatlarını aparmaq üçün metodiki dəstək göstərməlidir. Bu, tələbələrin elmi işlərin yazılması prosesinə daha ciddi yanaşmalarını təmin edə bilər. Eyni zamanda, maarifləndirmə tədbirləri də çox önəmlidir. Tələbələr arasında akademik dürüstlük prinsipləri təbliğ edilməli, elmi tədqiqat prosesinin mahiyyəti və əhəmiyyəti izah olunmalıdır. Tələbələr bilməlidir ki, elmi iş yalnız bir diplom və ya qiymət üçün deyil, onların bilik və təcrübələrinin göstəricisi, gələcək karyeralarının təməlidir”.

Həmsöhbətimiz hesab edir ki, universitetlərdə elmi işlərin yazılması zamanı tələbələrə texniki dəstək və metodiki yardım göstərilməlidir. Bu dəstək tələbələrin plagiat fəaliyyətlərdən uzaq qalmasına və öz işlərini müstəqil şəkildə yazmalarına şərait yarada bilər: “Həmçinin, elmi işlərin hazırlanması ilə bağlı təlimlər və seminarlar təşkil edilməlidir ki, tələbələr bu prosesi düzgün şəkildə necə aparacaqlarını öyrənsinlər. Hüquqi tədbirlər də vacibdir. Sosial şəbəkələrdə bu cür təkliflər yayan şəxslər müəyyən edilməli və onların fəaliyyəti dayandırılmalıdır. Hüquq-mühafizə orqanları ilə Təhsil Nazirliyinin əməkdaşlığı bu sahədə effektli ola bilər. Belə şəxslərin qanunsuz fəaliyyət göstərdiyinə dair ictimai maarifləndirmə aparılmalıdır. Cəmiyyətin bu məsələyə yanaşması da dəyişməlidir. Tələbələrin valideynləri və müəllimləri onlara düzgün yol göstərməli, akademik dürüstlük və elmi tədqiqatın əhəmiyyətini aşılamalıdırlar. Təhsil təkcə diplom qazanmaq üçün deyil, insanın özünü inkişaf etdirməsi və cəmiyyətə töhfə verməsi üçün bir vasitədir. Bunun üçün tələbələrin təhsilə yanaşma tərzini dəyişmək və elmi işlərin əsl mahiyyətini onlara başa salmaq vacibdir. Elmi işlərin ödəniş qarşılığında yazılması təkliflərinə qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Bu, həm də cəmiyyətin elmi dəyərlərə münasibətində dəyişiklik tələb edir. Akademik dürüstlük mədəniyyətinin formalaşdırılması, tələbələrin bilik və bacarıqlarına güvənmələri və müstəqil fəaliyyət göstərmələri üçün müvafiq şərait yaradılması vacibdir. Yalnız bu halda təhsil sistemi öz həqiqi funksiyasını yerinə yetirə və cəmiyyətimizin intellektual səviyyəsi yüksələ bilər”.

Günel CƏLİLOVA





Chosen
40
baki-xeber.com

1Sources