EN

Aİ dağılma təhlükəsi ilə üz-üzə...

Fransa təşkilatı məhvə sürükləyir

İllərdir ki, yerləşdiyi kontingenti lokal maraqlar çərçivəsində “idarə edən” Avropa İttifaqı eniş xəttindədir. Xüsusilə son illərdə Bayden administrasiyasının “əsirinə” çevrilmiş ənənəvi Qərb dövlətlərinin əksəriyyəti həm iqtisadi, həm də siyasi böhranla üz-üzə qalıb. 2022-ci ildə Mərkəzi Avropada başlayan müharibənin məhz Bayden administrasiyasının “təhriki” ilə dayandırılmasına deyil, davam etməsinə “şərait yaradan” Aİ-nin əsas ölkələri mühüm problemlərdən qurtula bilmir. Məsələn, kolonialist mahiyyətə malik olan Fransanın başı özünün daxili problemlərinə o qədər qarışıb ki, Aİ-də baş verən hadisələr, qurumun gələcəyi, 2025-ci illə bağlı “strateji planları” haqda düşünməyə vaxt tapmır. Təsadüfi deyil ki, Makron hökumətinin təkidi ilə bəzi dövlətlərin Ukrayna müharibəsinə nəzərən “tutduğu mövqe”nin səhv olması artıq açıq ştrixlərlə etiraf olunur. Bir sıra müstəqil ölkələrə münasibətdə Aİ-nin tutduğu qərəzli mövqe bütün kontekstlərdə ifşa edilir. Təşkilatın korporativ maraqlara xidmət etməsi, rəhbər şəxslərin korrupsiya əməllərində ittiham olunması, maddi gəlir qarşılığında lobbi qruplarının sifarişlərini yerinə yetirməsi, sülhü deyil qarşıdurmaları, bəzi hallarda hətta separatizmi dəstəkləməsi sonunu yaxınlaşdırır. Bütün çatışmazlıqlar, səhv siyasi baxışlar və qərarlar Aİ-yə böyük zərbələr vurur.

Fitsodan Aİ açıqlaması...

Vurğulandığı kimi, Aİ-nin beynəlxalq hüquq, haqq və ədalət prinsipləri ilə idarə olunmaması artıq bütün sferalarda dilə gətirilir. Məsələn, Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib. “Spravodajca” adlı “YouTube” kanalına verdiyi müsahibədə Robert Fitso qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri İttifaqın gələcəyinə mənfi təsir göstərə bilər. “Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm, bu ilin inanılmaz dərəcədə çətin olacağını düşünürəm”, - deyə Fitso vurğulayıb.

Makronun səhv qərarları...

Əslində, Avropa üçün spesifik olan və uzun illərə, hətta əsrlərə söykənən düşmənçiliklərin yenidən baş qaldırma ehtimalı artıq bir neçə ildir ki, aktuallaşıb. Hətta Qərb siyasətçiləri hazırki durumu pessimist dəyərləndirirlər. Bildirilir ki, kontingentin “idarə olunmasında” ön plana çıxmaq üçün fərqli dairələrlə işbirliyinə gedən dövlətlər ümumən qitənin maraqlarını nəzərə almır - məsələn, Aİ daxilində “əsas dövlət” sayılmaq üçün Bayden adminstrasiyası ilə “müttəfiqlik edən” Fransa prezidenti Emmanuel Makronun səhv qərarları nəticə etibarı ilə bu gün təşkilatın “diziüstdə” qalmasını şərtləndirib. Təsadüfi deyil ki, siyasi ömrünə 1 ay qalmış Bayden adminstrasiyası ilə yanaşı Makron hakimiyyəti də “laxlayır”. Fransanın son illərdəki tarixində ilk dəfədir ki, ölkə büdcəni qəbul etməmiş yeni ilə girəcək. Bu amil olduqca mühümdür.  

Brüsselin müstəqil qlobal gücə çevrilmək istəkləri boşa çıxır

Yeri gəlmişkən, bir ay öncə “Bloomberg” agentliyi Avropa İttifaqının üzləşdiyi çətin iqtisadi və siyasi vəziyyətin onun beynəlxalq səhnədəki mövqeyinə ciddi zərbə vura və Brüsselin müstəqil qlobal gücə çevrilmək istəklərinə son qoya biləcəyini yazmışdı. Vurğulanırdı ki, siyasi iflic, xarici təhdidlər və iqtisadi çətinliklərin” birləşməsi Aİ ölkələrini diqqəti ümum-Avropa mənafeyinə yönəltməyə deyil, öz maraqlarını qorumağa sövq edir. Çünki Avropa elitaları tənəzzülün artıq qaçılmaz olduğuna dair çoxlu dəlillərlə qarşılaşıblar. “Bloomberg” həmin dəlillər arasında Fransada sağçı siyasi qüvvələrin və avroskeptiklərin güclənməsini xüsusi qeyd etmişdi. Bildirilirdi ki, bu amillər Aİ-nin vahid və dinamik iqtisadi blok kimi fəaliyyət göstərə bilmədiyini” sübut etməklə, onun beynəlxalq statusunu sarsıdır və xarici təhdidlərə cavab vermək imkanlarını məhdudlaşdırır. Avropa iqlim dəyişikliyi, demoqrafik böhran və postsənaye iqtisadiyyatına keçid daxil olmaqla, bir çox qlobal problemlərə “cavab verə bilmir”.

Ədalətsiz yanaşmalar, korrupsiya faktları, ikili standart...

Bəli, Aİ-nin iqtisadi böhranlara doğru irəliləməsi siyasi bitərəfliyini, ədalət hissini itirməsi ilə də düz mütənasiblik təşkil edir. Vurğulandığı kimi, Ukrayna  - Rusiya müharibəsində tutduğu birtərəfli mövqe, hətta özünün milli maraqlarını və ümumilikdə, Avropanın iqtisadi mənafeyini qorumağa çalışan Macarıstana qarşı ayrı-seçkiliyin yaşanması qurum üçün heç də başucalığı gətirmədi - tam əksinə, dünənə qədər Aİ-yə inanan, etimad göstərən dövlətlər ondan üz çevirdilər. Oynanılan oyunlar ifşa olunduqca Ai özünün siyasi-iqtisadi nüfuzunu itirdi. Bu sıraya Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesi də daxildir. Sülhə tərəfdar olduğunu bildirən Aİ regiona “mülki monitorinq qrupu” adı altında kəşfiyyat dəstəsi yönəltməklə sülhün gecikməsinə səbəb olur - bu isə təşkilatın üzvləri tərəfindən, bütövlükdə dünya ictimaiyyəti tərəfindən müşahidə edilir.

Digər bir məsələ son aylarda, hətta son illərdə atan xəttlə müşahidə olunan korrupsiya qalmaqalları, pul maxinasiyaları məsələsidir. Avropa Parlamentində Eva Kailini qalmaqalı, ardından digər ruşvət və korrupsiya faktları Aİ haqdakı “yüksək fikirləri” birmənalı şəkildə dəyişir. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin adının 35 milyard avroluq “vaksin korrpsiyasında” hallanması burada mühüm əhəmiyyət daşıyır. Demək ki,  Aİ heç də iddia edildiyi kimi, ədalətli və bitərəf təşkilat deyil - bu qurumun ayrı-ayrı strukturlarının fəaliyyəti kompleks şəkildə İttifaqın çöküşünü rəsmiləşdirir...

P.İSMAYILOV

Chosen
19
50
yeniazerbaycan.com

10Sources