Azərbaycan Mərkəzi Bankında tədiyyə balansı ilə bağlı media brifinq keçirilir.
Kommersant.az xəbər veir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 408 milyon ABŞ dolları təşkil edib.
"Yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycandan pul köçürmələri üzrə lider ölkələr sırasına Türkiyə – 118 milyon dollar, ABŞ – 45 milyon dollar, Rusiya – 44 milyon dollar, Gürcüstan – 36 milyon dollar və Böyük Britaniya – 22 milyon dollar daxildir", – deyə o vurğulayıb.
O qeyd edib ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələrində Rusiya lider mövqedədir.
"2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələri üzrə ilk beşliyə Rusiya – 411 milyon dollar, Türkiyə – 130 milyon dollar, ABŞ – 48 milyon dollar, Gürcüstan – 27 milyon dollar və Böyük Britaniya – 26 milyon dollar daxildir", – deyə S.Nəsirov qeyd edib.
S.Nəsirov ğlavə edib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən 4 milyard ABŞ dolları təşkil edib.
"Cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2 faiz təşkil edib. Neft-qaz sektorunda cari əməliyyatlar hesabının profisiti 11,1 milyard dollar olduğu halda, qeyri-neft sektorunda 7,1 milyard dollar kəsir müşahidə olunub", – deyə o vurğulayıb.