EN

"Dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi Ulu Öndərin adı ilə bağlıdır" — Millət vəkili

“Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rola malik tarixi şəxsiyyətdir. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü Ceyhun Məmmədov deyib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra din sahəsində gərginliyin azaldılması, dini durumun sabitliyinin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi:

“Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. Bu müdrik və uzaqgörən yanaşma özünü 1996 və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa həmin dövrdə edilən mühüm dəyişikliklərdə də açıq göstərdi. Beləliklə, Azərbaycanda dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə, dini icmalara qayğısı daha da artdı”. 

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verərək dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi:

“Ulu öndər həmçinin, Azərbaycanda dini dözümlülüyün hər zaman yüksək səviyyədə olmasını, dini zəmində münaqişələrin baş verməməsini yüksək qiymətləndirərək, Azərbaycan xalqını bu ənənəni qorumağa çağırdı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin sağlam mənəvi ruhda tərbiyəsinə qayğı göstərilməsinin zəruriliyini vurğuladı”.

C.Məmmədov onu da diqqətə çatdırıb ki, dini dəyərlərə yüksək hörmət nümayiş etdirən ümummilli lider Heydər Əliyev ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına da xüsusi önəm verirdi:

“Bibiheybət məscidinin təmir və bərpası, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin daha da genişlənməsi və nüfuzunun artması, beləliklə Qafqazda ən böyük dini mərkəzə çevrilməsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyə qədər Azərbaycanda 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2258 məscid, 16 kilsə, və 7 sinaqoq fəaliyyət göstərir. Bütün bu uğurlara ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunub”.

Törə Zeynallı
Demokrat.az
Chosen
14
1
demokrat.az

2Sources