EN

Harvardı atıb, Bəşərlə Suriyaya gələn Əsma kimdir?

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə BBC-nin bir müddət öncə Əsədin həyat yoldaşı Əsma Əsad haqqında yaydığı faktlar yenidən gündəmə gəlib.

 

Məqaləni təqdim edirik:

 

Suriya - Yaxın Şərqdə Rusiyanın əsas tərəfdaşı 13 illik müharibədən sonra xarabalığa çevrilib. Ölkənin qalan az sayda hissəsi yalnız bir neçə nəfərin əlindədir. Onlardan biri də Suriya Prezidenti Bəşər Əsədin (Məqalə 2024-cü ilin iyunun 14-də dərc olunub. Həmin vaxt Bəşər Əsəd Surya prezidenti idi - red.) həyat yoldaşı Əsma Əsəddir.

 

Onun adı müharibədən sonrakı Suriyada siyasi və maliyyə hakimiyyətinin konsolidasiyasının simvoluna çevrilib. Onun icazəsi olmadan heç bir müqavilə bağlanmır və mühüm qərarlar qəbul edilmir. O, ölkədə ən böyük əmlak bölgüsünün arxasında duran şəxsdir.

 

Suriya iş adamları onun haqqında belə deyirlər: "İndi bütün Suriya Əsmaya məxsusdur".

 

Beş il əvvəl onda döş xərçəngi aşkarlandı. O sağaldı, lakin bu ilin may ayında həkimlər ona yeni onkoloji diaqnoz - miyeloid leykoz (qan və sümük iliyinin bədxassəli xəstəliyi) qoydular.

 

"Ərəb Diana", "Suriyanın qaranlıq reallığında işıq şüası", "Səhranın qızılgülü", "Millətin anası", "Suriyanın Mariya-Antuanettası", "Dəmir ledi" - müxtəlif vaxtlarda ölkədə və onun hüdudlarından kənarda Əsma Əsədi belə xarakterizə edirdilər.

 

Bəs o, kimdir?

 

"Müharibə spekulyantı"

 

"Ərəb baharı"nın əvvəlində Əsmaya qanlı repressiyaların qarşısını ala biləcək şəxs kimi ümid edirdilər. İndi onun haqqında deyirlər ki, vətəndaş müharibəsindən heç kim onun qədər qazanc əldə etməyib.

 

"Suriyada müharibədən varlananlardan danışarkən Əsma Əsədin rolunu başa düşmək vacibdir. Onu bir vaxtlar "Səhranın qızılgülü" adlandırırdılar, indi isə "Suriyanın dəmir ledisi" adlandırırlar", - Qətərin "Harmoon" araşdırmalar mərkəzinin hesabatında bildirilir.

 

"Əsmanın əli iqtisadiyyatın müxtəlif sahələrində hiss olunur", - "Faynənşl Tayms" qəzetinin Suriyanın birinci xanımı haqqında geniş araşdırmasında qeyd olunur. Məlumata görə, vasitəçilərin əli ilə Əsma əslində telekommunikasiya, daşınmaz əmlak, banklar və ticarət kimi sektorları nəzarətə alıb.

 

Əsma Əsədə qarşı Avropa Birliyi və ABŞ-ın fərdi sanksiyaları tətbiq edilib.

 

"Ərinin və Əxras ailəsinin dəstəyi ilə Suriya müharibəsindən ən amansız şəkildə qazanc əldə edir", - ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo 2020-ci ildə sanksiyalar tətbiq edildikdə Əsma haqqında belə demişdi.

 

Əsma Əsəd Londonda doğulub və böyüyüb. Bir vaxtlar o, ABŞ-ın ən iri banklarından olan "JP Morgan"da investisiya bankiri işləyib. İndi isə Suriyanın İqtisadi Məsləhət Şurasına rəhbərlik edir. Burada birinci cütlüyə yaxın şəxslər və biznes tərəfdaşları bağlı qapılar arxasında müzakirələr aparırlar.

 

Şura iqtisadiyyat qaydalarına və resurslara, o cümlədən ərzaq və yanacaq subsidiyalarına çıxışı müəyyən edir.

 

Əsmanın adı dövlət maliyyəsinin prezident cütlüyünün və yaxın çevrəsinin əlinə keçdiyi dövrün sinoniminə çevrilib. "Faynənşl Tayms"a danışan bir suriyalı iş adamının sözlərinə görə, indi bütün Suriya Əsmaya məxsusdur.

 

2020-ci ildə o, bir vaxtlar ölkənin ən varlı şəxsi sayılan Rami Məhlufu ləkələyib.

 

"Həmin vaxt artıq bəlli oldu ki, Əsma Suriyada iqtisadi hakimiyyətin əsas mənbəyinə çevrilir", - ABŞ-ın Suriyadakı xüsusi elçisi olmuş Coel Reybern bildirib.

 

Müharibənin doğurduğu yeni suriyalı elitalar

 

13 illik Suriya müharibəsi ölkə iqtisadiyyatını məhv, orta təbəqəni yox etdi, kasıbları isə səfalətə sürüklədi. Lakin müharibə bəzi azsaylı şəxslər üçün zənginləşmək istiqamətində yeni imkanlar yaratdı.

 

"Suriya iqtisadiyyatı (qalan hissəsi) faktiki olaraq Bəşər Əsəd, onun kiçik qardaşı Mahir və Əsma arasında bölünüb", - FT yazır. Onlar müharibədən faydalanmağı bacaran yeni zənginlərin zirvəsini təşkil edirlər.

 

Hazırda Suriya dünyanın ən korrupsiyalaşmış ölkələri indeksində ikinci yeri tutur.

 

"Əsəd ailəsi Suriyanı ailə biznesi kimi idarə edir. Və məhz korrupsioner siniflər bu biznesin fəaliyyətini təmin edir", - 2006-cı ildə sızdırılmış ABŞ diplomatik yazışmalarında belə deyilirdi.

 

Müharibə dövründə zənginləşən yeni tacirlər - alverçilər, qaçaqmalçılar, metal tullantıları satanlar, reketçiliklə məşğul olanlar, nəzarət-buraxılış məntəqələrində rüşvət toplayanlar və rejimin nəzarətində olmayan ərazilərdə neftin satışına vasitəçilik edənlərdir.

 

Yeni iş adamları tədricən Suriyanın köhnə ticarət elitasını əvəz edir. Əsasən sünni olan varlı suriyalı ailələr ya müflis olub, ya öldürülüb, ya da mühacirət edib.

 

"Suriya maliyyə elitasının dəyişiklik dövrünü yaşayır. Müharibə dövrünün yeni dinamikası əvvəllər sosial-iqtisadi cəhətdən sıxışdırılan insanlara böyük sərvətlər qazanmağa imkan yaratdı. Onlar tədricən köhnə elitanı - həm tarixi zadəganları, həm də 2000-ci ildə Bəşər Əsədin hakimiyyətə gəlişindən sonra yüksələnləri sıxışdırır", - Qətərin "Harmoon" araşdırmaları mərkəzinin tədqiqatçıları qeyd edirlər.

 

Əsma Əsəd və onun imperiyası

 

Əsmanın əsas layihəsi 2007-ci ildə yaratdığı "Suriya İnkişaf Fondu" adlı xeyriyyə təşkilatıdır. Bu fond və "Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti" (SARC) ölkədə humanitar yardım sektoruna tam nəzarət edir.

 

Başqa xeyriyyə təşkilatlarının Suriyaya maliyyə və ərzaq yardımı göndərmək imkanı yoxdur.

 

Fond dəfələrlə BMT-dən alınan vəsaitlərin məqsədyönlü istifadə edilməməsində ittiham olunub. Keçən il baş verən dağıdıcı zəlzələdən sonra təşkilat yalnız rejimə sadiq olanlara yardım etməkdə günahlandırıldı.

 

Suriya İnkişaf Fondu Əsəd ailəsinin əsas gəlir mənbələrindən biri hesab olunur. ABŞ hazırda bu fondu sanksiya siyahısına daxil edib-etməmək barədə düşünür.

 

"BMT-nin yardımlarından istifadə edərək, Əsma suriyalı səhra komandirlərindən ibarət geniş himayəçilik şəbəkəsi qurdu. Bəzi məlumatlara görə, himayəsi və dəstəyinə görə onunla əlaqəli təşkilatlara pul dolu çamadanlar ötürülürdü", - "Ekonomist" yazır.

 

Nüfuz uğrunda mübarizə və mülkiyyətin yenidən bölüşdürülməsi

 

2019-cu ildə Suriyanın vaxtilə ən böyük oliqarxı və Bəşər Əsədin əmisi oğlu Rami Məhluf problemlərlə üzləşdi. Onu milyonlarla dollar əlavə vergi ödəməyə məcbur etdilər və ev dustaqlığına göndərdilər. Onun aktivlərini isə başqa şəxslər ələ keçirdi.

 

Məhlufun ulduzunun sönməsinin arxasında məhz Əsma Əsəd dayanırdı. Ekspertlər və iqtisadçılar mülkiyyətin yenidən bölüşdürülməsində onun uşaqlarına Suriyanın hakimiyyət zirvəsində öncədən yer təmin etmək istəyini görürdülər.

 

Əsma və Bəşərin üç övladı var: 23 yaşlı Hafiz, 21 yaşlı Zeyn və 20 yaşlı Kərim.

 

Bundan sonra Suriyanın ən böyük mobil operatoru "Syriatel" birinci xanıma yaxın şəxslərin nəzarətinə keçdi. Əsma özü Məhlufun "Əl Bustan" xeyriyyə təşkilatını ələ keçirdi və sonradan öz telekommunikasiya şirkəti "Emmatel"i qurdu (Uşaqlıqda Londonda yaşadığı dövrdə Əsma "Emma" adını üstün tuturdu).

 

"Əsma öz uşaqları haqqında düşünür, onların maraqlarının uzun müddət qorunmasını istəyir", - 2020-ci ildə "Le Mond" qəzetinə müsahibəsində Suriyanın müstəqil "All4Syria" nəşrinin rəhbəri Ayman Əbdül Nur bildirib.

 

"O, artıq hakimiyyət tərəfdarı iş adamlarının ödəmələri ilə kifayətlənmir. İndi istəyir ki, onların aktivləri birbaşa ona və Bəşərə yazılsın".

 

Hər şey necə başladı: 2000-ci ildə Suriya - dəyişiklik ümidləri

 

24 il əvvəl Suriya dəyişiklik gözləyirdi. Ölkəyə 30 il sərt əllə rəhbərlik edən Hafiz Əsəd vəfat etdi.

 

Onun yerini gözlənilmədən kiçik oğlu Bəşər tutdu. Suriyanın taxtı əvvəlcə böyük oğul Basilə vəd olunmuşdu, lakin o, avtoqəza nəticəsində həlak oldu.

 

1990-cı illərdə Bəşər Londonda oftalmoloq təhsili alırdı və gələcək həyat yoldaşı ilə də orada tanış olmuşdu. Əsma ABŞ-a gedib Harvardda təhsil almağı planlaşdırırdı. Amma hər şey başqa cür alındı: evlilik və ata-baba yurduna qayıdış.

 

"Kim Harvardı məhəbbətdən üstün tutar?" - Əsma həmin dövrdəki seçimi barədə verilən suala belə cavab vermişdi.

 

Əsma Əsəd Suriya rejiminin "yumşaq gücü", Əsəd ailəsinin əsas piar aləti hesab olunurdu. Ona görə Suriyanın tezliklə modernləşəcəyinə ümid bəslənilirdi. O zamanlar Yaxın Şərq ölkəsinin Qərblə münasibətləri yaxşılaşdırmaq istədiyi görünürdü.

 

Lakin əvvəlcə İraq müharibəsi, daha sonra isə 2011-ci il "Ərəb baharı" bu ümidlərə son qoydu. Çoxları hesab edir ki, əslində, bu ümidlər əvvəldən əsassız idi.

 

Əsma Suriyada: islahatlar və piar kampaniyası

 

Bəşər Əsəd atasının yerinə Suriyanın prezidenti olduqdan sonra islahatlarla - siyasi və iqtisadi dəyişikliklərlə başladı. O, Suriyanı dünyaya açmağa və repressiv keçmişi aradan qaldırmağa söz verdi.

 

Siyasi məhbuslar həbsxanalardan azad edildi, ilk müstəqil qəzet işıq üzü gördü, mediaya hakimiyyəti tənqid etməyə icazə verildi. Özəl universitetlər açıldı, kabel televiziya kanalları və FM radiostansiyaları fəaliyyətə başladı, qeyri-hökumət təşkilatları və insan hüquqları qrupları işə düşdü. Dəməşqdə özəl banklar açıldı.

 

Fransa və ABŞ-dan gələn nümayəndə heyətləri Suriyaya səfər edirdilər. Əsma Dəməşqdə Ancelina Coli və Bred Pitt, Stinq və "Blur" qrupundan Deymon Olbarnı qəbul edirdi.

 

Bu "yumşalma" dövrü uzun çəkmədi - Hafiz Əsədə xidmət etmiş siyasi "ağır çəkili"lərdən ibarət köhnə mühafizəkar kadrlar buna mane oldu.

 

"Hafiz Əsəd hər şeyi qolları ilə idarə edən bir osminoqa bənzəyirdi. Bəşər isə elə bir osminoq idi ki, onu öz qolları idarə edirdi", - rejimlə işləyən suriyalı iş adamı "Ekonomist"ə deyib.

 

İslahatlar dalana dirəndi və bir çoxlarının etiraf etdiyi kimi, əsasən elita və hakim sinfin nümayəndələri bundan fayda götürdülər. Artıq o dövrdə iqtisadi hakimiyyət tədricən hakimiyyətə yaxın olanların ətrafında cəmləşirdi.

 

Əsmanın imic üzərində işi

 

Bu dövrdə Əsma öz obrazını yaratmaq üzərində işləyirdi.

 

Onun imicinə məşhur britaniyalı siyasi texnoloq, Bell Pottinger piar agentliyinin rəhbəri lord Timoti Bell cavabdeh idi. O, Marqaret Tetçer üçün üç seçki kampaniyasını idarə etmişdi. Onun müştəriləri arasında Aleksandr Lukaşenko, Auqusto Pinoçet, eləcə də atlet Oskar Pistorius və başqaları olub.

 

"Bəşər insanlarla ünsiyyət qura bilmir. Buna görə yumşaq gücü və xalqla əlaqəni mən öz üzərimə götürürəm," - lord Bell ilk görüşlərində Əsmanın dediklərini xatırlayır.

 

O, Əsma üçün konsepsiya hazırladı. Əsma üç şeyə fokuslanmalı idi: xeyriyyəçilik, mədəniyyət və şəxsi cazibə.

 

Bell ona Suriyanın kasıbları ilə məşğul olmağı və kəndlərdə inkişaf proqramlarına başlamağı tövsiyə etmişdi.

 

2011-ci ildə Yaxın Şərq ölkələrində "Ərəb baharı" qaynayırdı. Əsəd bu dalğanı tanklarla qarşıladı. Eyni dövrdə ABŞ-ın "Vogue" jurnalı Əsma haqqında "Səhra qızılgülü" başlıqlı mədh dolu bir məqalə dərc etdi. "Gənc, cazibədar, analitik düşüncə qabiliyyətinə malik" - jurnalist tərifləri əsirgəməmişdi. Bir neçə aydan sonra məqalə saytdan silindi, "Vogue"un baş redaktoru Anna Vintur bu səhvə görə üzr istədi.

 

Bir neçə il əvvəl Almaniyanın "Zeit Magazin" jurnalına müsahibəsində lord Bell etiraf etmişdi ki, Əsma piar mütəxəssislərinin tapşırıqlarını mükəmməl şəkildə yerinə yetirmişdi.

 

"Minlərlə insanın qətlinə bais olmuş bir rejimin hələ də mehriban bir üzü var idi. Biz o zaman işimizi düzgün görmüşdük," - Bell belə demişdi.

 

Emma

 

Əsma 1975-ci ildə Londonun qərbində yerləşən Akton bölgəsində anadan olub. Onun valideynləri sünni müsəlmanlar idi. 1970-ci illərin əvvəlində onlar daha yaxşı həyat axtarışı üçün Londona köçmüşdülər.

 

Əsma məktəbdə Emma adını üstün tuturdu. Gələcək Suriya diktatorunun həyat yoldaşının qonşusu onun haqqında belə deyirdi: "Onda suriyalıya bənzər heç nə yox idi, ingilis idi və Suriyayla əlaqəsi olmasını istəmirmiş kimi görünürdü".

 

Uzun illər Suriyada işləmiş və Suriya prezidenti haqqında kitab yazmış jurnalist Sem Dagerin sözlərinə görə, Əsmanın anası Səhar qızını Bəşərlə evləndirmək istəyirdi.

 

Vətəndaş müharibəsinin başlanğıcında insanlar Əsmadan ərini ağıla gətirməyi və etirazları zorla yatırtmaqdan əl çəkməsi üçün ona təzyiq göstərməyi tələb edirdilər.

 

"Bəzi qadınlar üçün üslub vacibdir, digərləri isə öz xalqına qayğı göstərir. Əsma, sənə nə oldu? Sözünü de, ərini və onun tərəfdarlarını dayandır, kənarda dayanmaq kifayətdir. Vacib olan imicin deyil, əməllərindir", - BMT-də Almaniya və Böyük Britaniya nümayəndələrinin xanımları Əsmaya video-müraciətində belə deyirdilər. Video çarxda Əsmanın təsvirləri ilə suriyalı qadınların uşaqları qucağında tutduğu kadrlar əvəz olunurdu.

 

Münaqişənin qızğın dövründə birinci xanım elan etdi ki, Suriyaya terrorçular hücum edib və onun əri Bəşər yalnız bir ovuc üsyançının deyil, bütün suriyalıların prezidentidir. O, bir neçə il kölgədə qaldı və yalnız 2016-cı ildə yenidən ictimaiyyət qarşısına çıxdı. Həmin il Əsmanın Bəşərin anası Anisa ilə gərgin münasibətlərinin olduğu deyilirdi.

 

Müharibədən sonra Suriya

 

Suriyalıların dörddə birindən çoxu - təxminən 5,7 milyon insan həddindən artıq yoxsulluq içində yaşayır. Dünya Bankının son məlumatlarına görə, əhalinin 90%-i yoxsulluq içindədir. Əvvəlki orta sinif çoxdan mövcud deyil. Heç nə çatışmır.

 

Bir çoxları yalnız xaricə köçmüş qohumlarının yardımları sayəsində dolana bilir.

 

Onsuz da acınacaqlı vəziyyət keçən ilin yazında baş vermiş güclü zəlzələ ilə daha da pisləşdi.

 

Yaşayış şəraitinin hər hansı pisləşməsi insanları aclıq həddinə çatdırır. Suriya lirəsi dəyərini itirməkdə davam edir: müqayisə üçün, 2011-ci ildə müharibədən əvvəl 1 dollar 47 Suriya lirəsinə bərabər idi, 2023-cü ildə isə bu rəqəm 14 min lirəyə çatıb.

 

Keçən il hakimiyyət yanacaq subsidiyalarını ləğv etdi və qiymətlər iki-üç dəfə artdı. İki il əvvəl dövlət qulluqçuları ayda 20-30 dollara bərabər maaş alırdısa, indi onlar 10-20 dollardan çox qazanmır.

 

2015-ci ildə Rusiyanın müdaxiləsi və İranın dəstəyi Əsədə ərazilərin böyük bir hissəsinə nəzarəti bərpa etməyə kömək etdi. Bir çoxları Kremlin dəstəyini Əsədin davamlılığının və siyasi uzunömürlülüyünün əsas səbəbi hesab edir.

 

13 illik müharibədən sonra o, Suriyanın təxminən 70-80%-ə nəzarət edir. İdlibdə - keçmiş müxalifətin qalıqları və cihadçılar, Suriyanın şimalında - kürdlər və türklər, Deyr əz-Zor ətrafında isə İŞİD mövcuddur.

 

Son illər aktiv döyüşlər aparılmasa da, siyasi nizamlanma olmadıqca müharibəni başa çatmış hesab etmək olmaz.

 

Qeyd: 2024-cü ilin dekabrın 8-də Suriya silahlı müxalifəti paytaxt Dəməşqi ələ keçirdi və Əsəd rejimini devirdi. Bəşər Əsəd Əsma və övladları ilə birgə Rusiyaya qaçdı. /kult.az

Tarix: 13 Dekabr 2024, 01:51   
Chosen
42
5
pravda.az

10Sources