EN

Suriyanın 1-ci xanımı, "vicdansızca qazanc əldə edən" Əsma Əsəd kimdir?

O, Londonda doğulub böyüyüb. Həyat yoldaşı, keçmiş Suriya lideri Bəşərlə də elə Londonda tanış olub.

Ərinin hakimiyyətə gəldiyi ilk ilərdə Əsma Əsədi Yaxın Şərqdə "qadın hüquqlarını qoruyan" birinci ledi , səhra gülü, ərəblərin ledi Dianası adlandırardılar. Sonralar isə onun acgöz və qəddar imici üzə çıxmağa başladı.

O, müharibədən sonra Suriyada siyasi və maliyyə hakimiyyəyini əlində birləşdirmişdi.

Onun xəbəri olmadan Suriyada quş da uçmazdı - daha dəqiq desək, biznes qərarları onun xəbəri olmadan verilmirdi. "İndi bütün Suriyanın sahibi Əsmadır", biznesmenlər onun haqqında belə deyərdilər.

İqtisadiyyatın elə bir sahəsi yox idi ki, Əsmanın nəzarətində olmasın. Telekommunikasiya, əmlak, banklar, ticarət - hamısı Əsma Əsədin ailəsinə məxsus idi.

Suriya iqtisadiyyatı Bəşər Əsəd, onun qardaşı Mahir və birinci ledi Əsma arasında bölünüb, Financial Times qəzetinin araşdırması göstərirdi.

Bəşər Əsədin qohumu, oliqarx Rami Maxluf ilə 2019-cu ildə arası dəyəndə, hamı günahı Əsma Əsəddə gördü - daha doğrusu, onun öz uşaqlarına Suriya hakimiyyətinin yüksək eşalonlarında yer hazırlamaq planında. Beləliklə Əsma, Maxlufun biznesini ələ keçirir. Əsma və Bəşər Əsədin 3 uşağı var - 23 yaşlı Hafiz, 21 yaşlı Zeyn və 20 yaşlı Kərim. Ölkədəki müşahidəçilər deyir ki, Əsma öz uşaqlarının gələcəyini təmin etmək barədə düşünürdü.

O BMT-nin Suriya müharibəsindən əziyyət çəkənlərə ayırdığı maliyyəni mənimsəməkdə də ittiham olunurdu.

Əsma Əsəd ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo tərəfindən "Suriyadakı müharibədən ən vicdansız şəkildə qazanc əldə edən" şəxs adlandırılıb.

Suriya dünyanın ən korrupsioner ölkələri arasında ikinci yerdədir.

Avropa İttifaqı və ABŞ 2020-ci ildə Əsma Əsədə qarşı sanksiyalar tətbiq edib.

Əsma Əsəd Londonda doğulsa da, ailəsi Suriyadan qaçarkən, Britaniyadan yox, Rusiyadan sığınacaq ala bilib.

Videoya YouTube kanalımızda baxın.

Chosen
43
bbc.com

1Sources