EN

Ötən ay Dövlət Vergi Xidmətinin aparatında 80 vətəndaşın müraciəti dinlənilib

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ilin noyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44 min 350 müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olmuş müraciətlərdən 68,5 faizinin baxılması oktyabr ayı ərzində başa çatdırılıb, 31,5 faizi isə hazırda icradadır.

Baxılmış müraciətlərdən 40 faizi həll olunub, 62,1 faizi barədə müvafiq izahatlar verilib, digəriləri ilə bağlı qanuna müvafiq qərarlar qəbul edilib. Noyabr ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı 1150 olub. Həll edilmiş şikayətlərin 71,1 faizi kameral vergi yoxlamaları, digəriləri isə vergiödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, ƏDV depozit hesabı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, riskli vergiödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 80 vətəndaşla görüş təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

 

Chosen
16
7
azertag.az

10Sources