EN

"Allah Putin, Netanyahu və onlar kimilərini niyə dərhal cəzalandırmır?.."- I yazı

Allah Putini, Netanyahunu və onlar kimilərini niyə dərhal cəzalandırmır?..- I yazı
 
"Rəbbimiz onların, onlar kimilərinin cəzalarını çoxdan başladıb, sadəcə, bizlər bunu anlaya bilmirik..."
 
"Əslində Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar). (Qurani-Kərim, Əl-Bəqərə surəsi, 15)
 
-FİKİR SAVAŞI...-
 
Bu gün dünyamızda baş verən zülmləri, ədalətsizlikləri, haqsızlıqları görən və hələ vicdan hissini itirməmiş insanların çoxunu düşündürən suallardan biri də budur: “Allah Putini, Netanyahunu və onlar kimilərini, yəni müxtəlif ölkələrdə hakimiyyət başında olub öz xalqlarına və ya digər xalqlara olmazın zülmlər edən, repressiyalar, deportasiyalar, kütləvi qətliam və soyqırımlar törədən diktatorları, tiranları niyə kütləvi cinayətlər, günahlar törətdikləri məqamda, dərhal cəzalandırmır?..”  
 
Bəzi möminlər bu sualı “Allahın işinə qarışmaq”, “Allahı sorğu-sual etmək” kimi qələmə verə bilərlər... 
 
Doğrudur, Qurani-Kərimin “Ənbiya” surəsinin 23-cü ayəsində buyurulur:
 
“(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər...”
 
Əvvəla, sözügedən sualı ortaya atmaqda məqsədimiz heç də, əstəğfürullah, Yaradanımızı sorğu-sual etmək deyil... Əksinə, biz həmin suala cavab axtararaq Allah-Təalanı, əstəğfürullah, ədalətsizlikdə suçlamaq dərəcəsinə çatanlara baş verənlərin mahiyyətini Quran məntiqi ilə anlatmağa çalışmaqla onları imansızlığa yuvarlanmaqdan xilas etmək məqsədi güdürük...
 
İkincisi də, axı Rəbbimiz Özü sonuncu Kitabında eyni zamanda düşünməyi, baş verənləri təhlil etməyi və hər şeydə Allahın nişanələrini, onun hikmətini axtarmağı, görməyi təşviq edir. Məsələn:
 
“Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!”( Nəml surəsi, 62-ci ayə) 
 
Və yaxud:
 
“Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir”( Rum, 8).
 
Yəni Allah insanlara məntiqlə düşünməyi, ətrafındakı hadisə və prosesləri təhlil etməyi yox, Ona şərik qoşmağı, imansızlığa yuvarlanmağı qadağan edir... 
 
Bu yazıda biz bəhs etdiyimiz sualla bağlı Quran ayələrinin və dünya gerçəkliyinin məntiqi ilə gəldiyimiz nəticələri təqdim edir, baş verənlərdə Rəbbimizin hikmətini tapmağa çalışırıq.  Əgər hər hansı bir günah, səhv, xəta ediriksə, Allah Özü əfv etsin...
 
Və əlbəttə, dəyərli oxucular da yazımıza məntiqə uyğun iradlarını bildirə bilərlər... Və onların belə fikirlərini də nəşrimizdə təqdim etməyə hazırıq...
 
Xülasə, bəhs etdiyimiz suala cavab tapa bilmək üçün öncə Allah-Təalanın bəşər həyatını yalnız bu dünya deyil, “o dünya” dediyimiz Axirətlə paralel olaraq idarə etdiyini nəzərə almalıyıq. Yəni problemə dar bucaqdan, birtərəfli baxmamaqdan ötrü əvvəlcə Allaha, onun Kitablarına, Peyğəmbərlərinə, mələklərinə və Qiyamət gününə, Axirət dünyasına imanımız olmalıdır. Əks halda yalnız bu həyat, bu dünya çərçivəsində düşünsək, həyatımızın elə bu dünyadakı yaşamımızla sona yetdiyini güman etsək, bu və digər oxşar suallara məntiqi cavab tapmayacaq və əstəğfürullah, Allahın ədalətsiz olması düşüncəsinə və sonda onun, ümumiyyətlə, olmaması qənaətinə, əslində küfrünə doğru yuvarlanacağıq... 
 
Əvvəla, onu unutmayaq ki, kainatda tanıdığımız ən kiçik zərrəcikdən, orbitondan, elektrondan, pozitrondan, neytrondan, protondan, atomdan tutmuş planetlərə, Günəşə, nəhəng ulduzlara, sonu bilinməyən qalaktikalaradək, hüceyrələrdən, mikroorqanizmlərdən, bakteriyalardan, viruslardan, bitkilərdən, heyvanlardan tutmuş fillərə, balinalara və insanlara qədər, körpənin dünyaya göz açmasından, nitqinin açılmasından, ətraf aləmi dərk etməsindən, ən primitiv insan düşüncələri və hərəkətlərindən  tutmuş böyük elmi kəşflərə, süni intellektədək, tozun, yarpağın hərəkətindən tutmuş daşqınlara, yandırıcı, məhvedici şimşəklərə, leysanlara, daşqınlara, dağıdıcı zəlzələlərə, sunamilərədək, ox atışından, qılınc zərbəsindən, güllə atılmasından tutmuş nəhəng bomba və raketlərin atılmasına, nüvə partlayışlarına qədər – hər şey və hər kəs vəhdətdə vahid bir proqram əsasında idarə olunur. Odur ki, hər bir zərrənin, hər bir kosmik cismin hərəkəti, hər bir fiziki, kimyəvi, bioloji proses, xüsusən də hər bir insanın düşüncə, niyyət və əməlləri dünya və kainatdakı digər qlobal hadisə və proseslərə təsirsiz ötüşmür... 
 
Allah insanı yaradaraq Yer üzünü ona hər bir lazımi sərvət, qida ilə zəngin, rahat bir yaşayış məkanı edib və Peyğəmbərləri, Kitabları, imamları, övliyaları vasitəsilə ona Öz yolu ilə getməyi əmr edib. Allah ibadət edən cinlərdən biri kimi yaratdığı, sonradan ibadəti atdığı, əmrlərə tabe olmadığından “Şeytan” adlandırılan məxluqa isə bilərəkdən Qiyamət gününədək möhlət verib ki, onun vasitəsi ilə insanları sınaqdan, imtahandan çıxarsın. Yəni bir sözlə, Allah bu həyatı sınaq meydanı etmək üçün Xeyri, Şəri, həm yaxşı, xeyirxah, həm də pis, zülmkar insanları yaradıb. Əks halda Xeyir-Şər olmadığı, pisliklərin, savaşların, müharibələrin, zəlzələlərin, daşqınların baş verməyəcəyi dünyada imtahan şəraiti bərqərar olmaz və ümumiyyətlə, həyat maraqsız görünərdi... Bir sözlə, bu dünya üçün imtahan şəraitinin yaradılmasını da bir nemət kimi qarşılamaq gərəkdir...
 
İkincisi, əgər Allaha iman gətirmişiksə, baxaq görək, konkret ölkədə və ümumiyyətlə, Yer üzündə neçə sakin onu yaradan Allaha şərik qoşur, yəni Yaradan qarşısında ən böyük günahı edir. Söhbət yalnız hakimiyyət, vəzifə, var-dövlət sahiblərindən getmir, ən yoxsul insanlardan, dilənçilərdən belə gedir... 
 
Üçüncüsü, əgər Allaha iman gətirmişiksə, Onun Yer üzündəki bütün insanlara dərgahından qovduğu Şeytanın yox, Kitablarında, o cümlədən sonuncu Kitabı olan Qurani-Kərimdə və Peyğəmbərlərinin, eləcə də sonuncu Peyğəmbərinin(s) sünnəsində göstərilən yolla getmələrini tövsiyə etdiyini biliriksə, onda bu suala da cavab axtaraq: konkret olaraq zülmün baş alıb getdiyi hansısa bir ölkədəki milyonlarla, on milyonlarla, yüz milyonlarla və ya ümumiyyətlə, dünyada yaşayan milyardlarla insandan neçəsi Allahın buyurduğu yolla gedir, əxlaqsızlığa, zinakarlığa, əyyaşlığa, yalançılığa, oğurluğa, dələduzluğa, saxtakarlığa, rüçvətxorluğaI korrupsiyaya və s. yuvarlanmır... 
 
Dördüncüsü, əksinə, Yer üzündə neçə insan Allahın buyurduğu yolla getmir, sadaladığımız və sadalamadığımız günah, haram yollara yuvarlanır?..
 
Beşincisi, planetimizdə neçə insan üzdə, insanların arasında, cəmiyyətin içində özünü Allah yolu ilə gedən, həm bəşəri, həm milli dəyərləri qoruyan, halala-harama riayət edən və s. kimi göstərir, doğrudan da neçə bəndəyə yardım edir, əl tutur, amma əslində batində Şeytana, şərə tapınır, özünü "Allah adamı, insanları, xalqını, el-obasını sevən biri" kimi göstərməklə pərdə arxasında ölkəyə, dünyaya böyük zərbələr vuran şər əməllərlə məşğul olur və onları yayır, təbliğ edir?..  
 
Bütün bu dediyimiz və unuda biləcəyimiz digər suallar, amillər üzərində dərindən-dərinə düşünüb, özü də dünya və Quran məntiqi ilə, faktlarla düşünüb, yalnız sonra "Allah Putini, Netanyahunu və onlar kimilərini niyə dərhal cəzalandırmır" sualına cavab axtarmaq gərəkdir...
 
Beləliklə, öncə xatırlatdığımız kimi gözlə görünən və görünməyən, cansız və canlı, şüursuz və şüurlu hər şeyi Allah yaradıb və idarə edir. Və təbii ki, bu Böyük İdarəçilikdə, şüursuz və şüurlu varlıqlara yanaşmada xeyli fərqlər var. Rəbbimiz  neytrondan, elektrondan,  atomdan, molekuldan tutmuş planetlərə, ulduzlara, qalaktikalara, kainatadək cansız hesab etdiyimiz cisimləri də, Yer planetində və ya mümkün digər məkanlarda yaşayan şüursuz canlı varlıqları da hər biri üçün müəyyən etdiyi xüsusi proqramla idarə edir və onlar həmin proqramdan kənara çıxmırlar. Çünki ağıla, iradəyə, seçim şüuruna malik deyillər. İnsan isə şüursuz varlıqlardan fərqli olaraq ağıla, biliyə, elmə, və ən əsası, seçim haqqına, iradəyə, niyyətə, məqsədə, amala, ideyaya malik olur...
 
Məşhur “Ayətəl-kürsi”nin(Qurani-Kərim əl-Bəqərə, 255, 256 və 257-ci ayələri) tərkibinə daxil olan ayəsində(256) “La ikrahə fid-din”- “Dində məcburiyyət yoxdur” deyən Yaradanımız heç kəsi İslamı, yəni Ona təslim olmağı seçməyə məcbur etmir... Kim istəyir Allahın yoluyla gedir, kim istəyir –Şeytanın... Rəbbimiz Yer üzündəki xeyli insana Şeytan yoluyla getməyə imkan versə də, onları tam özbaşına buraxmır... Bəs nəyə görə onların Şeytan yoluyla getməsinə imkan verir? Ona görə ki, belə olmasa, bu dünya həyatımızda bütün insanların imtahan verməsi, sınaqdan keçməsi üçün şərait yaranmaz... Axı hamı Allah yoluyla getsə, həyat da maraqsız olar... İfrat dərəcədə və daha geniş miqyasda, ölkə, qitə, bəşəriyyət səviyyəsində günaha, harama əl atan məxluqlar isə bir növ Şeytanın canişinləri rolunu oynayırlar. Qalır günahkar insanların, xüsusən də  Şeytan canişinlərinin şər yolla getməsinə hansı həddə qədər imkan verilməsinə... Bu baxır Allah yoluyla getməyə çalışan insanların əks tərəfə nə qədər və nə dərəcədə müqavimət göstərməsinə... Əgər Şeytan canişinlərinin  dünya hakimiyyəti altında olanların da əksəriyyəti həmin canişinlərə, yaxud onların əlaltılarına, kölələrinə uyaraq onlara qarşı real və ya passiv mübarizə aparmaq, ən azı söz demək, dua etmək əvəzinə, özləri də bu həyatda mövcud olmaq naminə daha çox günaha, harama girməklə bir növ o canişinlərin rəhbəri olduğu rejimlərin, o şeytani sistemin bir vintinə çevrilərək həmin sistemin daha da möhkəmlənməsinə xidmət edirlərsə, sözsüz ki, Rəbbimiz  o ölkənin, o cəmiyyətin zülmünü- başqa sözlə, imtahan, sınaq dövrünü, yaxud o canişinin həmin ölkə üzərində hökmranlığını daha da uzadar... Təbii ki, Özünün bildiyi müəyyən məqamadək... Sonda ya həmin canişinləri və onların arxalarında duran qrupu məhv edəcək, ya da bütün səmavi dini kitablarda, o cümlədən Quranda xatırlanan Sodom,  Qomorra şəhərləri, məmləkətləri kimi bütövlükdə, yalnız bir neçə seçilmiş bəndələr xaric sakinləri, xalqları ilə birlikdə məhv edəcək... Əlbəttə, ən doğrusunu Rəbbimiz bilər... 
 
Bu günlərdə Suriyada 61 illik “BƏƏS”, 53 illik ata-oğul Əsəd rejimi çoxlarının gözləmədiyi bir şəraitdə çökdü. Onun adı “Bəşər” yəni insan, adam olan, ölkəsinin on minlərlə vətəndaşını güllələtmiş, zindanlarda olmazın əzab, işgəncələr vermiş, sonda isə ona qarşı qalxan kütləvi etiraz üsyanlarının, vətəndaş müharibəsinin, xarici güclərin müdaxiləsinin nəticəsi olaraq milyonlarla sakininin həm ölkə daxilində, həm də xarici ölkələrə didərgin düşməsinə səbəb olmuş lideri tarixin ən qəddar işğalçı, imperator və diktatorlarından biri olan himayəçisi, Rusiya lideri V.Putinin köməyi ilə canını və külli miqdarda pulunu götürüb qaçdı... Bəziləri deyə bilər ki, hə, nə olsun, bundan sonra da gedib Moskvada evləri, mülkləri, biznesləri hesabına yenə kef edəcək, hələ bəlkə elə şərait yetişəcək ki, ağası Putin onu yenidən hakimiyyətə qaytaracaq... Əlbəttə ki, bu, yenə də həyata yalnız bu dünya prizmasından baxanların, özü də həm də siyasi məntiqsiz baxanların düşüncəsidir... Əvvəla, Allah-Təala Bəşər Əsəd və onun kimilərə elə hakimiyyət başında ikən cəza verir, sadəcə biz bunu dərk etmirik.
İkincisi, indi ölkəsindən, xalqının haqlı cəzasından qaçaraq Moskvaya sığınmış keçmiş Suriya diktatoru həyatının qalan hissəsini Putinin istədiyi vaxt, istədiyi buyuruğu verəcəyi, hətta “qul bazarı”nda sata biləcəyi, əsil bir köləsi kimi, alçalmış bir durumda yaşayacaq...
Üçüncüsü, sırf siyasi baxımdan yanaşdıqda da, mövcud dünyanın gerçəkliyində Bəşər Əsədin artıq geri dönüşü də mümkün deyil. Çünki gözümüzün qabağında dünya böyük sürətlə dəyişir, kimin ağlına gələrdi ki, dünən Türkiyə kəşfiyyatının rəhbəri Şam(Dəməşq) şəhərinin məscidində namaz qılacaq?.. Çünki artıq SSRİ dövrü deyil və Rusiya imperiyasının özü də sürətlə uçuruma doğru yuvarlanır və Putinin özünün də qaçmağa yer axtaracağı vaxt uzaqda deyil...
Dördüncüsü isə, Əsədin, uzağı, bir neçə ilə Beynəlxalq Cinayət Məhkəməsinə təhvil veriləcəyi ehtimalı, yaxud Moskvada hansısa “terrorçu” tərəfindən qətlə yetirilməsi ehtimalı da böyükdür... 
 
Digərləri də deyə bilərlər ki, Əsəd diktatorların içərisində siyasi və hərbi, xarici və daxili mühafizə baxımından ən zəiflərindən, az varidatı olanlardan biri idi, görürsüz, digərləri, məsələn Kim Çen In, yaxud Maduro,  eləcə də Səudiyyə Ərəbistanın, BƏƏ-nin və s. diktatorları yerlərində hökmranlıqlarını davam etdirirlər və bəzilərinin arxasında heç Rusiya, yaxud Çin yox, ədalətdən, demokratiyadan, insan haqlarından danışan ABŞ, Avropa dayanır... Darıxmayın, səbirli olun, hər aşiqin bir dövranı var...  Həm də insanın ən sadiq və etibarlı dostu, arxası yalnız Allahdır... Və O, yetərincə səbirlidir... Və bu mənada Şeytana, onun canişinlərinə arxayın olanların arxası ən etibarsız, ən çürük dayaqdır... Və həmin dayaq istənilən an çökə, yox ola bilər. Necə ki, Əsədin, ondan əvvəl Hitlerin, Mussolininin, Pinoçetin, İran şahının, Səddamın, Mübarəkin və s. dayaqları yox oldu...  
 
Və ən əsası, əslində Allah elə bu saat, bu anlarda da zülmkarlara, saxtakarlara, müşriklərə(Yaradana şərik qoşanlara) cəza verir, sadəcə, onu nə özləri, nə də həmin cəzanın mahiyyətinin anlamayan bizlər dərk edirik... Amma yəqin bilin ki, hər kəs etdiyi yaxşı və ya pis şeylərin qarşılığını mütləq alacaq.  
 
“Allah günahkarlara möhlət verməklə onların  başını qatır və cəzalarını daha da artırır... Onlar alçaldıcı bir əzab görəcəklər!..” (Qurani-Kərim, Ali-İmran surəsi, 178-ci ayə)
 
Və bu günümüzlə səsləşən daha bir ibrətamiz ayə:
 
(Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar). (Qurani-Kərim, Əl-Bəqərə surəsi, 15)
 
Bu gün  bütün bəşərin gözü qabağında öz zəlaləti içində şaşqın və sərgərdan qalan kimdir? - Putinin qucağına sığınmış Bəşər Əsəd... Öz zəlalətləri içərisində şaşqın qalanlar kimlərdir: bayaq dediyimiz, Kim, Maduro, ərəb kralları, elə həm də Putin kimilər...
 
(Davamı var hələ, inşəAllah...)
 
Sultan Laçın
 
Chosen
27
moderator.az

1Sources