EN

Tramp İranı vuracaq

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün onu vurmağı düşünür. 

“Cebheinfo.az” xəbər verir ki, “The Wall Street Journal” qəzeti Tramp komandasındakı mənbələrə istinadən belə məlumat yayıb. 

“Trampın keçid komandasının bəzi üzvləri indi nüvə obyektlərinə hərbi zərbələr endirmək imkanlarını daha ciddi şəkildə araşdırırlar. Komandanın nümayəndələri bildiriblər ki, İranın bölgədəki mövqeyinin zəifləməsi və nüvə fəaliyyətini genişləndirməsi haqqında son məlumatlar daxili gizli müzakirələri aktivləşdirib”,-deyə adıçəkilən nəşr yazır. 

“Lakin bu məsələ ilə bağlı bütün müzakirələr çox ilkin xarakter daşıyır”,- deyə məlumatda qeyd edilir. 

“İnrefax” isə xəbər verir ki, Trampın bir çox müşavirləri və tərəfdaşları söhbətin əsasən İsrailin Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə zərbələrini dəstəkləməkdən, hətta ABŞ-nin əməliyyatda mümkün iştirakından getdiyini bildirib. İsrailin indiki və keçmiş rəsmiləri izah ediblər ki, İranın bir çox müəssisələri yerin altında olduğundan, İsrailin müstəqil səylərinin nə dərəcədə uğurlu olacağı məlum deyil. Eyni zamanda, gələcək administrasiyanın Tehrana maksimum təzyiq üçün yeni strategiya hazırladığı deyilir. 

Bu çərçivədə iki yanaşma nəzərdən keçirilir. 

Birincisi, Yaxın Şərqə əlavə təyyarələrin, gəmilərin və hərbi personalın göndərilməsini, İsrailə bunker əleyhinə bombalar kimi daha mükəmməl silahların satışını və Tehranı danışıqlar masasına oturtmağa məcbur edəcək sanksiyaları özündə birləşdirir. 

İkinci yanaşma ABŞ-nin İrana qarşı güc tətbiq etmə hədəsini İran iqtisadiyyatına ciddi ziyan vuracaq sanksiyalarla birləşdirməklə eyni nəticəyə nail olmaqdır. 

Bununla yanaşı, “Wall Street Journal” Trampın hansı variantı seçəcəyinin bəlli olmadığını yazır. İlk prezidentlik müddətinin sonunda Tramp beynəlxalq müfəttişlərin Tehran tərəfindən parçalanmış maddələrin həcminin artdığını bildirməsindən sonra İrana qarşı qabaqlayıcı zərbələr endirmək barədə düşünürmüş. Sonradan Tramp zərbə endirmək variantı barədə ciddi düşündüyünü təkzib edib. 

Ötən həftə qəzet qeyd edirdi ki, Amerika kəşfiyyatı İranın 12-dən çox nüvə bombası düzəltmək üçün materiala malik olduğunu bildirib. 

Kəşfiyyatın məlumatlarına görə, o, hələ bunu etməməsinə baxmayaraq, indi onları istehsal etməyə daha yaxşı hazırdır. Dekabrın 12-də “The Times of Israel” öz mənbələrinə istinadən yazıb ki, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirmək əmrini gözləyir. 

Chosen
38
cebheinfo.az

1Sources