Aİ, Rusiya, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat dəhlizinin tranzit potensialı ildə 20 milyon ton yük təşkil edir
Azərbaycan Asiyadan Avropaya və əksinə yükdaşımaların əhəmiyyətli hissəsinin öz ərazisindən həyata keçirilməsi üçün bütün mümkün imkanlardan yararlanmaq niyyətindədir. Rəsmi Bakı həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinin aktiv iştirakçısıdır.
Ölkədə tranzit yüklərin artan həcmlərinin ötürülməsi üçün müvafiq infrastrukturun potensialı getdikcə artırılır. Eyni zamanda dəhlizlərə cəlb olunacaq yük həcmlərinin artırılması üçün Asiya ölkələri ilə əlaqələr dərinləşdirilir, ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarında iştirak genişləndirilir. Bu baxımdan, Pakistanla əldə olunan razılaşma xüsusi əhəmiyyət daşıyır.
Artıq xəbər verdiyimiz kimi, Azərbaycan və Pakistan yükdaşıma prosedurunu mümkün qədər sadələşdirmək üçün yeni nəqliyyat marşrutunun yaradılması barədə razılığa gəlib. Pakistan İslam Respublikasının Federal Vergi Xidmətinin qərarına əsasən, bundan sonra Azərbaycanda qeydiyyatda olan avtonəqliyyat vasitələri bu ölkəyə tranzit və ikitərəfli ticarət yüklərini gömrük yoxlamasından, rüsum və vergilərdən keçmədən daşıya biləcək. Bu, iki qardaş ölkə arasında 2024-cü ildə imzalanmış tranzit ticarət sazişi sayəsində mümkün olub. Yenilik Azərbaycanın Pakistanın Kəraçi, Məhəmməd bin Qasim və Qvadar limanları vasitəsilə idxal etdiyi yüklərə, eləcə də dövlətimizdən Pakistan limanları vasitəsilə üçüncü ölkələrə daşınan tranzit yüklərə aiddir. Təbii ki, sadələşdirilmiş rejim hər iki istiqamətdə işləyəcək və Pakistandan Azərbaycan limanlarına çıxarılan yüklərə, eləcə də Azərbaycandan keçməklə digər ölkələrə tranzit yüklərə şamil olunacaq.
Yada salaq ki, 2024-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev Pakistana dövlət səfəri zamanı iki ölkə arasında bir sıra mühüm sənədlər, o cümlədən ticarət və yükdaşımaların sadələşdirilməsini nəzərdə tutan Tranzit və Preferensial Ticarət Sazişləri imzalanıb. Nəticə etibarilə Azərbaycandan Asiyaya yeni nəqliyyat dəhlizi Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin artmasına töhfə verməklə yanaşı, Azərbaycan mallarının Pakistandan keçməklə digər Asiya ölkələrinə tranziti üçün əlverişli şərait yaradacaq. Öz növbəsində Pakistan və digər Asiya ölkələri Azərbaycana və onun vasitəsilə üçüncü ölkələrə tranzit yüklər daşıya biləcək.
Azərbaycanın Pakistanla əldə etdiyi razılaşma həm də ona görə əhəmiyyətlidir ki, Pakistan Çinin reallaşdırdığı “Bir Kəmər Bir Yol” layihəsinin ən mühüm həlqələrindən biridir. Bu layihə çərçivəsində Çin Pakistanın Qvadahar limanını idarəetməyə götürüb, iki ölkə arasında dəmiryol əlaqəsinin yaradılması üçün layihənin icrasına başlanılıb. Bundan əlavə, Pakistan Özbəkistanla birlikdə Transəfqanıstan dəmir yolu dəhlizi yaradılması layihəsini icra edir. 2021-ci ildə başladılan layihə Özbəkistanın dəmiryol sisteminin Əfqanıstan üzərindən çəkiləcək yeni dəmiryolu vasitəsilə Pakistana birləşdirilməsini nəzərdə tutur. Layihənin dəyəri 5 milyard dollar həcmində qiymətləndirilir. Avropa İttifaqı, Rusiya, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat dəhlizinin tranzit potensialı, ekspertlərin hesablamalarına görə, təxminən ildə 20 milyon ton yük təşkil edir.
Uzunluğu 600 km olan dəmir yolu Mərkəzi Asiya ölkələri üçün Pakistanın əsas dəniz limanlarına çıxış açacaq ki, bu da regional kommunikasiyaların və ticarətin inkişafına şərait yaradacaq. O Mərkəzi Asiyanı Pakistanın Karaçi, Qvadar və Qasim limanları ilə birləşdirən ən sərfəli və ən qısa marşrutdur.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu layihənin xüsusi əhəmiyyətini qeyd edib: “Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu bizim ümumi gələcəyimizdir. Bu marşrut tamamlandıqda biz Pakistanı Mərkəzi Asiya ilə birləşdirən ən yaxın, ən ucuz və təhlükəsiz dəhlizi yaratmış olacağıq. Bu dəmir yolu bölgələrimizin görkəmini tamamilə dəyişəcək”.
Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra bir müddət arxa plana keçirilən layihə 2022-ci ildən yenidən gündəmə gətirilib. Həmin ilin yanvarında Əfqanıstanın müvəqqəti hökuməti dəmir yolunun marşrutunu təsdiq edərək Özbəkistana Pakistan limanlarına çıxış imkanı verib. 2023-cü ildə isə layihənin praktiki icrasını sürətləndirmək üçün Daşkənddə Termiz - Məzari-Şərif - Kabil - Pişəvər dəmir yolunun tikintisinin əlaqələndirilməsi üzrə layihə bürosu açılıb.
Özbəkistanın cənubundakı Termez şəhəri ilə Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərini birləşdirən dəmir yolu 2011-ci ildən fəaliyyət göstərir. Onun vasitəsilə Özbəkistan indi ehtiyacı olan əfqanlara humanitar yardım çatdırır. Bu dəmir yolu Trans-Əfqan Dəmir Yolunun bir hissəsi olacaq. Əfqanıstan ərazisindən keçən dəmir yolunun tikintisi, son hesablamalara görə, 4,8 milyard dollara başa gələcək.
2024-cü ildə Özbəkistan hökuməti “Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər” Trans-Əfqan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini aktivləşdirib. Özbəkistan layihəyə ərəb sərmayələrini cəlb etməyə çalışır, ötən ilin oktyabrında onun Qətər investorları üçün təqdimatı keçirilib. Bundan əlavə, Daşkənd Avropa İttifaqının da layihəyə maraq göstərdiyini açıqlayıb. Bu ilin fevralında Avropa İttifaqının maliyyə strukturları Özbəkistan ərazisində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə 1,5 milyard avro vəsait ayırıblar. Brüssel Mərkəzi Asiya ölkələrinin hamısının Orta dəhliz layihəsində iştirakına nail olmağa çalışır. Burada həmçinin Mərkəzi Asiya üzərindən Asiyanın digər ölkələrinə, o cümlədən də Pakistana alternativ çıxışın təmin olunması məqsədi güdülür.
Qeyd edək ki, Özbəkistan üzərindən dəmiryolu və avtomobil nəqliyyatı ilə Pakistana və həm dı dünya okeanına çıxış əldə etmək Azərbaycan üçün vacib şərtlərdən biridir. Məlumdur ki, Azərbaycanın belə bir əlaqəni Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə İranın Çabahar limanı üzərindən yaratmaq imkanı da var. Hindistan hətta bu liman vasitəsilə Transəfqan dəmiryol xəttinə də qoşulmağı planlaşdırır və layihəyə maraq göstərirdi. Lakin ABŞ sanksiyaları bunun qarşısını almış oldu. İrana qarşı barışmaz mövqedə olan Donald Trampın yenidən ABŞ-da hakimiyyətə gəlişi ilə bu sahədə vəziyyətin daha da kəskinləşəcəyi gözlənilir. Transəfqan dəmriyolu layihəsinin icrası Azərbaycan üçün həm də bu baxımdan vacibdir. Çünki İranın açar rolu oynadığı, daha çox Rusiyanın maraqlarına cavab verən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrasına ABŞ-ın imkan verəcəyi ciddi şübhə doğurmaqdadır. Hindistanın Vaşinqtondan gələn sanksiya xəbərdarlıqlarını qulaqardına vurub İran üzərindən dəhlizi inkişaf etdirəcəyi də həmçinin. Bu isə diqqətlərin Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən keçən marşruta yönələcəyi deməkdir.
Azərbaycan həmçinin Əfqanıstan üzərindən reallaşdırılan daha bir layihənin icrasında aktiv iştirak edir. Söhbət Lapis-Lazuli nəqliyyat marşrutundan gedir. Marşrutun yaradılmasına dair dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.
Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.
Marşrutla ilk yüklər 2018-ci ildən daşınmağa başlayıb. Əfqanıstandakı məlum proseslər bu sahədə də işlərin ləngiməsinə səbəb olsa da, artıq Lapis-Lazuli marşrutunda daşımaların artırılması üçün taliban tərəfindən təşəbbüslər gəlməyə başlayıb.
Bu ilin oktyabrında Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lapis-Lazuli” marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə İstanbulda keçirilən tədbirdə iştirak edib. Tədbirdə marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlərin görülməsi, ölkələr arasında məlumat mübadiləsinin aparılması, məşvərət qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanması müzakirə olunub. Rəşad Nəbiyev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində beynəlxalq və regional əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.
Nazir Türkiyəyə səfəri çərçivəsində Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb. Görüşdə nəqliyyat sahəsində ikitərəfli və “Lapis-Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan regional tranzit qovşağına çevrilmək üçün zəruri olan kompleks tədbirləri davam etdirir. Bu tədbirlər yalnız qısa və ortamüddətli deyil, həm də uzunmüddətli dövrə hesablanıb. Bu mənada Asiyadan gələcək yüklərin bir qisminin Ermənistandan keçəcək Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan isə Türkiyə və Avropaya daşınması planları xüsusi əhəmiyyətə malikdir. Ermənistanla sülh müqaviləsinin imzalanması bu dəhlizin işə salınması üçün əlverişli zəmin yaradacaq.
Azərbaycan həmçinin yüklərin bir qisminin İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya daşınması layihəsinin icrası ilə məşğuldur. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun dediyinə görə, artıq İranlı həmkarları ilə Ağbənd-Salam-Məlik (Naxçıvan) dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini, demək olar ki, razılaşdırıblar. Onun sözlərinə görə, hazırda Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir. Növbəti mərhələdə Naxçıvan dəmir yollarının yenidən qurulmasının detallı layihə sənədlərinin hazırlanması işləri aparılır. Rövşən Rüstəmov onu da bildirib ki, hazırda İran tərəfi ilə körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrutla bağlı son danışıqlar aparılır.
Dünya SAKİT,
“Yeni Müsavat”