EN

Diplomsuz prezident: Futboldan siyasətə – Rəfi Müslümov yazır

 

Bu gün Gürcüstanda prezident seçkiləridir. Xarici mətbuatın “Putinin namizədi” adlandığı keçmiş futbolçu və ali təhsili olmayan Mixeil Kavelaşvili hakim “Gürcü arzusu” partiyası tərəfindən Gürcüstanın yeni prezidenti olmağa hazırlaşır.

Bundan əlavə, Rusiyanın dəstəklədiyi Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” partiyasının siyasi kuluarlarında onun adı artıq populyarlaşıb desək, yanılmarıq.

İndi isə gələk əsas məsələyə: Mixeil Kavelaşvili kimdir?

53 yaşlı Kavelaşvili siyasətə gəlməmişdən əvvəl peşəkar futbolçu olub. O, 1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” klubunda çıxış edərək Rusiya çempionluğunu əldə edib. 1996-cı ildə “Manchester City”yə keçib, bir il sonra isə “şəhərlilər”dən İsveçrənin “Grasshoppers” klubuna icarəyə verilib. O, burada həm də İsveçrə çempionu olmağı bacarıb. Populyar futbol karyerası olmayan Kavelaşvili karyerasını 2006-cı ildə elə İsveçrədə – “Bazel” klubunda başa vurub.

Gürcüstan mətbuatı yazır ki. Kavelaşvili bir dəfə iqtisadçı olmaq üçün təhsil almağa başlayıb, lakin ali təhsilini tamamlamayıb. Buna görə 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti olmaq şansı olmayıb. Bu hadisədən sonra isə o, siyasətə qoşulub. 2016-cı ildə “Gürcü arzusu” partiyasından parlamentə seçilib. Partiya onu “diplomu olmasa da, savadlı” biri kimi təqdim edib və “vətənpərvərlik üçün təhsilə ehtiyac olmadığını” vurğulayıb. Buna baxmayaraq, Gürcüstanda heç vaxt ali təhsili olmayan prezident olmayıb.

“Gürcü arzusu”nun dəstəyi və İvanişvilinin açıqlamaları

Partiyanın yaradıcısı Bidzina İvanişvili Kavelaşvilini “dürüst, ədalətli və vətənpərvər” biri kimi təsvir edir. Onun sözlərinə görə, Kavelaşvili gürcü kişisinin ən yaxşı təcəssümüdür və dörd uşaq atasıdır. İvanişvili həmçinin Kavelaşvilinin əsas vəzifəsinin Salome Zurabişvili administrasiyası dövründə “prezidentlik institutunun itirilmiş ləyaqətini bərpa etmək” olduğunu bildirib.

Mübahisəli mövqeləri və qanun təşəbbüsləri

2022-ci ildən Kavelaşvili anti-Qərb bəyanatları ilə tanınan və “Gürcü arzusu”nun təsirində olan “Xalqın Gücü” siyasi qrupunda təmsil olunur. 2023-cü ilin yazında “Xalqın Gücü” “Xarici agentlər haqqında” qanunun təşəbbüskarı olub. Qanun geniş etirazlara səbəb olduğu üçün geri çəkilsə də, bir il sonra yeni adla qəbul edilib. Parlament müzakirələrində isə Kavelaşvili bu qanunun müdafiəsində əsas rol oynayıb.

Əmlak və maliyyə vəziyyəti

2024-cü ildə təqdim edilmiş əmlak bəyannaməsinə əsasən, Kavelaşvilinin Tbilisidə 22 min dollarlıq qarajı və bankdan götürdüyü 84 min lari məbləğində krediti var. Onun illik maaşı 49 min 416 laridir. Həyat yoldaşı Tamar Baqrationi “Geomak” şirkətinin səhmlərinin 40%-nə sahibdir. Digər daşınmaz əmlak və aktivlər isə bəyannamədə qeyd olunmayıb.

İndi qonşuda əsas sual olunan məsələ budur: Diplomsuz prezident Gürcüstana nə vəd edəcək? Futbolçuların siyasi arenaya qoşulması məsələsində onsuz da estafeti Kaxa Kaladze başladıb. Belə görünür ki, hakim “Gürcü arzusu” paytaxtın və ölkənin de-fakto idarəsini (Gürcüstan parlament respublikasıdır – red.) keçmiş futbolçulara tapşırmaqla yeni siyasi xətt cızmaq arzusundadır.

Chosen
61
1
yenicag.az

10Sources