EN

Azərbaycanlıların kriptovalyuta yatırımları - Ekspertdən çağırış

ABŞ-də keçirilən prezident seçkilərindən sonra kriptovalyuta bazarında artım olacağı proqnozlaşdırılırdı.

Bitcoinin kursunun 100 min dolları ötməsi də bu proqnozları doğrutlmış oldu. Bəs ölkəmizdə nə üçün kriptovalyutaya maraq yoxdur?

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, bu alıcılıq qabiliyyəti ilə bağlı məsələdir:

“Ölkədə pul kütləsi və alıcılıq qabiliyyəti o səviyyədə deyil ki, daxili bazarda ona tələbat olsun. Kriptovalyuta kifayət qədər qeyri-müəyyən və qeyri-sabit vasitədir. Ölkə investorları da daha çox ənənəvi aktivlərə istiqamətlənir. Eyni zamanda kriptovalyuta bazarına ölkədə çıxış imkanlarında da problemlər var. İnvestisiyaların reallaşdırılmasını həyata keçirmək ölkə investorları üçün bir qədər mürəkkəb, abstrakt görünür”.

Ekspert bunu müsbət hal kimi dəyərləndirdiyini bildirib:

“Kriptovalyutalara olan yatırımlar çox spekulyativdir. Oradakı dəyişikliklər çox sürətlə və spekulyativ amillərlə bağlı olur. Son həftələrdəki artım Amerika Birləşmiş Ştatlarındakı prezident seçkilərinin nəticəsi ilə bağlıdır. Amma Tramp Administrasiyasının dövründə real göstəricilər, o cümlədən kriptovalyuta bazarında olacaq vəziyyət çətin proqnozlaşdırılır. Burada müxtəlif ssenarilər ola bilər, mən hesab edirəm ki, ölkəmizin investorları bu tip yatırımlara ehtiyatlı yanaşmalıdırlar. Mənə elə gəlir ki, kriptovalyutalara meylin az olması əslində adekvatdır. Ölkəmizdə investisiya çatışmazlığı olduğunu nəzərə aldıqda, biz milli iqtisadiyyata yatırımlarımızı artırmalıyıq, nəinki valyutanın ölkədən çıxışı ilə bağlı layihələrə üstünlük verməliyik”.

Chosen
11
23
modern.az

10Sources