EN

“Bəzi epizodlarda daha soyuqqanlı olmalıydıq”

Azərbaycan Premyer Liqasının XVII turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı oyunun şahidi olduq. Temp, dinamika yüksək idi. İki komanda da ən yaxşısını etməyə çalışırdı. Komandamın oyunundan məmnunam. İstədiyim futbolu göstərməyə çalışırdılar. Futbolda bəzən belə də olur, yaxşı oynayırsan, amma uduzursan. Yolumuza davam edirik.

– Bu gün bəxtsizlik ön plana çıxdı, yoxsa hakimin nəsə təsiri var idi?
– Hakimlərin üzərinə yüklənməyək. Birinci hissədəki epizodu penalti kimi düşünürəm. Amma hakimdən soruşanda dedi ki, yüngül müdaxilədir. Ümid edirəm ki, hakimlər bizimlə də görüşəndə belə epizodları başa salacaqlar. Ümumiyyətlə iki komandanın meydanda mübarizə apardığı oyun oldu. Oyun da göstərirdi ki, qol vuran qələbə qazanacaq. Şanssızlıq deməzdim, sadəcə bəzi epizodlarda daha soyuqqanlı olmalıydıq. Futbolda belə hallar qaçılmazdır. Heç kəs bunlardan siğortalanmayıb. Düşünürəm ki, daha artığını etməliyik.

– İlin son oyunu “Qarabağ”la olacaq. Bu gün qələbə qazansaydınız, fərqli motivasiya ilə çıxacaqdınız?
– Bu sualı mənə birinci turdan sonra da vermişdilər. Çempionat uzundur. Oyunlar fərqlidir, birində uduzursan, birində udursan. Nə üçün ruh düşkünlüyü yaransın? Komandamız möhkəmdir. Məğlubiyyətlər olacaq, yenə də futbolçularıma inanıram. Onlar həmişə ən yaxşısını etməyə çalışacaqlar.

Şahin Cəfərov

Chosen
30
futbolpress.az

1Sources