EN

"Hər il qənaət etməyə çalışmışıq" - “Formula-1” işi

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şirkətin maliyyə təchizat şöbəsinin müdiri Zaur Məlikaslanov ifadə verib.

Şahidin sözlərinə görə, tenderlər bağlı sənədləri təqdim edən şirkəti Çingiz Mehdiyev təklif edib. O bildirib ki, malların alınması ilə bağlı şirkətin rəhbəri nəzarət edib: "Sifariş olunan mallar formalardan ibarət olub. Hamısı da xaricdən gəlib. Bütün malların gömrük bəyannaməsinin görməmişəm. Amma təhvil-təslim sənədlərinə imza etmişəm".

Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, Çingiz Mehdiyevin təqdim etdiyi şirkəti araşdırmayıb və ona inanıb. Suallara cavab verən şahid qeyd edib ki, malların sifarişlə bağlı sənədlər onun özü tərəfindən imzalanıb, mallar sifariş edib.

Zaur Məlikaslanov qeyd edib ki, alınan mallar xüsusi mallar olub, həmin mallar Azərbaycanda istehsal olunmayıb. Onun sözlərinə görə, malların baha olmasına keyfiyyətsiz olmasını bilməyib: "Mallar alınandan, təhvil-təslim olunandan sonra pulları ödənilib. Çingiz Mehdiyev malların alınmasında sərəncam verən şəxslərdən olub. Amma bizə əmr imzalayıb verən şəxs olmayıb. Malların alınmasını təklif edirdi. Malların markasını Çingiz Mehdiyev yox, federasiya göstərirdi, mallarda ona uyğun alınırdı. Maliyyənin alınmasına görə pulun ayrılmasına mən və departament şöbəsi imza edib".

Şahid qeyd edib ki, onların fəaliyyətini auditorlar palatası, hesblama palatası və vergilər departamenti yoxlayıb. Onun sözlərinə görə, onlar hər il qənaət etməyə çalışıblar: "Malların qiymətlərini Çingiz Mehdiyev təqdim edirdi. Amma malların qiymətləri heç vaxt müzakirə olunmayıb".

Çingiz Mehdiyev şahidin ifadəsi ilə razı olmadığını deyib.

Növbəti proses 2025-ci ilin yanvarın 13-ə təyin olunub.

İttihama görə, Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur.Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.


Müəllif: Hacı Zeynalov
Chosen
35
teleqraf.com

1Sources