EN

7 körpənin öldüyü yanğın: akt elan olundu

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi keçirilib.

News365.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin keçmiş direktoru Mehriban Abasquliyevanın məhkəməyə göndərdiyi ərizə elan olunub.

O, ərizəsində yanğınla bağlı izahat verib, yanğın təhlükəsizliyi texnikalarına baxış keçirilməsini istəyib.

Bildirib ki, texniki işlərə baxan növbədə olan şəxslər yerlərində olmayıblar, yanğın baş verəndən sonra onların harada olmaları barədə videogörüntülər var. O, həmin görüntülərin araşdırılmasını istəyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, mərkəzdə baş verən yanğında 177 min manatlıq tibbi cihaz və digər avadanlıqlar yanaraq sıradan çıxıb.

İttiham aktı elan olunduqdan sonra təqsirləndirilənlərdən heç biri özünü təqsirli hesab etməyib.

Məhkəmənin növbəti iclası yanvarın 13-də keçiriləcək.

Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Chosen
25
12
news365.az

10Sources