EN

BMqT-nin Azərbaycan nümayəndəliyi ölkəyə könüllü qayıdanların dayanıqlı reinteqrasiyasını dəstəkləyir

Bakı, 16 dekabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi müxtəlif Avropa ölkələrindən könüllü olaraq geri qayıtmış 295 nəfərə kiçik biznesin qurulması, müvəqqəti yaşayış yeri, təhsil və ya tibbi ehtiyaclarının təmin edilməsi şəklində reinteqrasiya yardımı göstərib.

Bu barədə AZƏRTAC-a nümayəndəlikdən məlumat verilib. Bildirilib ki, BMqT-nin Azərbaycan nümayəndəliyi dünya miqyasında tanınan Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) proqramı çərçivəsində Azərbaycan vətəndaşlarının könüllü olaraq ölkəyə qayıdışını və reinteqrasiyasını dəstəkləmədə davam edir. BMqT 2018-ci ildən etibarən 5400-dən çox şəxsin Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışını təmin edib və əsasən Belçika, Almaniya, Niderland, Norveç, Finlandiya və İsveçrədən qayıdan 3400-dən çox şəxsə reinteqrasiya dəstəyi göstərib. Bu təşəbbüslər miqrantların hüquqlarını təmin etməklə yanaşı, BMqT-nin təhlükəsiz, nizamlı və ləyaqətli miqrasiyanı təşviq edən qlobal səylərinə uyğundur. 1979-cu ildən etibarən BMqT hökumətlər, beynəlxalq təşkilatlar və qeyri-hökumət tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində dünya üzrə 1,6 milyondan çox şəxsin qayıdışını və reinteqrasiyasını dəstəkləyib.

BMqT-nin reinteqrasiya yardımı proqramı Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin, xüsusilə də təhlükəsiz və məsuliyyətli miqrasiyanın asanlaşdırılmasına yönəlmiş 10.7 hədəfin həyata keçirilməsinə birbaşa töhfə verir. Bu proqram, həmçinin Gündəliyin 10.2, 17.9 və 17.17 kimi digər aidiyyəti hədəflərini də dəstəkləyir.

KQYR proqramı, eləcə də təhlükəsiz və ləyaqətli qayıdış, dayanıqlı reinteqrasiyanı asanlaşdırmaq üzrə əməkdaşlığı vurğulayan Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Sazişin 21 saylı məqsədinə uyğun gəlir. Eyni zamanda, BMqT miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi üzrə ümumi öhdəliyi çərçivəsində sözügeden Sazişin 1 (məlumatların toplanması), 3 (məlumatlandırma), 4 (hüquqi vasitələrin təmin edilməsi), 7 (həssas vəziyyətlərn azaldılması), 12 (skrininq və istiqamətləndirmə) və 13 (fövqəladə şəraitdə miqrasiya) saylı məqsədlərinə də töhfə verir.

BMqT qeyd edilən hədəflərə və məqsədlərə nail olmaq üçün Azərbaycan hökumətinin sadiq tərəfdaşı olaraq qalır.

Chosen
18
1
azertag.az

2Sources