EN

Haqq savaşımızın qəhrəman oğlu

Erməni faşistlərinə qarşı haqq savaşımızda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun, əsgər və zabitlərin şücaəti, qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalan əzəli yurd yerimiz- Qarabağımız azadlığa qovuşdu. Bu müqəddəs yolda qanı ilə tarix yazaraq 22 yaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Cəlilabadın Bəcirəvan kəndində boya-başa çatan Ayaz Nizami oğlu Abbasov oldu. Bununla da xalqımızın igid, vətənpərvər oğlu qəhrəmanlıq simvoluna çevrilib qəlblərdə özünə yuva qurdu. Dövlət tərəfindən müharibə meydanında göstərdiyi fədakarlığı "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görüldü. Ən əsası isə özü cismən bu dünyadan getsə də, haqq yolunda tökdüyü qanla torpaq canlanır, Vətən yaşayır.

Ayaz Abbasov həyatı dərk edən gündən gözəl arzularla Vətənin daşına, torpağına, yaşadığı yurd yerinə ürəkdən sevdalanır. Həm də əxlaqı saf, əqidəsi dürüst gənc Vətənin müqəddəs bir parçasının yada yurd olmağını heç cür vicdanına sığışdıra bilməzdi. Odur ki, Ayaz nəyin bahasına olursa-olsun Qarabağımızın tezliklə mənfur düşmən tapdağından azad görmək istəyi ilə ordu sıralarına yollanıb. Əsgərliyə cəbhə xəttində başlayıb. Və yağı düşmənlə qarşı-qarşıya Vətən qarşısında olan müqəddəs borcunu şərəflə yerinə yetirib. Cəsurluğu, çevikliyi, dosta qarşı sədaqəti onu hərbi hissədə hamının sevimlisinə çevirib. Həmçinin Ayaz bir qayda olaraq Qarabağımızın azadlığı naminə mübarizə meydanına, ermənilərlə döyüşə can atıb...

Qəlbi Vətən eşqli Ayazın əsgərliyi başa çatıb. Onun düşməndən alacağı öcü isə hələ qalırdı. Məhz buna görə istəyinə çatmaq üçün hərbiçi olmağa qərar verib. 2017-ci ildə Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin birində müddətdən artıq hərbi xidmət edib. Çox keçmədən yağı düşməndən qisas alaraq Vətən torpaqların azad etmək məqamı yetişib. Belə ki, 2020-ci ilin 27 sentyabrında Ayaz qeyrətli oğullar cərgəsində əlinə silah alıb qorxmadan odun-alovun içinə girib. İlk gündən mərdliyi, qəhrəmanlığı yağının belini qırıb. Qeyri-bərabər döyüşlərdə neçə-neçə erməni əsgərin axırına çıxıb. Ağır müharibə meydanlarında torpaq uğrunda can qoyan və yağıya qarşı mərdliklə vuruşan qəhrəman Vətən sevdalısı oktyabrın 3-də Cəbrayılda əbədi ölümsüzlük- şəhidlik qazanıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Chosen
17
ikisahil.az

1Sources