EN

Fürsət bu fürsətdir – İsrail Colana cumur, ərəb camiəsi narazıdır

Suriyada ortalığın qarışdığı bir vaxtda İsrail hökuməti “fürsət bu fürsətdir” devizi ilə qonşu ölkənin 57 il əvvəl işğal etdiyi ərazisini – Colan təpələrinin tamamını ələ keçirməyə çalışır.

Ancaq bu hərəkət - İsrailin Colan təpələrində yaşayış məskənlərinin genişləndirilməsi ilə bağlı rəsmi qərarı Yaxın Şərqin digər ölkələrinin sərt tənqidi ilə qarşılanıb.

Yəhudi dövlətinin qonşuları qorxur ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət Suriyada hakimiyyətin süqutundan istifadə edərək öz ərazisini genişləndirmək istəyir.

İsrail iddia edir ki, Suriyanın yeni iqtidarı ilə münaqişəyə girmək niyyətində deyil. Bununla belə, yerli nəşrlərin yazdığına görə, İsrailin ordusu daha geniş sərhəd ərazisini zəbt etmək variantını nəzərdən keçirir. Belə olduğu halda münaqişə yaranmayacaqmı? Yoxsa Suriyanın yeni hökuməti öz ərazisinin ilhaq olunması ilə razılaşacaq? Mümkün deyil.

Yaxın Şərqdə İsrailin Colan təpələrindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdırmaq planını təqdir edən yoxdur. O regioan 1967-ci ildə baş verən “altı günlük müharibə”dən sonra Suriyanın yəhudi dövləti tərəfindən ələ keçirilən ərazisidir.

Körfəz ölkələri və Türkiyə bu cür tədbirlərin regional münaqişəni daha da dərinləşdirəcəyini bildirib. “Biz İsrailin 1967-ci ildən işğal etdiyi Colan təpələrində qanunsuz yaşayış məskənlərini genişləndirmək qərarını şiddətlə qınayırıq. Bu qərar İsrailin işğal yolu ilə sərhədlərini genişləndirmək məqsədinin həyata keçirilməsində yeni mərhələdir”, - Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Ərəb nəşrləri yazır ki, indi region ölkələri İsrailin Dəməşqdə mərkəzi hökumətin süqutundan yararlanacağından, onilliklər boyu qüvvədə olan müqavilələrə yenidən baxmaq, torpaqları zorla ələ keçirmək üçün bəhanə əldə edəcəyindən ehtiyat edirlər.

İsrail hökumətinin başçısının özü bu fobiyaları alovlandırmaqdan çəkinməyib. Netanyahu prezident Bəşər Əsədin devrilməsindən sonra deyib: “1974-cü ildə iki ölkə arasında sərhədlərin müəyyən edilməsinə dair razılaşma artıq qüvvədə deyil, çünki Suriya hökumət ordusu nəzarət-buraxılış məntəqələrini tərk edib”.

İndi gərginliyin səbəbi odur ki, İsrail hökuməti Colan təpələrində demoqrafik artımı stimullaşdırmaq planını təsdiqləyib. Bu layihə 11,1 milyon dollar həcmində dəyərləndirilir. “Müharibəni və Suriyaya qarşı yeni cəbhəni, eləcə də istəyi nəzərə alaraq Colan əhalisini iki dəfə artırmaq üçün Benyamin Netanyahu yaşayış məntəqələrində demoqrafik artımın stimullaşdırılması proqramının birinci mərhələsini hökumətin təsdiqinə təqdim edib,” – İsrail hökumətinin administrasiyasından bildirilib.

Netanyahu özü də deyib ki, İsrail Colandakı mövcudluğunu davam etdirəcək. "Biz İsrailin Suriya ilə bağlı siyasətini yerdəki reallığa uyğun formalaşdıracağıq", - baş nazir qeyd edib. Onun sözlərinə görə, İsrail ordusu indi qonşusunun ərazisində hərbi əməliyyatları yalnız “potensial təhlükələri neytrallaşdırmaq və terrorçu qrupların sərhədə yaxın əraziləri ələ keçirməsinin qarşısını almaq” məqsədilə həyata keçirir. “Bir neçə gün ərzində biz Bəşər Əsəd rejiminin onilliklər ərzində qurduğu potensialı məhv etdik. Təhlükəli silahların Suriya ərazisindən bizə qarşı yönəldilməməsini təmin etmək lazımdır”, - Netanyahu deyib.

Dekabrın 16-na keçən gecə İsrail hərbi hava qüvvələri Suriyanın sahilyanı rayonlarına güclü zərbələr endirib. “Əl-Cəzirə”nin yaydığı məlumata görə, hava hücumları silah-sursat anbarlarını hədəfə alıb.

Ancaq nə qədər öz təhlükəsizliyi üçün preventiv tədbirlərin görüldüyünü iddia etsə də, İsrailin gələcək planları region ölkələrində intriqa yaradır. İsrail ordusunun radiosu bildirib ki, yəhudi komandirlər Suriyanın cənubundakı yaşayış məntəqələrinin sakinləri ilə danışıqlar aparır və bu zamanı əhalinin əldə qalan bütün silahları israillilərə təhvil vermələri ilə bağlı razılaşmalar əldə olunub. Radio xəbər verir ki, İsrail hərbi birləşmələri hələ yeni ərazilərə keçməsə də, onun komandanlığı qonşu ölkənin cənubunda daha böyük əraziləri işğal etmək niyyətindədir. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və müdafiə naziri İsrael Kats artıq sərhəddə əlavə, daha dərin xəttin ələ keçirilməsi planını təsdiqləyib.

İsrailin Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələrinə kömək etmək məsələsi isə hələ açıq qalır. Əvvəllər kürdlər Türkiyənin hücumunu dəf etmək üçün İsraildən hərbi yardım istəmişdilər. Lakin Netanyahu hökuməti tərəddüd edir, çünki bu, Ankara ilə münaqişə səbəbi olacaq. “Haaretz” qeyd edir ki, böyük ehtimalla hansısa mərhələdə İsrail və Türkiyə bu arenada qarşıdurma risklərini azaltmaq üçün birbaşa danışıqlar aparmalı olacaqlar.

Araz Altaylı, Musavat.com

 

Chosen
19
15
musavat.com

10Sources