EN

Əsgərliklə bağlı bütün suallara aydınlıq gətirildi - İZAH

Əsgərliklə bağlı bütün suallara aydınlıq gətirildi - İZAH

"Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və digər qanunlarda dəyişiklik edilməsi barədə layihələrə baxılır. Ölkəmizdə hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi post-müharibə dövrünün mahiyyət və məntiqindən, eləcə də beynəlxalq təcrübədən irəli gəlir".

Bu fikirlər deputat Əli Məsimliyə məxsusdur.

Millət vəkili ölkədə həssaslıqla izlənilən sözügedən müzakirələrlə bağlı olan müraciətləri və sözügedən qanuna dəyişikliklərdə əksəriyyəti maraqlandıran məsələlərin yer aldığını nəzərə alaraq əsas məqamlar barədə fikirlərini bölüşüb:

"Birincisi, sadə dildə desək, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilərək əsgərlik yaşı azaldılır. Buna uyğun olaraq bir sıra müvafiq qanunvericilik sənədlərində də dəyişiklilər edilir. Beynəlxalq təcrübə nəzərə alınaraq "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddinin 35-dən 30-a endirilməsi ilə bağlı zəruri dəyişikliklər edilir. Bu, çox mütərəqqi bir dəyişiklikdir və bu sahədəki islahatların gedişində davamı da ola bilər.

Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə və bu dəyişiklik qəbul olunub işə düşdükdən sonra isə həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Beləliklə, bu dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış 18 yaşından 35 yaşınadək yox, hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşlara şamil olunacaq. Rəsmi məlumatlara görə, 2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Deməli, sözügedən dəyişiklik çağırış resursuna ciddi təsir göstərməyəcək".

Əli Məsimli daha sonra bildirib:

"İkincisi, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təklif edilir ki, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar və alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilsinlər. Bununla yanaşı, təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə də yeniləşdirilib. Belə ki, bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək. Burada bir nüansı da qeyd etmək lazımdır ki, sözügedən möhlət məsələsində dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək".

Deputat üçüncü mühüm məqama da diqqət çəkib: "Əgər hazırda qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirsə, yeni varianta əsasən sağlamlıq vəziyyətinə görə bir il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər".

Millət vəkili əlavə edib ki, sadalanan dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədinə xidmət edir:

"Sözügedən dəyişikliklər bu sahədə atılan mühüm addımlar kimi ölkəmizdə hərbi xidmətlə bağlı islahatların genişləndirilməsinə yol açacaq". (musavat.com)

Chosen
26
10
qlobal.net

10Sources