EN

Ademola Lukman Afrikada ilin oyunçusu seçildi

“Atalanta”nın və Nigeriya yığmasının hücumçusu Ademola Lukman Afrikada ilin oyunçusu mükafatına layiq görülüb.

Arena.az məlumat verir ki, Lukman dekabrın 16-da Marrakeşdə (Mərakeş) Afrika Futbol Konfederasiyasının (CAF) mükafatlandırma mərasimi “CAF Awards 2024”-də səsvermənin nəticələrinə əsasən, müvafiq mükafat üzrə qalib elan edilib.

Lukman “Brayton”un ivuarlı sağ cinah hücumçusu Simon Adinqra, Dortmund “Borussiya”sının qvineyalı mərkəz hücumçusu Seru Girassi, PSJ-nin mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi və “Mamelodi Sandaunz”un cənubiafrikalı qapıçısı Ronven Uilyamsı geridə qoyub.

Ademola Lukman “Çarlton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester”də oynayıb. “Atalanta” Lukmanı 2022-ci ilin avqustunda 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən öz heyətinə qatıb. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lukman “Atalanta”nın heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Lukmanın “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 97 oyun, 43 qol, 23 məhsuldar ötürmə.

Ademola Lukman 2022-ci ilin martında debüt etdiyi Nigeriya yığmasının heyətində 27 oyuna 8 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 40 milyon avro məbləğində qiymətləndirir.

Chosen
13
arena.az

1Sources