EN

Elnur Mahmudov: “Naxçıvan Sənaye Parkı regionun sənaye potensialını gücləndirəcək”

Fins.az - Prezident İlham Əliyevin 5 dekabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılıb.

Fərmanla müəyyən edilib ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov  sənaye parkının yaradılması  ilə bağlı vacib məqamlara aydınlıq gətirib.

– Elnur müəllim, Naxçıvan Sənaye Parkının yaradılması hansı məqsədləri hədəfləyir?

– Naxçıvan Sənaye Parkı muxtar respublikada sahibkarlığın inkişafı üçün müasir texnologiyaların tətbiq olunacağı, rəqabətqabiliyyətli məhsul istehsalına yönəlmiş müasir bir mərkəz olacaq. Bu layihə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına dair dövlət siyasətinin mühüm bir hissəsidir. Parkın fəaliyyəti həm daxili, həm də xarici bazar üçün rəqabətqabiliyyətli məhsullar istehsalını təşviq edəcək və iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək.

– Parkın yerləşəcəyi ərazi və üstünlükləri barədə məlumat verərdiniz.

– Park üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində, beynəlxalq avtomobil və dəmir yollarına çıxış imkanlarına malik 310 hektar torpaq sahəsi ayrılıb. Ərazi mühəndis-kommunikasiya təminatı sistemləri ilə tam təchiz ediləcək. Xüsusilə, dəmir yolu və beynəlxalq avtomagistral xətləri ilə yaxınlıq, eləcə də Zəngəzur dəhlizinə qoşulma imkanı gələcəkdə yükdaşımaların artırılmasına mühüm töhfə verəcək.

Parkın fəaliyyəti həm daxili, həm də xarici bazar üçün rəqabətqabiliyyətli məhsullar istehsalını təşviq edəcək və iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək

– Parkın yaradılması və inkişafı üçün maliyyə təminatı necə təşkil olunacaq?

– Bu istiqamətdə ilkin mərhələdə Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan 500 min manat ayrılıb. Bu vəsait ərazinin yararlı vəziyyətə gətirilməsi və xarici infrastrukturun yaradılması üçün layihələndirmə işlərinə sərf olunacaq. Parkın inkişafı isə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.

– Sənaye parkının rezidentlərinə hansı güzəştlər təqdim olunacaq?

– Sənaye parklarının rezidentləri 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad olunurlar. Bundan əlavə, istehsal üçün idxal edilən texnika və avadanlıqlara da əlavə dəyər vergisi və gömrük rüsumu tətbiq olunmur. Bütün bu güzəştlər sahibkarlar üçün çox cəlbedici mühit yaradır. Həmçinin qeydiyyat prosesi “Bir pəncərə” sistemi vasitəsilə asanlaşdırılacaq.

– Sizcə, bu parkın yaradılması Naxçıvanın iqtisadiyyatına hansı təsirləri göstərəcək?

– Sənaye parkı regionun sənaye potensialını gücləndirərək yeni iş yerləri yaradacaq və iqtisadi artımı təmin edəcək. Eyni zamanda, bu layihə Naxçıvanın tranzit potensialını da artıracaq və bölgəni müasir texnologiyalarla təchiz olunmuş sənaye mərkəzinə çevirəcək.

Chosen
15
1
fins.az

2Sources