EN

Əsəd rejiminin süqutu: Duqinin ittihamları və Türkiyənin ŞOK CAVABI

Suriyada Bəşər Əsəd rejiminin süqutu Kreml üçün son aylarda aldığı ən böyük zərbə oldu.

Kreml rəsmi səviyədə olmasa da, özünə bağlı qurum və şəxslər vasitəsilə bu məsələdə ən çox günahlandırdığı Ankaraya kin qusmağa başlayıb.

Bunlardan biri də Rusiyanın milli siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqindir.

Xəbər verildiyi kimi, Duqin ötən həftə ərzində Türkiyəyə qarşı bir-birinin ardınca kəskin çıxışlar etməyə başlayıb.

Bəşər Əsəd Dəməşqdən qaçdıqdan sonra Aleksandr Duqin “X” sosial şəbəkəsində bunları yazıb:

“Suriya Ərdoğan üçün tələ oldu. Strateji səhv etdi. Rusiyaya xəyanət etdi. İrana xəyanət etdi. Məhv oldu. İndi Mustafa Kamalın Türkiyəsinin sonu başladı, biz sizə dəstək olduq. İndiyə qədər. Bundan sonra tövbə edəcəksiniz”.

İkinci paylaşım edən Duqin: “Əvvəllər etmədiyimizi edəcəyik, peşman olacaqsınız. Amma çox gec olacaq”.

Aleksandr Duqinin Türkiyədə “ulusalcı” adlanan kəsimdə hörməti böyükdür. Duqin xüsusilə son dövrlərdə Ərdoğan iqtidarının xarici siyasətini müdafiə edən məşhur solçu Doğu Perinçeklə dostluq edir. Perinçek həm də Türkiyədə avrasiyaçı xəttin əsas müdafiəçilərindən sayılır. Görünür, rus ideoloqun sözləri də onlarda müəyyən məyusluq yaradıb.

Aleksandr Duqinin bu sözlərinə Türkiyədə iqtidar partiyası tərəfindən reaksiya özünü gözlətməyib.
EYÜB.jpg

Hakim AK Partiya MKYK (İdarə Heyəti – red.) üzvü Eyüp Gökhan Özekin Duqinin qalmaqallı paylaşımına bu sözlərlə reaksiya verib:

“Avrasiyaçıların Roma Papası Aleksandr Duqin deyəsən, əyləci basa bilməyib. İndi içəridəki “milli” maskalı rus və iranlı ekipaj da viran olacaq. Buyurun. Bu millət Ərdoğanı yerə qoymaz. Türkiyə böyük tikədir, boğazında qalacaq”.

Bunun fərqində olan Duqin sonradan ritorikasını dəyişib və daha təmkinli mesajlar verməyə başlayıb. Doğrudur, burada da rus filosof Türkiyəyə “ağıl verməyi” də unutmayıb:

“İslamçılıq Türkiyənin düşmənidir. Ərəb bölgəsində Türkiyə rəhbərliyi ilə heç vaxt razılaşmayacaq. Suriyadakı kürdlər Qərbin dəstəyi ilə güclərini möhkəmləndirməyə çalışacaqlar. Suriyada ruslar olmasa, Ərdoğan çox mühüm müttəfiqini və dostunu itirəcək”.

“Rusiya ilə Türkiyə arasında çoxlu əlaqələr var. Onların davranışı açıq şəkildə İsrailin və qlobalistlərin xeyrinədir. Bu, kədərlidir. Rusiya Qərbin onu göstərmək istədiyi qədər zəif deyil. İnanıram ki, Ərdoğan səhv hesab edib”.

“Rusiya Türkiyəyə heç bir zərər verməyəcək. Amma belə bir xəyanətdən sonra Rusiyanın çətin vəziyyətdə Türkiyənin köməyinə gələcəyinə ümid etmək çətindir. Və zaman-zaman problemlər yaranır”.

Türkiyədə iqtidar qəzetin yazarı Salih Tunanın Duqinin söylədiklərinə verdiyi reaksiya çox maraqlıdır.

SALİH.jpg

“Təbii ki, heyrətə gəldik!.. “Hesabımı oğurlanıb? Çoxmu araq içib? Yoxsa mənəviyyatsızlıqdan üslubsuzluğa düşüb?” Deyəsən, Həzrət aləmi bir-birinə qatıb.

Həzrət “islamçılıq” dedikdə nə başa düşür, bilmirəm. Bəzən təriflədiyi Yəmənin Ənsarullahı, Livan Hizbullahı və HƏMAS haqqında nə düşünür? Məncə, o, özünü dünyəvi hesab etmir. Ola bilsin ki, o, İtaliyanın RAI dövlət televiziyasına müsahibəsində (Ərdoğanla mümkün görüşlə bağlı suala cavab olaraq) “Belə islamçılarla iş görməkdən iyrənərdim…” deyən Bəşər Əsəddən təsirlənib.

Türkiyəni İrana xəyanətdə ittiham etməzdən əvvəl bunun necə bir xəyanət olduğu aydınlaşdırılmalı deyilmi? Həm də Ukrayna müharibəsində Rusiyaya kömək edən İran üçün İsraillə mübarizədə Rusiyanın köməyini niyə görmədik?

Qoy cənab Duqin İsrailin MOSSAD-ı ilə Suriya Baas rejiminin məxfi xidməti olan “Muhaberat”ın (Əsəd rejiminin təhlükəsizlik xidməti – red.) İrana qarşı keçirdiyi görüşləri görsün, sonra vətənə xəyanətdən danışsın”, – deyə Salih Tuna qeyd edib.

Hər iki mesajda diqqətçəkən məqam türkiyəli siyasilərin rusiyalı həmkarlarını “ayıq başla düşünmədiyi” barədə etdiyi istehzadır. Belə bir qeyd təsadüf sayılmamalıdır.

Aleksandr Duqin Putin Rusiyasında mühüm fiqur hesab olunur. Rusiya Federasiyasında Putin hakimiyyətə gəldikdən sonra milli siyasətin bünövrələrindən biri də avrasiyaçılıq olub. Avrasiyaçılıq 1920-ci illərdə bir qrup rus mühacir tərəfindən ortaya atılan ideologiya sayılsa da, onun strateji xətləri sonradan – 2000-ci illərdən sonra Kreml tərəfindən mənimsənilib və indi bu axın az qala Rusiyanın milli ideologiyasına çevrilib. Avrasiyaçılığın Rusiyada ən böyük təbliğatçısı indi məhz Aleksandr Duqin sayılır. Duqin və onun kimi strateqlərin sayəsində bu ideologiya Rusiyanın əlində ekspansionist hədəflərin həyata keçirilməsi üçün əsas silaha çevrilib. Aleksandr Duqinin Putin Rusiyasında nüfuz və ağırlığının artması da bu səbəbdəndir.

Duqinin Türkiyə ilə bağlı fikirləri də bu çərçivə üzərində qurulub. Aleksandr Duqin və onun kimilərinə görə, Avrasiyanın tək və yeganə hakimi Rusiyadır. Qalan bütün dövlətlər öz siyasətlərini buna görə müəyyən etməli, strateji istiqamətlərini bu əsasda yönləndirməlidir.

Görünür, Ukraynada son iki ildə savaşın Rusiya üçün məşəqqətə çevrilməsi avrasiyaçı filosofun da əsəblərini pozub. Duqinin Rusiya ətrafında baş verən olaylara bu cür isterik reaksiyası onun əvvəlki kimi problemə geniş bucaqdan seyr etmək qabiliyyətinin itdiyini göstərir. Halbuki siyasi strateq üçün ən böyük xətalardan biri fikirlərini hisslərinə qataraq ifadə etməsidir. Hisslər hər bir insanda analiz qabiliyyətini örtən dumana bənzəyir. Bu dumandan heç bir şey görmürsənsə, o zaman fikirlərin də kəsərliliyi azalır.

Türkiyə heç bir zaman strateji maraqlarından əl çəkməyib. Rəsmi Ankara bunu Liviyada, Suriyada, İraqda və ən əsası, Azərbaycanda nümayiş etdirib. Əvvəlki illərdən fərqli olaraq Türkiyə özü üçün həyati önəm kəsb etdiyi nöqtələrə siyasi-hərbi yardımları göstərməkdən və hətta yeri gəldikdə hərbi müdaxilələr həyata keçirməkdən çəkinmir. Türkiyə bu siyasətini nəinki Rusiya ilə, hətta on illərlə müttəfiq olduğu Qərblə münasibətləri korlamaq bahasına həyata keçirir. Türkiyə milli maraqlar naminə Rusiyaya rəğmən, prinsipial mövqeyini Ukrayna savaşında göstərib. Rəsmi Ankara hələ də Krımın ilhaqını tanımayıb və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Rusiya hər hansı bölgəyə qeyri-qanuni müdaxiləyə görə Türkiyədən icazə almadığı kimi, Türkiyənin də özü üçün təhlükəsizliyinə təhdid doğura biləcək bölgədə Rusiya ilə birlikdə hərəkət etmək öhdəliyi yoxdur. Görünür, Duqin və onun kimilərinin anlamadığı da məhz budur.Musavat.com

Chosen
8
2
moderator.az

3Sources