EN

Baş katib Azərbaycanın AQEM-ə sədrliyindən gözləntilərini açıqlayıb

“Əminəm ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iştirakçı ölkələri arasındakı yüksək əmədaşlıq mühiti Azərbaycanın quruma sədrliyi dövründə də qorunub saxlanılacaq”.

APA xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay qurumun Xarici İşlər Nazirləri Şurasının onlayn formatdakı VII iclasında bildirib.

K. Sarıbay əmin olduğunu ifadə edib ki, rəsmi Bakı qurumun transformasiyası istiqamətində görülən işləri davam etdirəcək və 2026-cı ildə keçiriləcək növbəti zirvə görüşünədək əhəmiyyətli qərarların qəbulunda rol oynayacaq.

Onun sözlərinə görə, 2022-ci ildə keçirilən VI toplantından sonra müşavirənin katibliyi əsas diqqəti üzv ölkələrin liderlərinin qarşıya qoyduğu strateji tapşırıqların icrasına yönəldib. Ötən dövrdə Nyu-Yorkda nazirlər səviyyəsinə görüş keçirilib, eyni zamanda AQEM üzvü dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirakı ilə ümumilikdə 7 görüş keçirilib.

K. Sarıbay AQEM-in Katibliyinin qarşısındakı prioritetləri də açıqlayıb:

“Əsas prioritetlərimiz arasında AQEM daxilində tərəfdaşlıq münasibətlərinin və təşkilatın qlobal aləmdəki mövqeyinin möhkəmləndirilməsi yer alıb. Eyni zamanda onu qeyd etmək istəyirəm ki, ötən dövrdə BMT və digər beynəlxalq qurumlarla əlaqələrimiz daha da genişlənib. Həmin strukturlar arasında TÜRKPA, ASEAN, Şanxay Əməkdaşlıq təşkilatını xüsusilə qeyd etmək istəyirəm. Onu da bildirirəm ki, bu müddətdə biz BMT-nin insan resurslarının idarəolunması sahəsindəki təcrübələrindən ən geniş formada yayılan nümunələri seçərək, öz fəaliyyətimizdə tətbiq etmişik”.

Bununla belə, Baş katib son iki il ərzində təşkilat üzvləri tərəfindən onun fəaliyyətinə verilən maddi dəstəyin azaldığına diqqət çəkib. O əlavə edib ki, 2023-cü ildə bu göstərici 60 faiz təşkil etdiyi halda, 2024-cü ildə həmin rəqəm 37 faizədək azalıb:

“İlk növbədə mən AQEM-ə üzv dövlətlərin xarici işlər nazirlərini təşkilatın katibliyinin fəaliyyətinə maddi dəstəyin artırılmasını müzakirə etməyə çağırıram. Bu amil təşkilatın tərkibində yer alan bütün dövlətlərin məsuliyyətini artıracaq. Eyni zamanda onu da bildirmək istəyirəm ki, təşkilatımızın mənzil-qərargahının tikintisi qrafikə uyğun olaraq davam etdirilir. Onun 2025-ci ilin yayında fəaliyyətə başlayacağı gözlənilir. Mən çıxışımın sonunda 2024-2026-cı illərdə AQEM-ə sədrlik edəcək Azərbaycana uğurlar arzulayıram”.

Chosen
27
apa.az

1Sources