EN

Trampın Ukraynaya soyuq münasibətinin kökündə şübhəli məqam var...

Image

Arzuxan Əlizadə: "...bu, Trampın gələcəkdə sərgiləyəcəyi mövqeyin siqnalı sayıla bilər"

Tramp Ukraynanın Rusiyanin dərinliklərindəkı hədəfləri vurmasına icazə verilməsini “səhv” adlandırıb və Zelenskini razılaşmaya hazır olmağa çağırıb.

“Düşünmürəm ki, onlar [Bayden administrasiyası] raketlərin Rusiyaya 200 mil dərinliyə buraxılmasına icazə verməli idi. Məncə, bu pis bir şeydi. Düşünürəm ki, bu, böyük səhv idi”. Bunu Tramp Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında deyib. O əlavə edib ki, bu icazə onunla məsləhətləşmədən verilib.

Trampın fikrincə, Zelenski atəşkəs sazişi bağlamağa hazır olmalıdır (lakin bunun hansı şərtlərlə olacağı barədə açıqlama verməyib). "Və Putin də razılığa gəlməlidir",-  Tramp deyib. O əlavə edib ki, Zelenskini yanvarın 20-nə planlaşdırılan inauqurasiya mərasiminə dəvət etməyib, amma “gəlmək istəsə, şad olaram”- deyib.

Ukraynanın öz ərazilərindən imtina etməli olub-olmaması ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, döyüş bölgəsindəki bəzi şəhərlər, demək olar ki, tamamilə məhv edilib. “İnsanlar ora qayıda bilməz, orada heç nə yoxdur. Bunlar sadəcə xarabalıqlardır”, - Tramp bildirib.

Bir məsələ da var ki, 2019-cu ildə - ABŞ-da keçirilən növbəti prezident seçkiləri ərəfəsində Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən o vaxt rəqibi olan Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı cinayət işinin yenidən qaldırılmasını xahiş etmişdi. Sonradan bu telefon danışığının stenoqramı üzə çıxdı və buna görə Konqresdə Trampın impiçment məsələsi müzakirə edildi. Lakin Zelenski söz versə də, Trampın xahişini yerinə yetirmədi. İndi Tramp Zelenskidən öc alır, yoxsa doğrudan da mühatibəyə son qoymaq istəyir?

Baki-xeber.com saytına bu barədə açıqlamasında siyasi şərhçi Arzuxan Əlizadə bildirdi ki, Donald Tramp hələ seçki kampaniyası dönəmində seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcəyinə söz vermişdi: "Hazırda müharibə elə bir mərhələdədir ki, onu bir günun içində dayandırmaq çətindir. Çünki tərəflərin ortada ciddi şərtləri var. Xususilə də Ukrayna prezidenti işğal edilmiş əraziləri boşaltmayana qədər Rusiya ilə danışıqlar masasına oturmayacağını deyir. Sözsüz ki, Zelenski bu tələbində haqlıdır. Amma istənilən halda Rusiyanın da öz tələbləri var və bu tələblər fonunda qısa müddətdə müharibəni dayandırmaq mümkün deyil. Amma Trampın niyyəti aydındır.

Eyni zamanda onu da vurğulamaq istəyirəm ki, Trampla Putinin birinci prezidentliyi dövrundə və ondan sonrakı dönəmdə isti münasibətləri olub və var. Lakin Trampın nə Putinlə, nə də Zekenski ilə münasibətləri onun Rusiya-Ukrayna müharibəsinə yönəlik mövqeinə elə ciddi təsir göstərməyəcək. Bununla bağlı Amerika dövlətinin mövqeyi var. Hesab edirəm ki, Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra bu prosesi Amerika dövlətinin maraqları çərçivəsində tənzimləməyə çalışacaq.

O ki qaldı Trampın Rusiyanın dərinliklərinə raket zəribələri endirilməsi ilə bağlı Bayden administrasiyasının verdiyi icazəyə münasibətinə, bu, Trampın gələcəkdə sərgiləyəcəyi mövqeyin siqnalı sayıla bilər. Əslində bu icazənin verilməsi müharibənin genislənməsinə səbəb olmaqla, digər tərəflərin də münaqişəyə qatilmasına gətirib çıxara bilərdi. Tramp da bunu nəzərdə tutaraq həmin addımın səhv olduğunu qeyd edir. Çünki qarşı tərəf də daha dağıdıcı silahlardan istifadə etməklə Ukraynaya qarşı müharibəni bir qədər də genişləndirdi.

Birmənali olaraq müharibənin dayandırılmasi istiqamətində ciddi işlər görülməlidir. Müharibənin dayandırılması vacibdir və təqdirəlayiqdir.

Ümid edirik ki, Tramp prezidentlik kürsüsünə oturduqdan sonra lazımi addımlar atacaq. Müharibə dayandırılmalı, Ukrayna əraziləri işgaldan azad edilməlidir. Hesab edirəm ki, ABŞ-nin Rusiyaya danışıqlar yolu ilə təzyiq etmək imkanları hələ var. Ona görə də ümid edirik ki, Tramp mümkün qısa müddətdə müharibənin dayandırılmasına nail olacaq".

Dəniz NƏSİRLİ





Chosen
46
31
baki-xeber.com

10Sources