EN

“Yerli futzalçılarla işləməkdən ləzzət alıram” - Vitali Borisov

Bu gün futzal yığmamız AÇ-2026-nın seçmə mərhələsində ilk ev oyununu keçirib və İsveçlə heç-heçə edib - 3:3.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Vitali Borisov brifinq keçirib.

- Əvvəlcə nəticə barədə fikirləriniz…
- Oyuna yaxşı başlamışdıq. Qolumuzu vurduq. Sadəcə, çox tez cərimə yığdıq. 12-ci dəqiqədə 5 cərimə zərbəmiz artıq vardı. Öz oyunumuzu oynaya bilmədik. Qorxduq ki, 6-cı cərimə zərbəsini verəcək. İkinci hissədə futfutzalçılarımız daha yaxşı çıxış etdi. Bəzi epizodları boşa versək də, oyunumuzdan razı qaldım. Sadəcə, futzalçıların üzərində çox işləmək lazımdı. Amma vaxtımız az olduğundan, bu alınmır. Dözüb, sona qədər yaxşı çıxış etdikləri üçün furzalçılarıma təşəkkür edirəm. Sonuncu saniyələrdə qol vurdular. Biz bu oyunu udmalıydıq. Sadəcə, 2-ci qolda top bizim olmalıydı, səhvən onlara aut verdik.

- İki qolun müəllifi Oktay Rüstəmli haqda fikirləriniz?
- Çempionatdakı oyunlarını izləyirəm. Yerli çempionatda həm “Araz-Naxçıvan”a, həm də “Neftçi”yə qarşı oyunlarda ən yaxşılardan idi. Sadəcə, xəstələnmişdi, ona görə tam fiziki gücündə deyildi. Amma yenə də “çox sağ ol” deyirəm. Təkcə qollara görə yox, performansına görə əhsən. Təki həmişə belə oyun göstərsin.

- Seymur necə oldu ki, futzala qayıtdı?
- Bəli, mənim istəyimlə qayıdlb. Oyunçular baxımından bəzən çətinliyimiz olur. Seymur yaxşı və təcrübəli futzalçıdı. Birgə oynamışıq, onun xarakterini bilirəm. Belə oyunçular komandaya lazımdı. Həm də cavanları yetişdirmək lazımdı. Xarakter göstərir, örnəkdi. Onu dəvət etməklə doğru qərar verdik.

- Yeni mərhələdə ancaq yerli oyunçular oynadacaqsız. Bunu necə dəyərləndirirsiz?
- Fikrimcə, bu üsul daha yaxşıdı. Yerli futzalçılarla işləməkdən ləzzət alıram. Sadəcə, vaxt lazımdı. Cavan oyunçular yetişdirməliyik. Bir-iki ildən sonra 4-5 oyunçumuz yaşına hörə karyerasını bitirə bilər. Bizə təcrübəli yerli futzalçılar lazımdı ki, sonra gələnlərə kömək etsinlər.

RÖYANƏ OĞUZ

Chosen
19
football-plus.az

1Sources