EN

Bakı Slavyan Universitetində Şirməmməd Hüseynovun 100 illik yubileyi qeyd olunub

Bakı Slavyan Universitetində Şirməmməd Hüseynovun 100 illik yubileyi qeyd olunub

17 dekabr 2024-cü il tarixində Bakı Slavyan Universitetində (BSU) görkəmli alim, pedaqoq , jurnalist, mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri BSU-nun rektoru Anar Nağıyev açaraq, Şirməmməd Hüseynovun müəllim, pedaqoq və jurnalist kimi fəaliyyətindən bəhs edib. O, professor Rafael Hüseynovun "Şirməmməd Hüseynov Azərbaycanın milli yaddaşının keşikçisidir" fikrini xatırladaraq, alimin Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatının hərtərəfli tədqiqi ilə bağlı fəaliyyətindən bəhs edib. Rektor vurğulayıb ki, Şirməmməd Hüseynov cismən aramızda olmasa da, ruhən millətinin və xalqının yanındadır, yaddaşlarda yaşayır.

Tədbirin moderatoru, Milli Məclisin deputatı və BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Şirməmməd Hüseynovun həyat yolu, fəaliyyəti və Azərbaycan jurnalistikasının inkişafındakı rolundan danışaraq qeyd edib ki, bu gün təkcə Şirməmməd Hüseynovun deyil, bütövlükdə jurnalistikanın yubileyidir. Alimin bütün fəaliyyətini dövlətinə və vətəninə həsr etdiyini vurğulayan Vüqar Rəhimzadə onun dərslərinin tədqiqatçı alim kimi əhəmiyyətini danılmaz hesab edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Şirməmməd Hüseynovu müəllimi kimi xatırlayaraq, onun cəsarətli, qətiyyətli və əsl vətəndaş olduğunu vurğulayıb. O, alimin dərslərinin dünənin, bu günün və sabahın, klassikadan gələn dərsləri olduğunu bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Şirməmməd Hüseynovun çoxşaxəli fəaliyyəti dövründə düzgünlük, dürüstlük və ədaləti əsas prinsiplər kimi qəbul etdiyindən, həm də bir müəllim kimi Jurnalistika kafedrasında yaratdığı elmi, yaradıcı atmosferdən söhbət açıb.

BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müəllimi Adil Əliyev Şirməmməd Hüseynovun ensiklopedik biliyə malik olduğunu vurğulayıb.

BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev, Şirməmməd Hüseynovun milli yaddaşımızı bizə qaytaranlardan biri olaraq, cəsarətli vətəndaş, mükəmməl araşdırmaçı və bəşəri dəyərlərə qiymət verən insan olduğunu dilə gətirib.

Sosial elmlər fakültəsinin IV kurs tələbəsi Səbinə Zalova, Şirməmməd Hüseynovun jurnalistikada prinsipiallıq, zəhmətkeşlik və ədalətlilik kimi keyfiyyətləri üzərində dayanıb.

 

 

 

 

Chosen
11
tehsil.biz

1Sources