EN

Türkiyə Portuqaliyaya hərbi gəmi ixrac etməyə başlayacaq

Bakı, TurkicWorld

Türkiyə Müdafiə Sənayesi dünyanın aparıcı şirkətlərini geridə qoyaraq , daha bir tarixi ixrac uğuruna imza atıb.

TurkicWorld xəbər verir ki, Türkiyə tarixdə ilk dəfə Avropa Birliyi və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edəcək. STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. Portuqaliya Donanması üçün iki “Dəniz Doldurma və Logistika Dəstək Gəmisi” tikəcək.

Lissabonda baş tutan tədbirdə Türkiyənin Portuqaliyadakı səfiri Haldun Koç, Portuqaliya Dəniz Qüvvələrinin komandanı admiral Henrique Gouveia e Melo, STM baş direktoru Özgür Güleryüz və digər rəsmi şəxslər iştirak edib. Müdafiə Sənayesi Başqanı Prof. Dr. Haluk Görgün imzalanan müaqavilənin NATO və AB standartlarına tam uyğun şəkildə yerinə yetiriləcəyini vurğulayıb.

Prof. Dr. Görgün qeyd edib ki, bu gəmilər Portuqaliya Dəniz Qüvvələrinə effektivlik, dayanıqlıq və çeviklik baxımından üstün imkanlar təmin edəcək. O, həmçinin, “Bu saziş sadəcə yeni platforma deyil, uzunmüdətli tərəfdaşlığın başlangıcıdır” - deyə bildirib.

STM baş direktoru Özgür Güleryüz bildirib ki, Türkiyə Ukrayna, Malayziya və Pakistan daxil olmaqla bir çox ölkə üçün hərbi dəniz layihələrini uğurla tamamlayıb. Portuqaliya üçün hazırlanacaq gəmilər də unikallığı və funksionallığı ilə fərqlənəcək. Gəmilərin inşasına 2025-ci ildə Türkiyədə başlanacaq.

Uzunluğu 137 metr, maksimum sürəti 18+ düyün olan bu gəmilər 90 gün dənizdə fasiləsiz qala biləcək. Humanitar yardım, axtarış-xilasetmə və dəstək missiyaları kimi çoxsaylı təyinatlar üçün istifadə edilə biləcək.

Chosen
9
turkic.world

1Sources