EN

Bakıda “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri başlayıb

TƏBİB-in təşkilatçılığı ilə bu gün səhər saatlarından etibarən Bakı şəhərində "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" (SİZ-2024) öz işinə başlayıb.

Olaylar xəbər verir ki, gün ərzində davam edəcək tədbirdə dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanların müzakirəsi nəzərdə tutulur.

Azərbaycanda yeni səhiyyə erasına həsr edilən və "Yeniliklər zamanıdır" konsept mesajı ilə təşkil olunan SİZ-2024 iki panel, üç sessiyadan ibarətdir və panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir.

İlk öncə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov tədbir zamanı çıxış edərkən deyib ki, regionlarda səhiyyə sistemi ilə bağlı problemlər var.

"Rregionlarda ciddi həkim çatışmazlığı var. Çünki həkimlərin 60-70 faizi Bakıda cəmləşib. Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək", - o əlavə edib.

Onun sözlərinə görə, TƏBİB tabeli xəstəxanalara bu gün 1,8 milyard manata yaxın büdcə ayrılıb. Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin, kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
3
olaylar.az

10Sources