EN

General Kirillovu qətlə yetirməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb

Moskva, 18 dekabr, AZƏRTAC

Moskvada Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillovu və onun köməkçisini qətlə yetirməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Saxlanılan şəxslə bağlı istintaq aparılır. Dindirilmə zamanı o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə cəlb olunduğunu bildirib. Onların tapşırığı ilə Moskvaya gəlib və əldəqayırma partlayıcı qurğu alıb. Həmin şəxs İqor Kirillovun yaşadığı yaşayış binasının girişində saxladığı elektrik samokata partlayıcı qurğu yerləşdirdiyini bildirib. Məkanı izləmək üçün o, avtomobili icarəyə götürüb və orada videokamera quraşdırıb. Görüntülər Dnepr şəhərində terror aktının təşkilatçılarına ötürülüb.

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına əsasən, cinayət törətdiyinə görə cinayətkara 100 min dollar məbləğində pul mükafatı və yaşamaq üçün Avropa ölkələrindən birinə giriş vəd edilib.

Xatırladaq ki, dekabrın 17-də Moskvada baş vermiş partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar.

Partlayıcı qurğu Kirillovun evinin girişinin yanında dayanan samokata yerləşdirilib. Partlayıcı qurğunun gücü təxminən 200 qram trotil olub.

Kirillovun ölümü terror aktı kimi qiymətləndirilib. Rusiya Federasiyasının İstintaq Komitəsi qətl, terror aktı və qanunsuz silah və sursat alveri ilə bağlı cinayət işi açıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Chosen
18
3
azertag.az

4Sources