EN

Azərbaycanda Türkiyə hərbi bazası qurulmayacaq - prezident

Türkiyənin Azərbaycanda hərbi baza qurmaq planları ilə bağlı mediada yayılan xəbərlər siyasi spekulyasiyalardır. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mediasına müsahibəsində bildirib.

"Qısa desək – ehtiyac yoxdur. Cavabımı bir qədər genişləndirsəm, bəzən bəzi mediada belə məlumatların yayılmasını nəzərə alsaq, deməliyəm ki, buna ehtiyac yoxdur," – İlham Əliyev "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi  müsahibədə qeyd edib.

Prezident Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirmək planları ilə bağlı yayılan xəbərləri informasiya manipulyasiyası adlandırıb. O bildirib ki, bu gün dünyada hər hansı bir hərbi bazanı gizlətmək demək olar ki, mümkün deyil.

İlham Əliyev Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri ilə bağlı maddəni xatırladıb. Bu maddə təhdid və ya təcavüz halında qarşılıqlı hərbi yardım nəzərdə tutur.

"Bu, həm Azərbaycanın, həm də Türkiyənin öhdəliyidir ki, biri digərinə xarici təhdid və ya xarici təcavüzlə üzləşdikdə yardım göstərsin. Ona görə də bəyannamədəki bu maddə hər hansı bir ərazidə daimi hərbi infrastrukturun yaradılmasını tamamilə ehtiyacdan kənar edir," – dövlət başçısı vurğulayıb.

İlham Əliyev əlavə edib ki, 30 ildən çox müddət ərzində iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində Türkiyə və onun hərbi strukturları Azərbaycanın ordusunun müasirləşdirilməsində, döyüş qabiliyyəti, əməliyyatların planlaşdırılması, vəziyyətin analizi və hərbi kəşfiyyat potensialında yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. O, qeyd edib ki, Bakı Ankaranın dəstəyi ilə "hərbi əməliyyatların yüksək operativliyinə" nail olub.
 
N.Təbrizli





www.anews.az
Chosen
30
anews.az

1Sources