EN

İcbari tibbi sığorta ilə76 milyon xidmət göstərilib - Zaur Əliyev


Dekabrın 17-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları mövzusunda mətbuat konfransı keçirib.


Agentliyin İdarə Heyətinin sədri 2024-cü ilin 11 ayı üzrə tibbi xidmətlərə edilən müraciətlərin 9% artaraq 22 milyonu keçdiyini bildirib. Xidmət sayı isə ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyona çatıb. Z.Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. O, əlavə edib ki, ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın təmin etdiyi imkanlardan yararlandığını göstərir.

Z.Əliyev qeyd edib ki, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 179-a çatıb. Həmçinin, özəl tibb müəssisələrində əməliyyat və prosedur sayı 30% artaraq 167 mini ötüb. O, vurğulayıb ki, özəl tibb müəssisələri də vətəndaşların icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən yararlanmasında mühüm rol oynayır.

Müraciətlərin əsas hissəsini qan dövranı, endokrin və tənəffüs sistemi xəstəlikləri təşkil edib. Ən çox müraciətlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Abşeron inzibati ərazi üzrə qeydə alınıb.

Dərman vasitələrinin təminatı ilə bağlı yeni təşəbbüslərdən danışan Z.Əliyev qeyd edib ki, ilk mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman təminatı mərhələli şəkildə həyata keçiriləcək. Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Sosial rifahın yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Z.Əliyev tibb heyətinin gəlirlərinin icbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib.


Sədr əlavə edib ki, 2020-ci ildən bu yana icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manatdan çox gəlir əldə edilib. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. O xüsusi vurğulayıb ki, investisiyalardan əldə olunan gəlir sığortaolunanlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur.
Chosen
3
3
medicina.az

4Sources