EN

Soyuq havada uşaqlardakı oynaq ağrıları ciddi problemin əlaməti ola bilər

Soyuq havalarda uşaqlarda oynaq ağrıları bir neçə səbəbdən yaranır. Bu ağrılar bəzən sadə, bəzən isə daha ciddi problemin əlaməti ola bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş həkimi Nizami Məmmədov deyib.

Onun sözlərinə görə, soyuq hava əzələlərin və oynaqların sıxılmasına şərait yaradır: “Bu da öz növbəsində uşaqlarda diskomfort və ağrıya səbəb ola bilər. Havanın temperaturunun azalması qan dövranını zəiflədir. Nəticədə əzələ və oynaqlarda sərtlik, müxtəlif şiddətli ağrıların yaranması hissi yaradır. Xüsusilə 3-12 yaşarası uşaqlarda sürətli böyümə dövrlərində oynaq və əzələ ağrıları müşahidə edilir. Virus və ya bakterial infeksiyalar (qrip, soyuqdəymə və ya angina) zamanı immun sistemində bu infeksiyalarla mübarizə apararkən iltihabı reaksiyalar yaranır ki, bu da oynaqlarda ağrılarla nəticələnir”.

N.Məmmədov qeyd edib ki, revmatik qızdırma, juvenil revmatoid artrit kimi autoimmun xəstəliklər soyuq havalarda özünü daha çox büruzə verir: “Belə hallarda ağrılarla yanaşı, oynaqlarda şişlik, hərəkət məhdudiyyəti və ya temperatur da müşahidə edilir. Soyuq havalarda uşaqlar daha az hərəkət edir. Bu da əzələ sərtliyinə və oynaq ağrılarına səbəb olur. Fiziki aktivlik azaldıqda əzələ və oynaqlar yetərincə işləmədiyi üçün diskomfort yaranma ehtimalı artır. Bu zaman valideynlər uşağı isti geyindirib, onların oynaq bölgələrini soyuqdan qorumalıdırlar. Müntəzəm yüngül fiziki fəaliyyət uşağın əzələ və oynaqlarını hərəkətdə saxlayır. Eyni zamanda, D və digər vitaminlərə diqqət yetirmək vacibdir. Ağrılar davam edərsə və ya şişlik, hərəkət məhdudiyyəti kimi simptomlar müşahidə olunarsa, mütləq pediatr və ya uşaq revmatoloquna müraciət etsinlər. Bu səbəblər müvəqqəti olsa da, bəzi hallarda ciddi bir xəstəliyin əlaməti ola bilər. Belə hallarda erkən diaqnoz və müalicə çox vacibdir”.

Chosen
9
4
azpost.info

5Sources