EN

Üzeyir Hacıbəyovun evində yaşayan Xalq artisti – Onun əsərləri niyə qadağan olunmuşdu?

Kulis.az Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor, SSRİ Xalq artisti Soltan Hacıbəyov haqqında maraqlı faktları təqdim edir.

Bəstəkar, pedaqoq, ictimai xadim Soltan Hacıbəyov 8 may 1919-cu ildə Şuşa şəhərində anadan olub.

***

1930-cu ilin payızında Soltan Hacıbəyov Şuşadan Bakıya köçüb, burada əvvəlcə öz bacısının yanında, 1936-cı ildən isə onun tərbiyəsində böyük rol oynamış – Azərbaycan bəstəkarı, öz əmisi Üzeyir Hacıbəyovun evində yaşayıb.

Soltan

Üzeyir bəyin soyadını daşıyan bəstəkarlar, dirijorlar da musiqimizin inkişafına layiqli töhfələrini veriblər: Zülfüqar Hacıbəyov, Niyazi, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov.

Orta məktəbi bitirdikdən sonra Soltan Hacıbəyov Bakı Musiqi Məktəbinə – A.Kolpinskinin nəfəs alətləri sinifinə daxil olub.

Elə ilk bəstəkarlıq nümunələrini də bu məktəbdə oxuduğu zaman yaradıb.

***

1938-1940-cı illərdə Hacıbəyov Bakı Musiqili Komediya Teatrının dirijoru, 1940-1942-ci illərdə isə qadınlardan ibarət sazçılar ansamblının bədii rəhbəri olub. Hacıbəyovun ilk əsəri, ona böyük şöhrət gətirmiş “Qızıl gül” operettası olub (1940).

1939-1946-cı illərdə Hacıbəyov Azərbaycan Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb.

***

Keçən əsrin 30-cu – 40-cı illəri Azərbaycan musiqi mədəniyyətində dirçəliş dövrü hesab olunur. Bu illərdə respublikada Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev və digər gənc və istedadlı bəstəkarlar yetişməkdə idi.

1944-cü ildə Soltan Hacıbəyov İkinci Dünya müharibəsinə həsr olunmuş 1-ci simfoniyanı (1939-1945) yazıb. Bu əsər Azərbaycanın klassik musiqisi tarixində ilk simfoniyalardan biridir.

Betterimage.ai

Böyük Vətən müharibəsi illərində Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda bir sıra əsərlərlə yanaşı, ona şöhrət gətirəcək bir əsəri – “Karvan” simfonik lövhəsini yaradıb. Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə “Kəminə və Qazi” adlı operası üzərində işləyən bəstəkar “Şur” muğamı əsasında bəstələnmiş simfonik parçanı yeni bir əsərə çevirərək ona həyat verib.

1955-ci ildə bəstəkar əsəri yeni redaksiyada işləyib hazırlayıb və Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən ifa olunub. Sonralar “Karvan” simfonik lövhəsi bir çox sovet dirijorunun repertuarında başlıca yer tutub. Əsər qısa müddət ərzində dünyaya səs salıb, ABŞ-də val firmasında lentə alınıb, Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə ifa olunub.

***

Bəstəkarın sağlığında bu əsər, demək olar ki, dünyanın ən böyük salonlarında səsləndirilib. Amerikanın məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı:

“Sizin “Karvan”ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir”.

***

Dahi rus bəstəkar Dmitri Şostakoviç Soltan Hacıbəyovun bu əsəri ilə bağlı demişdir:

“Əsərdə nurlu bir nikbinlik, ritm, məqsədəuyğunluq Motsartın bəzi opera uvertüralarını və ya Qlinkanın “Ruslan” uvertürasını xatırladır”.

Betterimage.ai

***

Rus bəstəkarı Reinqold Qliyer Soltan Hacıbəyovu belə qiymətləndirirdi:

“Hər şey onu deməyə əsas verir ki, zaman keçdikcə, bəlkə də çox tezliklə Soltan Hacıbəyov əsl böyük bəstəkar olacaqdır. Onun istedadı şübhəsizdir, zövqə malikdir, texniki-bəstəkarlıq xüsusiyyətləri göz qabağındadır. Ən başlıcası isə odur ki, Soltan Hacıbəyov öz doğma milli torpağını yaxşı hiss edir”.

***

Konservatoriya təhsilini başa vurduqdan sonra orada 1 il də müəllim işləyən Soltan bəy Moskva konservatoriyasının aspiranturasına, dahi bəstəkar Dmitriy Şostakoviçin sinfinə daxil olur.

Bir il sonra – 1948-ci ildə kommunist partiyasının ədəbiyyat və incəsənət haqqında bədnam qərarı ilə repressiyaların başlanması əksər işıqlı gənclər kimi, onun da yolunda sipərə çevrilib. D.Şostakoviç kimi böyük sənətkar və müəllim konservatoriyadan qovulub; bir sıra bəstəkarlarla yanaşı, S.Hacıbəyovun “Karvan”ı da daxil olmaqla, bütün əsərlərinə qadağa qoyulub.

***

1948-1958-ci illərdə Hacıbəyov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər kimi işləyib, 1955-1962-ci illərdə isə filarmoniyanın direktoru olub.

1947 (1948) – 1974-cü illərdə Soltan Hacıbəyov, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllimi, dosenti, professoru (1964\1965) və rektoru (1969) olub.

***

30 dekabr 1950-ci ildə Bakıda, müasir mövzuda ilk Azərbaycan baleti olan Soltan Hacıbəyovun “Gülşən” baletinin premyerası olub. 1952-ci ildə bu baletə görə Soltan Hacıbəyov SSRİ-nin Dövlət mükafatına layiq görülüb. “Gülşən” baletindən simfonik süita, həmçinin ABŞ-da plastinkalara yazılıb.

Azərbaycanda ilk dəfə bu janra Əfrasiyab Bədəlbəyli müraciət edib. Onun “Tərlan” (1939) və “Qız qalası” (1940) baletləri Azərbaycan milli balet sənətinin ilk nümunələri hesab olunur. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda bu janra ilk müraciət edən bəstəkar Soltan Hacıbəyov olub. Onun 1950-ci ildə yaratdığı “Gülşən” baleti Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində oynanılan ikinci balet tamaşası idi. Müasir həyatdan bəhs edən əsərdə insanların sevgi hissləri ilə əməksevərliyi vəhdət təşkil etməkdədir. Əsərin liberettosu görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadə və sovet teatrşünası, balet ssenaristi Pyotr Fyodoroviç Abolimovundur. Moskvada keçirilən II Azərbaycan ədəbiyyat və incəsənəti dekadasında “Gülşən” baletindən bəzi parçalar oynanılıb.

***

Hacıbəyovun “Karvan” simfonik mənzərəsi də ABŞ-da plastinkalara yazılıb və Macarıstanda, Yaponiyada, Bolqarıstanda ifa edilib.

Betterimage.ai

***

Soltan Hacıbəyov yaradıcılıq işi ilə əlaqədar ittifaq respublikalarında və xarici ölkələrdə səfərdə olub, həmin yerlərin bəstəkar və musiqiçiləri ilə dostluq münasibətləri yaradıb. Hər dəfə vətənə döndükdən sonra gəzdiyi yerlərin insanları haqqında musiqi əsəri yaratmağı səfərinin nəticəsi kimi görüb. “Bolqar süitası”, “Çex rəqsi”, “Salam Ukrayna” nəğməsi, “Hind süitası” belə səfərlərin məhsuldar nəticəsidir.

***

1953-1968-ci illərdə Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi vəzifəsini tutub, 1958-ci (1963) ildən vəfatına qədər (1974) SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olub. 1973-cü ildə Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilib.

1962-ci ilin aprelində Soltan Hacıbəyovun uvertürası ilk dəfə olaraq Çikaqo şəhərində (ABŞ) Boston Simfonik Orkestri tərəfindən, 6-7 noyabr 1962-ci ildə isə Moraviya Filarmoniyasının orkestri tərəfindən (indiki Çexiya) Çexoslovakiya-Sovet dostluğunun qeyd edilməsi münasibətilə ictimai tədbirlər zamanı ifa edilib.

1973-cü ildə Soltan Hacıbəyova SSRİ xalq artisti adı verilib.Hacıbəyov Bakı şəhər komitəsinin, Azərbaycan Kommunist Partiyası Nəsimi rayon komitəsinin üzvü və Bakı şəhər Xalq deputatları sovetinin deputatı seçilib.

***

Hacıbəyovların

O, 19 sentyabr 1974-cü ildə qəflətən vəfat edib. Bakıda, Birinci Fəxri xiyabanda dəfn edilib..

Chosen
13
1
millitv.net

2Sources