Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
Bəs vaxtilə Qarabağda qırğın törətmiş şəxslər Azərbaycanda həbs oluna bilər? Əks təqdirdə Ermənistanda onlarla əlaqədar cinayət işi açıla bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az – a açıqlama verib:
"Azərbaycanda həbsdə olan separatçı rejimin rəhbərləri var. Həmin şəxslərlə bağlı ağır maddələrlə cinayət işləri açılıb. Lakin o maddələrin genişləndirilməsinə ehtiyac var. Ermənistanın bəzi rəsmiləri çıxışlarında deyir ki, Azərbaycanda əsirlər var. Lakin Azərbaycanın bu məsələdə mövqeyi açıqdır. Konkret olaraq bildirir ki, mən cinayət işi açmışam və bununla bağlı əməkdaşlıq etməliyik. Əgər bu əməkdaşlıq baş tutarsa, sübutlar olarsa, hər bir şey rəsmiyyətə qovuşacaq. Ermənistan indiki məqamda ola bilsin ki, bu əməkdaşlığa meyilli olsun. Çünki, Paşinyan özü də o şəxslərdən qurtulmaq istəyir. Ona görə də bu əməkdaşlığa razılıq verə bilər. Amma böyük ehtimalla bu, baş verməyəcək. Çünki, Ermənistan və Azərbaycan arasında heç bir hüquqi sənəd, razılaşma yoxdur. Buna görə də qarşı tərəf bunu əsas gətirərək bu əməkdaşlıqdan boyun qaçıracaq. Amma hər bir halda, Azərbaycanın bu təklifi çox doğrudur və Ermənistanı mat qoyacaq bir addımdır. Çünki, onlar heç vaxt düşünməzdi ki, Azərbaycan məhz bu məsələ ilə bağlı onlara müraciət edə bilər. Hesab edirəm ki, artıq növbə Ermənistandadır. Azərbaycan tərəfi artıq neçənci dəfədir ki, Ermənistana belə bir təşəbbüslə çıxış edir. Onlar isə hər dəfə müxtəlif bəhanələrlə bu proseslərdən boyun qaçırır".
Çiçək Sadatova