EN

Hüseynbala Mirələmov: “Mənəviyyatımız getdikcə sarsılır…” 

Hüseynbala Mirələmovun “Ədəbiyyat qəzeti”nə müsahibəsini təqdim edirik.Bir neçə roman, povest və memuar müəllifi, əsərləri 49 ölkədə nəşr olunmuş Hüseynbala Mirələmovla söhbətimizə belə başladıq:

– Hüseynbala müəllim, xoş gördük sizi, yaşınızın müdrik çağında özünüzü necə hiss edirsiniz?

– Yaşın müdrik çağı böyük məfhumdur. Hər bir insan istər ki, yaşadığı mühitdə tanınsın, şöhrət qazansın, müdrik aləmə qədəm qoysun. Yaşadığımız həyat gözəldir. Lakin bu gözəlliyi duyan, onun çalarlarına rəssam gözü ilə baxan, yaxşını pisdən ayıran insandır. Yaşadığı dünya yaradıcı insanın əli ilə zinətlənir, gözəlləşir. Lakin bir məsələ də var ki, hər ötən il bizi qocalığın müdrik çağlarına doğru aparır. Əsas məsələ isə ruhla bağlıdır. İnsanın ruhu gözlə görünməsə də, biz onu qəbul edirik. İnsanın ruhu, düşüncəsi, təfəkkürü gənc olmalıdır. Ruh həyatdır, gənclikdir. Şükürlər olsun ki, zaman mənə qismət olmuş düşüncəmi, əqidəmi əlimdən ala bilməyib. Həyatımda bir sıra məni incik salan hadisələr baş versə də, özümü yaxşı hiss edirəm.

– Necə oldu ki, ədəbiyyat aləminə gəldiniz?

– Nənəm mənə qəmli bir əhvalat danışmışdı. Mən eşitdiklərimin əsasında “Bir tikə çörək” adlı hekayə yazdım və onu Lənkəranın “Leninçi” qəzetinə göndərdim. O vaxt qəzetin redaktoru Tofiq Həsənov idi. Redaksiyanın çağırışı ilə dostumla birgə baş redaktorun yanına getdik. Həmin vaxtlar 7-ci sinifdə oxuyurdum. Hekayə redaktora təsir elədiyindən mənə dedi: “Hüseynbala sizsiniz?” “Bəli, mənəm”, – dedim. “Hekayəni sən yazmısan?” “Mən yazmışam”, – dedim. Tofiq Həsənov Asif Quliyevə tərəf dönərək dedi: “Yaxşı hekayədir, onu növbəti nömrədə çap edərsən”.

Mənim hekayəm 7 noyabr 1961-ci ildə “Leninçi” qəzetində dərc olundu. Beləliklə, mənim ədəbi mühitə cığır açdığım gün başladı. Soruşa bilərsiniz ki, niyə mən ədəbiyyatçı və ya jurnalist olmadım? Orta məktəbdə mənə dərs deyən müəllimlərimdən Dilruba Camalova, Əliheydər İsayev – mənim fizika və riyaziyyat müəllimlərimin təkidi ilə mən mühəndis olmağı seçdim. Düzdü, yazmaq bacarığım olsa da, mənə Çexovu, Nərimanovu, Çingiz Aytmatovu misal gətirib, deyirdilər ki, onlar da qeyri-ixtisas idilər, amma ədəbi yaradıcılıqla məşğul olurdular. Ona görə də mən mühəndisliyi seçdim.

Bununla yanaşı, mən bu maraqlı və sirli bir aləmə – ədəbiyyat mühitinə düşdüm və buna peşman da deyiləm.

– Ötən illərdə bir professor, vəzifə sahibi kimi xeyirxahlığı hamıya bəlli olan, tanınmış yazıçı kimi həyatınızda iz buraxan hadisələrdən danışın. Nəyi qazandınız, nəyi itirdiniz?

– Mən həyatda çox nikbinəm. Zəhmətin ətrini hələ uşaqlıq illərində duymuşam.

Lənkərandakı 3 nömrəli məktəbə ilk dəfə 1-ci sinfə getməyimlə əlaqədar, atamın əlindən tutub məktəb ləvazimatlarını almağa birgə getdik. Həmin gün bazarda atamın bir tanışı bizə rast gəldi. O, dedi: “Fazil kişi, hara belə?” Atam cavabında: “Uşaq məktəbə gedəcək, dərs ləvazimatı almalıyıq”. Həmin kişi belə dedi: “Özünüzü niyə incidirsiniz? Guya, oğlun oxuyub nazir olacaq?”

Bu sözlər Hüseynbalanın uşaq hafizəsinə yazıldı. Öz-özünə fikirləşdi: “Məgər mən oxuyub nazir ola bilmərəm?”

Beləliklə də, mən Lənkərandakı 2 nömrəli orta məktəbi gümüş medalla başa vurdum. Sonra o dövr Azərbaycan Politexnik İnstitutunu bitirdim. Məni Lənkərandakı 4 saylı Qaz Tikinti İdarəsinin baş mühəndisi təyin etdilər. 1980-ci ildə Azərbaycanda 1 milyonuncu abonentin evini qazlaşdırmaq mənə nəsib oldu. Təqribən, 2 ildən sonra həmin idarənin rəisi təyin olundum. 35 yaşımda Qırmızı Əmək Bayrağı Ordeninə layiq görüldüm. O dövrdə ulu öndərimiz mükafatı şəxsən özü mənə təqdim etdi və dedi: “Sən gənc bir mütəxəssis kimi gələcəkdə daha böyük uğurlar qazanmalısan. Çalış, məsuliyyətli ol! Bu sənin üçün avansdır”.

Ərəb ölkələrində Heydər Əliyevin kitablarının təqdimatı zamanı Asiya və Afrika Yazıçılar Birliyinin üzvü, Qırğızıstan Yazıçılar Birliyinin üzvü seçilmişəm. 2003-cü ildə Prezident seçkilərində fəal iştirak etdiyimə, zəngilanlı qaçqınlara maddi və mənəvi dəstək olduğuma görə Zəngilan Rayon İcra Hakimiyyətinin sərəncamı ilə Zəngilanın fəxri vətəndaşı seçilmişəm.

1986-cı ildə məni Bakıya işləməyə dəvət etdilər. Azərbaycan Qaz Təmir Tikinti Trestinə rəis təyin olundum. Sonrakı illərdə çox sürətlə vəzifə pillələrində irəliləməyə başladım. Maye Qaz üzrə Respublika İstehsalat Birliyinə baş direktor, Azərbaycan Dövlət Yanacaq Komitəsinə sədrin I müavini və iki il də sədrin vəzifəsini icra etmişəm. Sonuncu iş yerim Azərbaycan Qaz Emalı Zavodu olmuşdur. 15 il Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri oldum. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 15 il kafedra müdiri işlədim. Yaşadığım rəngarəng həyat məni yeni əsərlər yazmağa ruhlandırdı.

Mənə xoş təsir bağışlayan hadisələrdən biri də bizim möhtərəm Prezident Çinə rəsmi səfər edərkən, Çinin ölkə başçısı ona məlumat verdi ki, ulu öndər Heydər Əliyev haqqında olan kitab Çin dilinə tərcümə edilib. Və bu kitab nəinki Çində, eyni zamanda bir neçə xarici ölkədə – Yunanıstanda, Serbiyada, Türkiyədə, Özbəkistanda, İspaniyada və s. ölkələrdə tərcümə olunaraq çap olunmuşdur.

Daha bir maraqlı faktı diqqətinizə çatdırmaq istərdim. İndiki baş nazir Əli Əsədov o dövr Prezident Aparatında ulu öndər Heydər Əliyevin köməkçisi işləyirdi. O, mənə zəng vurub dedi: “Bu günlərdə vaxt olsa, Prezident Aparatına gələndə mənimlə görüşərsən”. Razılaşdıq. Onunla görüşdüm, bir xeyli söhbət etdik otaqda. Mənə dedi ki: “Bilirsən, nə oldu? Cənab Prezident məni otağına çağırdı. Adətən, onun masasının üzəri tərtəmiz olur. Nəzər-diqqətimi onun stolunun üzərində olan kitab çəkdi. Mən otağa daxil olduqdan sonra kitabın üz qabığını mənə göstərib soruşdu: “Əli, sən bu kitabı oxumusan?” – Mənsə cavabında: “Kitab məndə olsa da, onu hələ oxumamışam”, – dedim. O, mənə irad tutdu ki, bu kitabı oxumaq lazımdır, çox gözəl əsərdir. Söz verdim ki, tezliklə həmin kitabı oxuyacağam”.

Söhbət mənim yazdığım “Xəcalət” povestindən gedirdi. Bu mənim həyatımın ən xoşbəxt, ən gözəl anlarından biri kimi hafizəmə yazıldı.

“Xəcalət” povestinin ön səhifəsində böyük şairimiz Bəxtiyar Vahabzadənin mənə yazdığı məktub haqqında da söz açmaq istərdim. Məktubun son sətirlərində belə deyilir: “Vətən torpağının Hüseynbala Mirələmov kimi oğulları vardır. Baxmayaraq ki, o, tamamilə başqa bir peşənin sahibi olsa da, bizim Qarabağ dərdimizi böyük bir ustalıqla, professional yazıçı səviyyəsində elə bir şəkildə qələmə almışdır ki, millətimizin mənəvi gücünə inanmamaq mümkün deyil”.

– Yazıçı həyatın gerçəkliklərini öz əsərlərində əks etdirir, bədii salnamə yaratmaqla cəmiyyətdə fəci təmizləməni həyata keçirir. Amma dünya düzəlmir ki, düzəlmir. Sizcə, buna səbəb nədir?

– Çox doğru buyurursunuz. Bu məsələ yazıçılarla birlikdə məni də narahat edirdi. İlk gənclik illərimdən indiyə qədər çalışıram ki, əsərlərimdə cəmiyyəti narahat edən problemlərin həllini əks etdirəm. Buna necə nail olmuşamsa, onu oxuculardan soruşun.

– Əvvəlki illərdə aldığımız bilgiyə əsasən, kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes və qırğız yazıçısı Çingiz Aytmatov əsərləri ən çox oxunan yazıçılar sırasında idi. Siz sağlığında Çingiz Aytmatovla dostluq edirdiniz, Azərbaycan mətbuatı bu barədə geniş yazılar dərc etmişdi. O xoş anları necə xatırlayırsınız?

– Məşhur yazıçı Qabriel Qarsiya Markeslə yanaşı, Çingiz Aytmatov da əsərləri ilə daha çox tanınan yazıçılar sırasındadır. Mənə Çingiz Aytmatovla iki dəfə – Moskvada və Brüsseldə görüşmək nəsib oldu. Bakıda isə dəfələrlə onunla görüşdük, dostlaşdıq. Çingizlə dünya ədəbiyyatından, onun bəşəri mahiyyətindən, bədii əsərlərin cəmiyyətdə və insan həyatındakı rolundan, tərbiyəvi əhəmiyyətindən, estetik mahiyyətindən danışdıq. Məncə, o, iki dəfə Nobel mükafatına layiq olanlardan daha üstün bir yazıçı idi. Mənim üçün də Çingiz ən böyük yazıçıdır, türk dünyasının fəxridir. Onun nəsri şeirlə cilalanıb, romanları və povestləri şairanə ruhda yazılıb. Toxunduğu problemlər isə bu gün də öz aktuallığını qoruyub saxlayır. Çingizlə bağlı mənim həyatımda unudulmaz bir hadisə baş verdi. O, mənə “Yıxılan dağlar” və ya “Əbədi gəlin” romanının əlyazmasını avtoqraf yazıb bağışladı və bildirdi ki, “Mən həyatımda ilk dəfədir ki, öz əlyazmamı kiməsə bağışlayıram, o da sənsən”. Çingiz Aytmatov mənim üçün çox böyük yazıçıdır. Onun “Cəmilə”, “Ana tarla”, “Köşək gözü”, “İlk müəllim” adlı dörd povesti var. Çingiz Aytmatov əsərlərində həyatın iliyini tuturdu. Onu heç vaxt unutmuram, xatirələrimdə yaşadıram.

– Azərbaycan ədəbiyyatında bəzi istisnaları çıxmaq şərtilə başqa xalqların dillərinə (məsələn, ingilis, ispan, rus və fransız dillərində) tərcümə işində geridə qalırıq, problemlərdən qurtula bilmirik. Sizcə, nə etməliyik?

– Öncə onu deyim ki, Azərbaycanda, hardasa 10 milyon əhali yaşayır. Fərz edək ki, onun 3 milyonu uşaqlardır. Gəlin, baxaq görək, təqribən, qalan 6-7 milyon əhalinin neçə faizi mütaliə edir? Birinci burdan başlamaq lazımdır ki, əhali kitab oxumağa marağını artırsın. Yadıma gəlir ki, keçmiş Neftçilər prospektində bir mağaza var idi. Orada kitabları talonla satırdılar. Alıcılar səhər saat 5-dən növbəyə düzülürdülər. Xüsusilə də, görkəmli adamların həyatı haqqında olan kitablara maraq daha çox idi. Birinci burdan başlamaq lazımdır ki, insanlara kitab oxumağa həvəsi artırmaq lazımdır. Necə deyərlər, əvvəl evin içi, sonra çölü. İndi isə kitab mağazaları yox dərəcəsindədir. Xüsusilə də, rayonlarda bu iş daha bərbaddır. Kitab oxumayanın elmi düşüncəsi, təfəkkürü zəif olur. Bəs biz necə edək ki, kitab oxunsun? Xarici ölkə ədəbiyyatına maraq çoxalıb. Bəs, bizim ədəbiyyata? Azərbaycanda da bir çox maraqlı ədəbi əsərlər və onların yaradıcıları: şairlər, yazıçılar var. Məsələn, bunlardan Anarı, Çingiz Abdullayevi, Elçini, İlyas Əfəndiyevi, Rəsul Rzanı, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı və s. onlarla ədəbi yaradıcılıqla məşğul olmuş görkəmli qələm ustalarını misal gətirmək olar. Biz, əvvəlcə, millətimizə öz şair və yazıçılarımızı sevdirməliyik, daha sonra tərcümə məsələlərini gündəmə gətirməliyik. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı çox zəngindir. İstər yaşlı nəsil, istərsə də gənc ədəbiyyatçılarımız. Onların arasından çox gözəl istedadlar yetişir. Məsələn, mənim yadıma gəlir ki, biz gənc olanda “Azərbaycan” və “Ulduz” jurnallarına abunə olmaq üçün həftələrlə mərkəzi poçta növbə tutmaq üçün gedib-gəlirdik. Mənə deyirdilər ki, yer yoxdur. Vaxtilə yüz minlərlə tirajla çap olunan jurnallar indi 300 tirajla çap olunur. Həqiqətən, acınacaqlı vəziyyətdir.

– Məncə, bunun səbəbini, kökünü araşdırmaq lazımdır…

– Səbəbi odur ki, mənəviyyatımız getdikcə sarsılır. Mən “Xəzər” televiziyasında aparıcı Səyyarə xanımın “Ovqat” verilişində çıxışlarımdan birində bu məsələyə toxunmuşdum. Verilişdə yazdığım “Vəsiyyət” pyesimlə bağlı iştirak edirdim. Mənimlə yanaşı rejissor Firudin Məhərrəmov və filmə çəkilən Kazım adlı aktyor iştirak edirdilər. Geniş müzakirə zamanı mən dedim ki, (hələ o zaman bizim torpaqlarımız işğal altında idi) biz gec-tez Qarabağı azad edəcəyik. Ancaq buna baxmayaraq, mənəviyyatımız getdikcə sarsılır. Mənəviyyatımızın ekologiyası getdikcə çirklənir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan ədəbiyyatında bir çox yazıçı və şairlərin əsərləri xarici dillərə tərcümə olunub. Həmin əsərlər həm bədii xislətinə, bəşəri məzmununa görə fərqlənir, insanları həmişə xeyirin şər üzərində qələbəsinə çağırır. Mən elə fikirləşirəm ki, tərcümə işinə elə-belə, adi hal kimi baxmaq olmaz. Tərcümə mərkəzləri yaradılmalı, həm də bu işlə peşəkarlar məşğul olmalıdır. Bədii tərcümə, elmi tərcümə, sətri tərcümə bir-birindən fərqlənir. Hər kəs bildiyi kimi tərcümə edərsə, bunun səmərəsi olmaz. Mən deməzdim ki, tərcümə işində çox geridə qalırıq. Düzdür, problemlər var, bu problemləri aradan qaldırmaq üçün fədakarlıq, rəsmi qurumların dəstəyi olmalıdır.

– Bir əlində qələm, bir əlində qılınc tutan gənc, lakin qüdrətli dövlət başçısı, sərkərdə və şair Şah İsmayıl Xətai dünyada böyük qəhrəmanlıq və şücaət göstərmişdir. İndinin özündə də Şah İsmayıl Xətai haqqında müxtəlif ölkələrdə kitablar yazılır, fərqli mülahizələr söylənilir. Siz də “İki şah, iki sultan” trilogiyasının bir kitabını Şah İsmayıla həsr etmisiniz. Nədənsə bu roman ədəbi tənqidçilərin diqqətindən yayındı…

– Mən öz əsərimdə – “İki şah, iki sultan” trilogiyasında bu barədə açıq şəkildə yazmışam. Türk hökmdarı Sultan Səlim Yavuz Çaldıran ərazisinə gəlir. Bu barədə mənim “Azərbaycan” qəzetində bir yazım dərc olunmuşdu. Məqalənin adı “Günəş ləkə götürməz” adlanırdı. Bu məqaləni Türkiyə internet portallarından birində Rauf Çamuroğlunun “İsmayıl” romanına xitabən yazmışdım. Mən öz məqaləmdə o yazıçıya sualla müraciət edərək, onun hansı əsasla qüdrətli bir şahı “İsmayıl” adlandırmasını sərt tənqid etmişdim. Orada bir məqamı sizə deyim ki, məqalədə Sultan Səlim Yavuza belə bir sualla xitab etmişəm: “Türk sultanı Sultan Səlim Yavuz! Səni Türkiyədən Çaldıran ərazisinə kim çağırmışdı? Çaldıran ərazisi Azərbaycana məxsus idi. Nə üçün bu əraziyə gəldin? Belə çıxır ki, “Çaldıran” savaşını siz başlamısınız”. Mən öz romanımda da yazmışam, Şah İsmayıl Xətai olduqca mərd, məğrur və ağıllı bir sərkərdə idi. Bu savaşda uduzan məncə, bütün türk dünyası oldu. Əsərdə mən hadisələrə də qiymət vermişəm.

Şah İsmayıl Xətai bir dövlət başçısı, sərkərdə, şair kimi də bənzərsiz olmuşdur. O, Azərbaycan türkcəsində divan yazan ilk şairdir. Şah İsmayıl gənc olmasına baxmayaraq, böyük bir əraziyə malik Səfəvi imperiyasını yaratmışdır. Onun həyata keçirdiyi islahatlar o dövr üçün çox böyük hadisə idi. Bu barədə arxivlər və sənədlər araşdırılıb, etibarlı mənbələrə istinadən kitablar yazılıb və mətbuatda məqalələr dərc edilib. Karl Marks Şah İsmayıl Xətai haqqında demişdir: “Əgər Yaradan dünyaya bir general göndəribsə, heç şübhəsiz ki, bu Şah İsmayıldır. Nə Napoleon, nə Sezar, nə Atilla, nə Çingiz, nə də digərləri onun kimi hərbiçi, savaşçı deyildi. Çünki bu Qızılbaş Şahı 14 ildə 14 ölkəni, 357 şəhəri fəth etdi, ordunun önündə savaşaraq, canlı iz buraxdı”.

Qaldı ki, adını çəkdiyiniz romanın ədəbi tənqidin diqqətindən kənarda qalması, bu onların öz işidir. Gərək heç nə diqqətdən yayınmasın…

– Sizcə, sözə qiymət necədir, söz dəyərini itiribmi? Yazıçı və şairlərin, xüsusilə də, gənclərin kitablarının tez-tələsik təqdimatını keçirmə mərasimləri ilə rastlaşırıq. Bəzən kiçik, həm də zəif yazılmış kitabın müəllifini o ki, var tərifləyirlər. Tanınmış qələm sahibinin belə təqdimatlara ehtiyacı varmı?

– Sizi inandırım ki, mənim dostlarımın mənə iradı, yazdığım gözəl əsərlərin təbliğ edilməməsidir. Mən çox nadir hallarda kitab təqdimatları keçirirəm. Əsasən, kitablarımı dostlarıma hədiyyə edirəm. Amma bu payızda fikrim var ki, bir təqdimat keçirim. Bu sizə bağışladığım “Bəyaz buludlar üstdə” kitabımın təqdimatı olacaq.

O ki, qaldı sözə, doğrudan da, Əlahəzrət Söz yazıçı və şairlərin əlində çox qüdrətli bir vasitədir. Bəşər övladının ən böyük kəşfi insan zəkasının nuru, durudan duru olan sözdür. Sözün gücü ordunun gücünə bərabərdir, əmr sözlərdən ibarətdir.

Məncə, söz dəyərini itirməyib, əksinə, söz daha da cilalanıb, məna dəyərini artırıb, yeni məzmun kəsb edib. Söz, kitab – nəsillərin-nəsillərə vəsiyyətidir.

– Yazıçı kitab yazır, onu özü satmalı, oxucuya çatdırmalıdır. Sovet dönəmində isə belə deyildi. Kitab çapdan çıxan kimi dövlət onun pulunu ödəyirdi. Elə yazıçılar var ki, çörəyi yalnız qələmindən çıxır. Əgər onun kitabı satılmırsa, o nə etməlidir?

– Mənə elə gəlir ki, bizim ən böyük qayğılarımızdan biri Qarabağla bağlıdır. Yəni, qayğı dedikdə, mən Qarabağın yenidən çiçəklənməsini, həyata qayıtmasını, bərpasını nəzərdə tuturam. Məndə bir hiss var ki, bu məsələ yüksək səviyyədə öz həllini tapandan sonra bizim dövlətimiz bu sahədə bir qayda yaradacaq. Belə ki, ölkə başçısı həmişə sənət adamlarına, yazıçı və şairlərə, ümumilikdə ədəbi mühitə diqqət və qayğı ilə yanaşıb. Mənə elə gəlir ki, bu ədəbi cameədən olanlar üçün də mühüm bir addım atılacaq.

– Sizcə, yazıçı cəmiyyətin barometridirmi? Onun missiyası nə olmalıdır?

– Əsrlərdir ki, yazıçılar yaşadıqları cəmiyyətdə aparıcı qüvvə kimi çıxış edirlər. Yazıçı cəmiyyətin, mənsub olduğu xalqın güzgüsüdür. Onun ideyalarını əks etdirən əsərləri ümumbəşəri mahiyyət daşıdıqca yazıçının təsvir etdiyi predmet də əbədiləşir. Yazıçı öz əsərini əlində məşəl kimi tutur. Onun əsas vəzifəsi xeyirlə şərin mübarizəsində xeyirə rəvac vermək, insanların saflaşmasına nail olmaq, dünyamızı qorumaqdır.

– Hüseynbala müəllim, siz həm də alimsiniz. Bu yaxınlarda sizin Nanotexnologiyalarına aid dərslik kitabınızla rastlaşdım.

– Bəli, mən həm də aliməm. Uzun illər ali məktəbdə kafedraya rəhbərlik etmişəm. Həm Nanotexnologiyaya, həm də neft və qazın nəqlinə, istismarına aid bir neçə dərsliklərin müəllifiyəm.

– Yeri gəlmişkən Nanotexnologiya elmin yeni sahəsidir. Azərbaycanda bu elmin inkişafı necə gedir?

– Mən Azərbaycanda bu sahədə işlərin gedişi haqqında dəqiq heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bir neçə il bundan qabaq BDU-nun keçmiş rektoru akademik Abel Məhərrəmovun razılığı ilə universitetdə yaradılmış Nanotexnologiyaya aid laboratoriya ilə tanış oldum. Sizə deyim ki, möhtəşəm bir elmi mərkəz yaradılmışdı. Mən hətta heyrət etdim.

Chosen
16
1
millitv.net

2Sources