EN

Azərbaycanlıların deportasiyası məsələsi Prezidentin xüsusi diqqətində

Aydın Hüseynov: “Ermənistan gec-tez qərbi azərbaycanlılar məsələsində Azərbaycan dövlətinin haqlı tələbini qəbul etməli olacaq”

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan da danışıb.

Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır.

DİQQET.jpg

Prezident İlham Əliyev bildirib ki, bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

“Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq”, - deyə dövlət başçısı əlavə edib.

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın məsələsi Azərbaycan dövlətinin və dövlətin rəhbəri Prezident İlham Əliyevin xüsusi diqqətində olan prioritet məsələlərdəndir.

AYDİN.jpg

Prezident İlham Əliyevin beynəlxalq mediaya, nüfuzlu telekanallara müsahibələrində, nüfuzlu beynəlxalq əhəmiyyətli tədbirlərdə qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunduğu və soydaşlarımızın öz tarixi torpaqlarına geri qayıtmasının vacibliyini bəyan etməsi, Azərbaycanda Qərbi Azərbaycan İcmasının yaradılması, bu İcmanın fəaliyyətinə dövlətin xüsusi əhəmiyyət verməsi və digər addımlar bunun əyani təsdiqidir: “Təbii ki, Azərbaycan dövləti bu addımlarla kifayətlənmir, Ermənistan rəhbərliyi qarşısında azərbaycanlıların öz tarixi vətənlərinə geri dönmələrinə şərait yaradılması üçün çağırışlar edib,  Ermənistan rəhbərliyinə azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə sual ünvanlayıb. Ancaq hələ ki, İrəvan bu müraciətlərə, bu suallara rəsmi cavab verməyib. Ermənistanın 1980-ci illərin sonları, 1990-cı ildə 300 min azərbaycanlını tarixi torpaqlarından deportasiya etməsi beynəlxalq konvensiyaların, BMT konvensiyalarının, insan hüquqlarının açıq-aşkar pozulması faktıdır. Bu faktı inkar etmək mümkün deyil, bu baş verib. Bu deportasiya faktı Ermənistan dövlətinin üzərindəki ləkə və cinayətlərdən biridir. Üzərindən 35 il keçməsi o demək deyil ki, Ermənistan yaxasını kənara çəkməlidir. Ermənistan bu cinayətinə görə cavab verməlidir və cavab verəcək”.

Deputatın sözlərinə görə, Ermənistanın bu məsələdə yeganə ən düzgün seçimi o ola bilər ki, Azərbaycanın qaldırdığı məsələyə düzgün cavab versin:

“Düzgün cavab isə deportasiya etdiyi azərbaycanlıların öz tarixi torpaqlarına, evlərinə geri dönüşünə, reinteqrasiyasına şərait yaradılması, azərbaycanlıların hüquqlarının tanınmasıdır. İrəvan bilməlidir ki, Azərbaycan dövləti bu məsələdə öz haqlı, ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkiləsi deyil. Azərbaycan bu gün Ermənistan adlanan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın məsələsini artıq beynəlxalq müstəviyə, BMT səviyyəsinə qədər çıxarıb və bu prosesi daha da dərinləşdirməkdə əzmlidir. Çünki haqlı tərəfdir, ədalətin bərpasını istəyir. Ona görə də Ermənistan gec-tez qərbi azərbaycanlılar məsələsində Azərbaycan dövlətinin haqlı tələbini qəbul etməli olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
38
musavat.com

1Sources