EN

Azərbaycan interregional güc kimi

II MƏQALƏ

Mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Türk dünyasında interregional təcrübə

Bu təcrübənin başlıca xüsusiyyəti ortaq etnik mənsubluğa, tarixə, dinə, mədəniyyətə malik xalqların müasir mərhələdə müstəqil dövlətlər kimi perspektivli əməkdaşlığını qurmaq fəlsəfəsinə əsaslanır. Burada mühüm şərt kimi, dövlətlərin Türk dünyası üçün ortaq olan aktual problemləri obyektiv müəyyən etməsi vacib idi. Çünki müasir təcrübə göstərir ki, heç də hər bir regionlararası təşkilatlar uğurlu olmur. Bundan başqa, türk dövlətləri uzun fasilədən sonra müstəqil dövlətlər olaraq bir araya gəlməlidirlər. Bu baxımdan, Azərbaycanın regional güc kimi (Cənubi Qafqaz nəzərdə tutulur) təcrübəsi əhəmiyyətli rol oynamaqdadır. Bakı bu təcrübə əsasında Türk dünyası miqyasında aktual ortaq problemlərin müəyyən edilməsi və onların həlli ilə bağlı fəallıq göstərir. Üzv dövlətlərin hər biri bu fəallığı qəbul edirlər, çünki Azərbaycanın Cənubi Qafqaz təcrübəsi mövcuddur. Hətta bu təcrübəni TDT-də nümunə kimi qəbul edirlər.

Bunlarla yanaşı, Türk dünyası miqyasında bizim qəbul etdiyimiz anlam kontekstində interregional güc olmaq ayrıca keyfiyyətlər də tələb edir. Məsələ belədir ki, interregional güc olmaq üçün problemlərin müəyyən edilməsində fəallıq yetərli deyildir, onların həllində faydalı olmaq xüsusi əhəmiyyət kəsb edir. Çünki dövlət real gücünü hansı istiqamətdə – mədəniyyət, siyasət, iqtisadiyyat, ticari, informasiya, humanitarlıq, təşkilatlanma və s., göstərə biləcəyini də dəqiq müəyyənləşdirməlidir. Ola bilsin ki, bu istiqamətlərin müəyyən qrupuna və ya bütövlükdə, hamısına aid olan məsələlər üzrə dövlət gücünü nümayiş etdirə bilsin.

Digər tərəfdən, TDT üzvü olan ölkələr və xalqlar bir-birinə nə qədər yaxın olsalar da, realpolitika müstəvisində müəyyənedici kriteriya konkret göstəricidir. Buna görə də Azərbaycanın TDT-də güc kimi seçimi çox əhəmiyyətlidir. Faktlar göstərir ki, rəsmi Bakı TDT-də, demək olar ki, ortaq problemlərin hər birini əhatə edən siyasət yeritməkdədir. Bura təşkilatlanma mexanizmindən tutmuş müxtəlif sferalara aid ortaq proqramlar, kommunikasiya sahəsi və milli təhükəsizliyin təmini də daxildir. Onların heç birini arxa plana atmaq doğru deyil.

Lakin interregional güc kontekstində iki faktoru ayrıca vurğulamaq istərdik. Onlardan biri Türk dünyasına daxil olan ölkələrin milli təhlükəsizliyinin təminidir. Digəri isə humanitarlıqdır. Çünki milli təhlükəsizlik və humanitarlıq müasir mərhələdə interregional güc olmanın universal prinsipləri kimi qiymətləndirilir. Bura hər hansı etnik faktor aid deyildir. Ümumiyyətlə, dövlətlərin münasibətlərində milli təhlükəsizlik və humanitarlığı universal bəşəri dəyərlər kimi qəbul edib, realpolitikada tətbiqini interregional güc olmanın başlıca şərti kimi təsəvvürə gətiririk.

Məsələnin bu cür qoyuluşunun vacibliyini qısa müqayisədə izah edək. İndiki mərhələdə hətta böyük güclər belə milli təhükəsizlik və humanitarlıqda obyektivliyi və ədaləti tam gözləyə bilmirlər. Bununla bağlı politoloqların apardıqları araşdırmalar göstərmişdir ki, bu, faktiki olaraq, dünya düzənini pozur və bəşəriyyəti yanlış istiqamətə sürükləyir. Bütövlükdə vəziyyət elə kəskinləşir ki, dünyanın mövcud olub-olmaması məsələsi meydana çıxır.

Bundan başqa, əgər hazırda dünyaya regionların sistemi kimi baxılırsa, onda hər bir regionda milli təhlükəsizlik və humanitarlığın etibarlı təmininin yekunda qlobal miqyası üçün strateji məna kəsb etdiyi qənaətinə gəlirik. Bu tezisin dərk edilməsi interregional güc anlayışının başqa bir əhəmiyyətini anlamağa yardım edir.

Biz, faktiki olaraq, qlobal miqyasda təhlükəsizlik və humanitarlığın təminində interregional güclərin həlledici rol oynaya biləcəyi tezisini nəzərdə tuturuq. Bu mexanizm regionlararası miqyasdan qlobal miqyasa geosiyasi transformasiyanın özəlliyini ortaya çıxarır. Deməli, Azərbaycanın regional və TDT çərçivəsində ortaq problemləri uğurla həll etmək təcrübəsi həm onun interregional güc kimi, həm də qlobal miqyasa müsbət təsiri baxımından malik olduğu potensial fonunda son dərəcə əhəmiyyətlidir.

Müşahidələr göstərir ki, rəsmi Bakı uğurla bu təcrübəni interregional mühitə və qlobal miqyasa proyeksiya edə bilir. Fəlsəfi və politoloji prizmada bizim üçün həmin məqam olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, artıq Azərbaycanın interregional güc kimi qlobal miqyasda ortaq problemlərin həllində aktiv iştiraka imkan verən təcrübəsi mövcuddur. Həmin təcrübə maraqlı formada milli təhlükəsizliklə humanitarlığı sintez etmək nümunəsi ola bilər. Biz Qoşulmama Hərəkatında (QH) Azərbaycanın fəaliyyətini nəzərdə tuturuq.

QH sınaq meydanı kimi

Sözün həqiqi mənasında, QH Azərbaycan üçün interregional güc olmaq fəlsəfəsini daha geniş geosiyasi məkanda sınaqdan çıxarmaq üçün fəaliyyət meydanı oldu. Bura İslam Konfransı Təşkilatını (İKT) da aid edə bilərik. Lakin QH-nin fərqi ondan ibarətdir ki, ona müxtəlif sivilizasilayar, dinlər, mədəniyyətlər, hərbi sistemlər daxildir. QH obrazlı şəkildə “Qlobal Cənub” da adlandırılır. Bu da coğrafi baxımdan faktiki dünyanın yarısı deməkdir. Buna görə də Azərbaycan dünyanın yarısına TDT-dəki interregional güc olmaq təcrübəsini necə proyeksiya edə bilərdi?

Bizim qənaətimizə görə, rəsmi Bakı məhz milli təhlükəsizlik və humanitarlığı başlıca istiqamət kimi götürdü və uğurlu addımlar atdı. QH üzvü olan ölkələrin milli təhlükəsizlikləri onlara qarşı aparılan neokolonialist siyasətin neytrallaşdırılması kontekstində diqqət mərkəzində saxlandı. Humanitarlıq isə üzv dövlətlərə ədalətli yanaşma ilə qarşılıqlı yardımlaşma və paylaşmanın uyğunlaşdırılması fonunda təzahür etdi. Azərbaycan Prezidenti hər iki aspekt üzrə elə sistemli, ədalətli və davamlı addımlar atdı ki, BMT miqyasında əks-səda verdi. Dünya üçün ən kəskin vaxtda rəsmi Bakı ədalətlilik, humanitarlıq və təhlükəsizliyin təmini üçün real addımlar atdı. Bu, TDT-də güc olmaq təcrübəsinin daha geniş miqyasda maraqlı bir tətbiqi və həm də onun sınağı idi. Eyni zamanda, Azərbaycan digər regionlararası təşkilatlar kontekstində uğurlu fəaliyyətin güc statusunda aparılması təcrübəsi əldə etdi.

Beləliklə, TDT-də interregional güc olmaq təcrübəsinin QH-də fəaliyyətlə sintezi Azərbaycana elə bir təcrübə qazandırdı ki, o, daha mürəkkəb şərtlər altında interregional güc kimi özünü təsdiq etməkdə mühüm rol oynadı. Bu, konkret olaraq, Suriya məsələsində özünü göstərdi.

Bakının Suriya məsələsində interregional rolu

Bəlkə də əksər siyasilər, politoloqlar və ekspertlər üçün məsələnin bu cür qoyuluşu real və inandırıcı olmaya bilər. Çünki zahirən Azərbaycanın Suriyada proseslər gedəndə ona heç bir müdaxiləsinin olmadığı təəssüratı möhkəm yer almışdır. Ancaq situasiyaya geniş və müasir geosiyasətin özəllikləri prizmasında baxanda maraqlı məqamları görə bilərik.

Öncə onu vurğulayaq ki, Azərbaycan bu məsələdə siyasi-diplomatik çərçivəni aşan heç bir addım atmadı. Ancaq, eyni zamanda, diplomatik fəaliyyəti ilə bir çox məsələlərin həllinə ciddi təsirlər etdi. Bu qənaəti Suriya məsələsi həll olunandan sonra baş verən proseslər və onlara verilən qiymətlər təsdiq edir. Həmin sırada Prezident İlham Əliyevin Türkiyə Prezidentinə Suriya ilə bağlı mövzuda zəng etməsini və Azərbaycan Prezidentinin köməkçisi

Hikmət Hacıyevin İsrail və Türkiyəyə səfərlərini vurğulamaq olar.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini, sakit, sabit və təhlükəsiz ölkə quruculuğunu doğru hesab etdiyini bildirmişdir. İlham Əliyev bu istiqamətdə Azərbaycanın hər cür humanitar yardıma hazır olduğunu da bəyan etmişdir. Yəni Azərbaycan Respublikası Suriya məsələsində artdığı interregional güc təcrübəsi olan dövlət kimi, orada aparılacaq quruculuq işlərində humanitar aspektdə fəaliyyət göstərəcək.

Buna paralel olaraq, Azərbaycan diplomatiyası özünü reklam etmədən Yaxın Şərqdə milli təhlükəsizliyin təmini üçün fəallıq göstərmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin atdığı addımlar ictimaiyyətə çoxdan məlumdur. KİV-də verilən məlumatlara görə, Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrail və Türkiyədə apardığı danışıqlar, bütövlükdə, Yaxın Şərqdə təhlükəsizlik, sülh və barışa aiddir. O cümlədən, Suriya məsələsində Türkiyə ilə İsrailin ortaq mövqeyə gətirilməsinə xidmət edir. Ümumi səviyyədə bu, interregional kontekstdə milli təhlükəsizliyin və humanitarlığın təmini istiqamətində fəaliyyət deməkdir.

Maraqlıdır ki, Azərbaycan, eyni zamanda, Yaxın Şərqi də əhatə edən və enerji təhlükəsizliyi əsasında mili təhlükəsizliyə xidmət edən addımları davamlı olaraq atır. Bakının təşəbbüs etdiyi enerji layihələri İraqı, Suriyanı və Yaxın Şərqin digər dövlətlərini əhatə edir. Enerji layihələrinin nəqliyyat-logistika proyektləri ilə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Belə alınır ki, rəsmi Bakı Azərbaycanın TDT və QH-dəki interregional güc təcrübəsini növbəti dəfə Yaxın Şərqdəki situasiyaya tətbiq edir. Bu, vacib bir gedişatdır. Bir tərəfdən, Azərbaycan müstəqil dövlət kimi regionlararası miqyasda geosiyasi rolunu yeni səviyyəyə yüksəldir, digər tərəfdən isə qlobal miqyasda uğurlu fəaliyyət üçün təcrübəsini zənginləşdirir.

Bütün bunlardan əhəmiyyətli və aktual saydığımız bir qənaət əldə də bilərik: Azərbaycan yeni tarixi mərhələdə regional, interregional və qlobal miqyaslarda geosiyasi güc kimi özünütəsdiqin növbəti mərhələsinə qədəm qoymuşdur.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Chosen
31
xalqqazeti.az

1Sources