EN

Xəzər nərəsiz qalmasın!

Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri İlya Şestakov yerli mediaya verdiyi məlumatda Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın ləğvinin hələ planlaşdırılmadığını bildirib. İ.Şestakov qadağanın ləğv edilməsi ilə bağlı hələlik elə bir qərar olmadığını, Xəzərdə nərə balığı ehtiyatları ilə bağlı vəziyyətin isə ciddi narahatlıq doğurduğunu qeyd edib.

Xatırladaq ki, Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri bununla əlaqədar komissiyanın cari ilin sonunadək Həştərxanda toplaşacağını, növbəti dəfə nərə balıqlarının kommersiya ovuna məhdudiyyətlərin tətbiq ediləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Xəzər nərəkimilərin yox olması təhlükəsi ilə üz-üzədir. Səbəblər isə müxtəlifdir. Onlardan biri su elektrik stansiyaları, bəndlərin tikintisi və dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində təbii kürünün tökülməsi sahələrinin azalmasıdır. Bu proses sovet dövründən indiyədək dəyişməz qalır. O vaxtdan Volqa və Kama çaylarında bəndlərin tikilməsi səbəbindən nərəkimilərin kürü tökmə yerlərinə keçməsi reallaşmır.

Eyni vəziyyət Kür çayında da müşahidə olunur. Mingəçevir Su Elektrik Stansiyası tikildikdən sonra nərə balıqları kürü tökə bilmir. Coğrafiya elmləri doktoru Səid Səfərov çayın aşağı axarlarında vəziyyətin pisləşdiyini deyir: “2010-cu ildən başlayaraq Kür çayının illik axını getdikcə azalır. Bəzən çay dənizə çatmır. Bu səbəbdən də dəniz suyu Salyana qədər Kürün aşağı axar hissəsini doldurur. Təbii ki, bunun nəticəsində nərə balıqlarının kürüləməsi və təbii çoxalması üçün Kürə girməsi qeyri-mümkün olur. Bu, o deməkdir ki, balıq ehtiyatlarının təbii artırılması mümkün deyil, balıq resursları getdikcə azalır”.

Nərə balığının nəslinin kəsilmə təhlükəsinin səbəblərindən biri də onların qeyri-qanuni ovudur. Brakonyerlik nərə balığının sənaye ovunun dayandırıldığı zaman onu 30 dəfə üstələyirdi. Bu gün də brakonyerlik hallarına rast gəlinir. Həyata keçirilən davamlı tədbirlərə baxmayaraq, balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmur və hələ də belə hallara rast gəlinir.

Bunun qarşısının alınması ilə əlaqədar çətinlik isə bir sıra amillərlə bağlıdır. Aparılan reyd və araşdırmalar göstərir ki, əsasən qanunsuz balıq ovu ilə məşğul olan brakonyerlərə kənardan ayrı-ayrı imkanlı və nüfuzlu şəxslər himayədarlıq edir, onlar iri tutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təmin edilir. Belə qanun pozucuları Xəzər dənizinin sahilindən 10 kilometrlərlə uzağa getmək və orada qanunsuz balıq tutmaq imkanlarına malikdirlər. Texniki təchizatın tələb edilən səviyyədə olmaması səbəbindən həmin sürətli qayıqların saxlanılması və qanun pozucularınının məsuliyyətə cəlbi bir sıra hallarda mümkün deyil.

Qanunsuz ovlanmış balıqların, o cümlədən nərəkimilərin müxtəlif yerlərdə satılmasının qarşısının alınmasında da ciddi çətinliklər var. İstənilən Xəzər regionunda olduğu kimi, Bakı bazarlarında nərə balıqlarının ovuna qadağa qoyulmasına baxmayaraq, həm onu, həm də qara kürünü almaq mümkündür. Satılan balıqların arasında körpə nərə balıqlarına da rast gəlinir. Belə bir hal onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaradır.

Digər problem isə dənizin çirklənməsidir. Neftlə çirklənmə Xəzər dənizində fitobentos və fitoplanktonun inkişafına mane olur. Çirklənmənin artması su səthi ilə atmosfer arasında istilik, qaz və nəm mübadiləsinə mənfi təsir göstərir. Neft pərdəsinin geniş əraziləyə yayılması səbəbindən buxarlanma sürəti bir neçə dəfə azalır. Nəticədə biomüxtəliflik pozulur.

Dənizin çiriklənməsinə sənaye müəssisələri də mənfi təsir göstərir. 1980-ci illərdə Volqa sahilində yerləşən kimya zavodlarından birində qəza nəticəsində zəhərli maddələrin böyük bir hissəsi çaya axıb. Zəhərlənmə o qədər güclü olub ki, tutulan balıqların ətləri liflərə parçalanıb. Həmin vaxt çox sayda balıq ölüb. Sağ qalanlar isə özlərində zərərli maddələr toplayıb. Bu da nərə balıqlarının populyasiyasını zəiflədib.

S.Səfərovun sözlərinə görə, Xəzər dənizinin çirklənməsi nadir balıqlarla yanaşı, digər canlı orqanizmlərin ölümünə, ekosistemin ciddi dəyişikliklərə məruz qalmasına səbəb olur. Nəticədə yem ehtiyatı da tükənir. Kilkələrin kəskin azalması onlarla qidalanan nərə və digər balıqların azalmasını şərtləndirir.

Temperatur artımı da təsirsiz ötüşmür. Yüksək temperatur oksigen çatışmazlığı yaradır, biokütləsi azalan Xəzər zooplanktonunun biomüxtəlifliyini məhv edir. Plankton və zoobentos növlərinin yox olması həm də yeni növlərin ortaya çıxmasına səbəb olur. Məsələn, dənizdə “Mne obsis ledi” adlı həşərat əmələ gəlib. Həmin həşəratlar kilkə balıqlarını məhv edir. Əlbəttə, çox yaxın gələcəkdə bu, nəinki nərəkimilərin azalmasına, həm də Xəzər regionunda balıqçılığın sosial-iqtisadi vəziyyətinə təsir göstərəcək.

Yuxarıda göstərilən problemlərin hamısı ciddi nəticələrə, yəni nərə balığının nəslinin kəsilməsinə gətirib çıxarır. Bunu rəqəmlər də təsdiqləyir. Su hövzəsində nərə balıqlarının ovlanması üzrə ən yüksək göstəricilər XX əsrin əvvəllərində 39,4 min ton və 1970-ci illərin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb. 1995-ci ildə 5 min 600 ton nərə balığı ovlanıb. Bu rəqəm 2005-ci ildən sonra 1000 ton civarında olub.

Bu, kürünün azalmasında da özünü göstərir. Nəzərə alaq ki, vaxtilə dünyanın ən qiymətli dəniz məhsularından olan qara kürünün 80 faizdən çoxu Xəzər dənizindən əldə olunurdu. Təbii ki, söhbət təmiz qara kürüdən gedir. Hazırda qara kürü əsasən, lüks restoranların menyusunda və xarici qonaqların hədiyyələri arasında öz yerini tutur.

Beləliklə, nərəkimilərin çoxalma qabiliyyətinin zəif olması, çay hövzələrində onların kürü tökmə sahələrinin azalması, təsərrüfat fəaliyyətinin inkişafı XX əsrin sonlarında nərə balıqlarının nəsli kəsilməkdə olan növlərinin inkişafını ləngidib. Qiymətli balığın yox olma təhlükəsi isə bölgədə nərə balıqlarının süni çoxaldılmasına səbəb olub.

Hazırda Xəzər hövzəsində nərə balıqlarının çoxaldılması, əsasən nərə balıqlarının yetişdirilməsi zavodlarının fəaliyyəti hesabına təmin edilir. Azərbaycan, İran, Qazaxıstan və Rusiyada balıqartırma zavodları fəaliyyət göstərir. Bu müəssisələrdən ən böyüyü Neftçala rayonundakı Xıllı Balıqartırma zavodudur. Burada məqsəd təbiətdə nərə balıqlarının təbii populyasiyasının qorunması və ehtiyatının bərpasını təmin etməkdir. Əgər bu fəaliyyət olmasaydı, indi Xəzər dənizində nərə balıqlarının çoxaldılmasını təmin etmək mümkün olmazdı.

Pünhan ƏFƏNDİYEV
XQ

Chosen
11
xalqqazeti.az

1Sources