EN

Dadaşov və Nəzərovun komandası qrup mərhələsinə yüksəldi

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə kubokunun 5-ci təsnifat mərhələsi çərçivəsində “Menemenspor”un qonağı olub.

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Zədədən yenicə qayıtmış Dadaşov bu matçın 90+4-cü dəqiqəsində meydana buraxılıb. Nəzərov isə 20 nəfərlik heyətə salınsa da, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 11 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.

“Ankaragücü” bu qələbə sayəsində Türkiyə Kubokunun 2024/2025-ci illər mövsümünün qrup mərhələsinə vəsiqə qazanıb. Azərbaycanlı futbolçuların komandasının növbəti rəqibləri qarşıdakı günlərdə təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.

Chosen
36
arena.az

1Sources