Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə növbəti səfəri və fransız həmkarıyla görüşü tərəflərin hərbi əməkdaşlığının konkret konturlar aldığının göstəricisidir. Bu, Papikyanın 2024-cü ildə Fransaya gerçəkləşdirdiyi ilk səfər deyil. Əgər Emmanuel Makron əvvəl İrəvanla hərbi təmasların müdafiə xarakterli olduğunu deyirdisə, indi Parisin Qafqazdakı forpostuna öldürücü və hücum xarakterli silah ötürmək niyyətini gizlətmədiyini görürük.
Tranzit problemi və franşiza çözümü
Ermənistanın Qərb istehsalı silah-sürsatın idxalında iki ciddi problemi var. Bunlardan birincisi alınan yeni silahın Rusiya və ya sovet hərbi sənayesinin ərsəyə gətirdiyi avadanlıqlarla uyğunlaşdırılması ilə bağlıdır. Xüsusilə əgər söhbət ağır artilleriya və ya uzaqmənzilli raket sistemlərindən gedirsə.
İkinci əngəl ondan ibarətdir ki, Ermənistan Qərbdən alacağı silahın ölkəyə gətirilməsində ciddi çətinliklər yaşayır. Avropaya olan yeganə yol Gürcüstandan keçir. Rəsmi Tiflis isə ərazisinin hərbi təmayüllü yüklərin ötürülməsi üçün tranzit məqsədi ilə istifadəsinə icazə vermir. Bu azmış kimi, Gürcüstanın son hadisələr fonunda Qərblə, ələxüsus da Fransa ilə münasibətlərinin kəskinləşməsi, Paşinyan hökumətinin son ümidlərini də qeyri-real edir. Görünür, elə bu səbəbdəndir ki, rəsmi İrəvan çıxış yolunu müvəqqəti olaraq şərqdə - Hindistanda görür və müdafiə qabiliyyətini hindlilərin franşiza hüququ ilə istehsal etdikləri silahın idxalı hesabına kompensasiya edir. Hind silahının ölkəyə gətirilməsi də çətin deyil, İran münbit tranzit funksiyasını “vicdan”la yerinə yetirir.
Ermənistanın Hindistandan aldığı hərbi təmayüllü məhsulların əksəriyyəti Fransa istehsalı ilə ərsəyə gəlib. Bu, İrəvana imkan verir ki, bir tərəfdən erməni ordusunun restrukturizasiyasını həyata keçirən fransalı hərbi mütəxəsslər həmin silahlardan rahat şəkildə yararlansınlar, digər yöndən isə hind hərbi texnikası gələcəkdə Fransadan gətiriləcək sistemlərə uyğunlaşdırıla bilsin.
Hərbi əməkdaşlığın pulunu kim verir?
Ötən ilə olan statistikaya inansaq, Ermənistanın Fransa ilə ticarət dövriyyəsi 160-170 milyon dollar təşkil edib. Bu, hay-küylə reklam edilən strateji münasibətlərə malik dövlətlər üçün olduqca azdır. Eyni zamanda, özünə regional bastion axtaran Fransa boyda dövlət üçün də gülünc yatırımdır. Fransa ilə dövriyyə Ermənistanın ümumi xarici ticarət statistikasının təqribən 1 faizini təşkil edir. Düzdür, tərəflər yaxın dövrə bu statistikanı ən azı 10 dəfə qaldıracaqları barədə bəyanatlar verirlər, ancaq bu şirin vədlərin altında real bünövrə yoxdur - təbii ki, Fransa istehsalı olan silahın idxalı halında ümumi gəstəricinin artmasını nəzərə almasaq. Qeyd edək ki, 2023-cü ildə Ermənistan Fransaya cəmi 9 milyon dollarlıq məhsul satıb.
İrəvanın bütün AB ölkələri ilə ticarət dövriyyəsi 2 milyardın bir qədər üstündədir. Halbuki bu il Ermənistanın Aİİ ilə ticarəti 11 milyardı keçib. Aİİ ilə iqtisadi təmaslarda birincilik Rusiyadadır, ikinci yerdə Paşinyanın sevmədiyi Lukaşenkonun Belarusu gəlir, üçüncülük isə Qazaxıstana məxsudur. Əgər Fransadan silah alınırsa, deməli, ya pul var - çünki qərblilər “gözəl gözlərə” görə nəisə peşkəş etməzlər, illah ki, Fransanın 1962-ci ildən bu yana ən dərin hökumət böhranı və iqtisadi tənəzzülü yaşadığını nəzərə alsaq - ya da ötürüləcək silah Ukraynadakı döyüş meydanlarına göndərilən kimi, “ikinci əl texnika”dan ibarət olacaq. Bir müddət əvvəl Fransa “kiçik bacısı”na istifadə edilmiş yüngül zirehli döyüş maşınları vermişdi. Yeri gəlmişkən, bu maşınlar Ukraynada özünü heç də yaxşı yöndən göstərmir.
İstənilən halda, Fransa Ermənistanı silahlandırmaqla Azərbaycanla rəqabət meydanında tərəzinin gözünü özünə tərəf əymək məqsədinə çətin ki, nail olsun. Bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova vediyi müsahibədə də qeyd etdi: silahlanma ilə revanşa ümid edənlər 2020-ci ilin 44 günlük müharibəsini və 2023-cü ildəki antiterror əməliyyatının nəticələrini xatırlasınlar. Hər iki halda Makronun İrəvana dəstəyi yalnız bəlağətli bəyanatlarla yekunlaşmışdı...
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Ermənistanın müdafiə qabiliyyətini Qərb texnologiyası ilə artırmaq çabaları Rusiya və postsovet məkanından qazanılan pullar hesabına reallaşdırılır. Şübhə yoxdur ki, tarixi bağlara rəğmən Hindistan da silah hədiyyəsi ilə məşğul deyil. İrəvan Yeni Dehlidən hərbi ləvazimatlar alan ilk və hələ ki, son alıcıdır.
Qiymətli daşlar silaha necə çevrilir?
Ermənistanın bugünlərdə təsdiqlənmiş 2025-ci ilin dövlət büdcəsi 7,4 milyard dollar təşkil edir. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 11 faiz çoxdur. Müdafiə xərclərinə 1,71 milyard dolların sırf edilməsi planlaşdırılır. Büdcəni incələyərkən olduqca maraqlı detal diqqəti cəlb edir: ölkənin əsas maliyyə sənədinin tutumu 7,4 milyard dollar olduğu halda, Ermənistan tək 2024-cü ildə Rusiyadan 6,2 milyard dollarlıq 111 ton qızıl alıb. 2022-23-cü illərdə bu rəqəmlər müvafiq olaraq 5 milyard dollar və 89 ton olub. Bu qədər qızılın Ermənistanın nəyinə lazım olması sualının özü absurd səslənir. İqtisadi bataqlıqda olan bir dövlətin əlində-ovcunda olan imkanını xaricdən qızıl almağa yönəltməsi nonsens olardı.
Bu fakt fonunda Ermənistanla Rusiya arasındakı ticarət dövrüyyəsinin az qala iki dəfə artım nümayiş etdirib, 15 milyarda çatması ciddi araşdırma mövzusudur. Ermənistanın “Hetq” saytı və “İnsayder”in araşdırmasına görə, Rusiyadan alınan, sonra isə əsas etibarilə Birləşmiş Ərəb Əmirliklərinə ötürülən qızıl ticarətinin arxasında Ermənistanın həyatına təsir və nüfuz etmək iqtidarında olan ciddi fiqurlar durur.
2022-ci ilin iyununda ABŞ Rusiyanın qızıl ixracı əməliyyatlarına embarqo tətbiq edib. Vaşinqtonda hesab edirlər ki, qızıl Rusiyanın qeyri-enerji eksport potensialının əsasını təşkil edir. Bundan sonra rus qızılı istisnasız olaraq Avrasiya iqtisadi məkanı üzərindən ixrac edilir ki, burada Ermənistanın şəksiz liderliyi hökm sürür. “İrəvan zərgərlik fabriki” Rusiyanın 30-a yaxın şirkətindən qızıl və daş-qaş alır. Bu müəssisə Paşinyana yaxınlığı ilə seçilən iş adamı və deputat Xaçatur Sukiasyanın ailəsinə məxsusdur. Fabriklə yanaşı, Ermənistanın “Araratbank” və “Konvers Bank” kimi maliyyə institutları da Rusiyadan eyni təmayüllü məhsul alışı ilə gündəmə düşüblər. Belə çıxır ki, Fransa Ermənistana ermənilərin Rusiyadan qazandıqları pulun müqabilində silah satır. Bu, kollektiv Qərbin təmsilçisinin Rusiya ilə dolayı yolla ticarət etməsi deyilmi? Xatırladaq ki, bu il Fransa rus qazından maksimal həcmdə yararlanan Avropa rekordçusudur.