EN

"Qərbi Azərbaycanlıların deportasiyası və vətəndaş cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib



Beynəlxalq Diaspor Mərkəzi (BDM), Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans zalında “Ermənistanın təcavüzü nəticəsində Qərbi Azərbaycanlıların deportasiyasının dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda mühüm bir tədbir təşkil etdi. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, öncə qonaqları səmimi salamlayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra iştirakçılar Azərbaycanın milli himnini birgə ifa edərək, ölkənin suverenliyinə və milli dəyərlərinə sadiqliklərini nümayiş etdirdilər. BDM sədri, tədbir iştirakçılarını Beynəlxalq Diaspor Mərkəzi tərəfindən Qərbi Azərbaycanla bağlı hazırlanan qısa metrajlı filmə baxmağa dəvət etdi.

Newscenter.az xəbər verir ki, İsmayıl Ağayev çıxışında tədbirin əsas məqsədini vurğuladı və ermənistanın illərlə davam edən təcavüzkar siyasətinin nəticəsində tarixi yurdlarından məhrum edilən soydaşlarımızın ədalətli səsinin beynəlxalq arenada eşidilməsini təmin etməyi, həmçinin vətəndaş cəmiyyətinin bu məsələdə oynadığı mühüm rolu müzakirə etməyin vacibliyini qeyd etdi. O, Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyətinin əsas məqsədinin tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın uzun illər davam edən təcavüzkar siyasətinin ifşa edilməsi və Qərbi Azərbaycanlıların deportasiyası ilə bağlı real faktların dünya səviyyəsində tanıdılması olduğunu vurğuladı. Ağayev, bu istiqamətdə vətəndaş cəmiyyətinin fəal rolunun və səylərinin gücləndirilməsinin zəruriliyini xüsusi olaraq diqqətə çatdıraraq, bu məqsədə çatmaq üçün daha geniş əməkdaşlıq və birgə fəaliyyətin vacibliyini bildirdi.

İsmayıl Ağayev daha sonra nitqində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasına gələrək dövlət qurumları və vətəndaş cəmiyyətləri qarşısında öz öhdəliklərini bəyan etdikdən sonra, yenidən formalaşmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHT-lər) bu mühüm məsələyə dair çox təsirli və məqsədyönlü addımlar atmağa başlayıb. Xüsusilə, QHT-lər və vətəndaş cəmiyyətinə Qərbi Azərbaycanla bağlı layihələrin həyata keçirilməsində göstərilən ciddi dəstək, bu sahədə atılan addımların yalnız strateji əhəmiyyətini deyil, həm də uzunmüddətli faydalarını nəzərə alaraq, ölkəmizin sosial inkişafına verdiyi böyük töhfədir. Agentliyin bu mövzudakı işləri, dövlətin vətəndaş cəmiyyətinə verdiyi yüksək önəmi və Qərbi Azərbaycanın gələcək inkişafına yönəlmiş dəstəyin bariz nümunəsidir.

Təşkilatımız adından Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə QHT-lərə və vətəndaş cəmiyyətinə verdiyi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Onların göstərdiyi bu möhtəşəm dəstək, layihələrimizin uğurla həyata keçirilməsində və cəmiyyətin inkişafında müstəsna rol oynayır.

BDM sədri İsmayıl Ağayev çıxışını tamamladıqdan sonra tədbirin məruzəçilərindən biri olan tanınmış alim və tədqiqatçı, “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi Nazir Əhmədliyə söz verdi. O, Nazir Əhmədlinin bu sahədəki dəyərli araşdırmalarını və tarixi həqiqətlərin üzə çıxarılmasında göstərdiyi misilsiz xidmətləri xüsusilə qeyd edərək, onun çıxışının mövzuya əlavə dərinlik qatacağını vurğuladı. Daha sonra Nazir Əhmədli tədbir iştirakçılarına öz tədqiqatlarının nəticələri və Şərur-Dərələyəz bölgəsinin tarixi gerçəklikləri ilə bağlı mühüm məlumatlar təqdim etdi. Nazir Əhmədli çıxışında qeyd etdi ki, “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabı bu qədim bölgənin zəngin tarixini və mədəni irsini daha dərindən öyrənmək məqsədilə hazırlanıb. O bildirdi:

“Bu əsərdə biz Şərur-Dərələyəz bölgəsinin tarixini, əhalisinin sosial-iqtisadi həyatını və mədəniyyətini detallı şəkildə tədqiq etmişik. Əsas məqsədimiz, bu torpaqlarda yaşayan soydaşlarımızın həyatına işıq salmaq və bu bölgənin tarixini gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır. Kamera təsviri metodundan istifadə edərək, həm arxiv materialları, həm də xalqın yaddaşında qalan faktları bir araya gətirməyə çalışmışıq.”
Əhmədli əlavə etdi: “Kitabda Ermənistanın işğalçı siyasətinin bu bölgənin tarixi və demoqrafik quruluşuna necə təsir göstərdiyini, o cümlədən Qərbi Azərbaycanlıların məruz qaldığı haqsızlıqları sənədlər və sübutlarla izah etmişik. Şərur-Dərələyəz bölgəsinin tarixi gerçəklikləri dünya ictimaiyyətinə çatdırılmalı və bu torpaqların əsil sahibləri unudulmamalıdır.”

Daha sonra İsmayıl Ağayev sözü “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadəyə verdi. İradə xanım çıxışında vətəndaş cəmiyyətinin daha fəal və təşəbbüskar olmasının vacibliyini vurğuladı. O, illərlə böyük zəhmət və çətinliklə topladığı İrəvan xanlığı ilə bağlı eksponatların əhəmiyyətindən danışaraq, bu tarixi irsin qorunması və dünya ictimaiyyətinə tanıdılması istiqamətində gördüyü işləri tədbir iştirakçıları ilə bölüşdü. İradə xanım həmçinin, İrəvan xanlığına həsr olunmuş sərgilərin təşkilinin bu sahədə maarifləndirmə və tarixi həqiqətlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Tədbirdə iştirak edənlər arasında Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma sədr müavini və iş adamı Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayev, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi dr. Ceyhun Ağayev, eləcə də Qərbi Azərbaycan İcmasının Sabunçu rayon üzrə nümayəndəliyinin sədri Ələmdar Nəbiyev, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin sədri Səfərov Xəqani müəllim də yer aldı. Onlar çıxışlarında qeyri-hökumət təşkilatlarının və diaspora nümayəndələrinin təşəbbüslərinin əhəmiyyətindən bəhs etdilər. Tədbirin əsas müzakirə mövzularından biri deportasiya nəticəsində məhv edilən tarixi abidələrin sənədləşdirilməsi və beynəlxalq aləmdə tanıdılması idi. Onlar çıxışlarda həmçinin Beynəlxalq Diaspor Mərkəzinin on beş ildən artıq bir müddətdə Qərbi Azərbaycandan deportasiya edilmiş 200 mindən artıq soydaşımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışdılar. Bununla yanaşı, həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən tədbirlərin bu məqsədə xidmət etdiyi xüsusi olaraq vurğulandılar.

İsmayıl Ağayev son olaraq tədbir iştirakçılarından Əbülfəz müəllimə, Ceyhunə Şirəliyeva, Vidadi bəyə, Rüxsarə xanıma və Zəkiyyə xanıma söz verdi. Onlar çıxışlarında ermənistanın təcavüzü nəticəsində Qərbi Azərbaycanlıların deportasiyasının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladılar. Hər biri, bu məsələnin beynəlxalq aləmdə geniş müzakirə olunmasının, tarixi həqiqətlərin düzgün şəkildə təqdim edilməsinin və deportasiya olunanların haqq səsinin eşidilməsinin zəruri olduğunu qeyd etdilər. Çıxışlarda həmçinin vətəndaş cəmiyyətinin bu istiqamətdəki fəaliyyətlərinin önəmi və rolu xüsusi olaraq qeyd olundu.

Tədbirin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdirdilər.

Süleyman
Chosen
5
1
newscenter.az

2Sources